“Şagird dərsi anladığını düşünür, amma məsələni həll edə bilməyəndə günahı öz intellektində axtarmağa başlayır”.
Bu sözləri AzEdu.az-a açıqlamasında “İlin gənc müəllimi” müsabiqəsinin qalibi, riyaziyyat müəllimi Natəvan Fərzəliyeva söyləyib.
O, həmçinin qeyd edib ki, dərsliklərin ən böyük qüsuru sadədən mürəkkəbə keçid balansının qorunmamasıdır:
“Dərsliklərdə bəzi mövzular var ki, onların təqdimatı şagirdi riyaziyyatdan soyudur. Şagirdlərə bu üç mövzuda xüsusilə haqq verirəm.
Triqonometrik çevirmələr mövzusunda dərsliklərdə onlarla düstur ard-arda verilir. Şagird bu düsturların məntiqini anlamaq əvəzinə, onları əzbərləməyə məcbur qalır. Bu isə riyaziyyatı düşüncə prosesindən çıxarıb “yaddaş testi”nə çevirir.
Loqarifmik funksiyalarda üstlü funksiyadan loqarifmə keçid dərsliklərdə çox kəskin təqdim olunur. Şagirdin bu yeni “riyazi dili” mənimsəməsi üçün lazımi vizual və məntiqi keçidlər kifayət qədər deyil.
Fəza həndəsəsi (stereometriya) isə 3D təfəkkür tələb edən mövzudur, lakin dərsliklərdə hələ də 2D (müstəvi) şəkillərlə izah edilir. Şagird fiquru gözündə canlandıra bilmir, biz isə ondan isbat tələb edirik.
Dərsliklərin ən böyük qüsuru sadədən mürəkkəbə keçid balansının qorunmamasıdır. Mövzu izahında ən sadə nümunələr göstərilir, lakin tapşırıqlar bölməsində birdən-birə olimpiada səviyyəli və ya həddindən artıq mürəkkəb quruluşlu suallar qarşıya çıxır. Bu “sıçrayış” şagirdin özünəinamını zədələyir. Şagird dərsi anladığını düşünür, amma məsələni həll edə bilməyəndə günahı öz intellektində axtarmağa başlayır”.
O bildirib ki, dərsliklərimizdəki məsələlərin çoxu müasir gəncliyin maraq dairəsindən uzaqdır:
“Hələ də "hovuz dolduran boru" və ya "yol gedən qatar" məsələləri üstünlük təşkil edir. Fikrimcə, törəməni sürət anlayışı ilə deyil, bir sosial media paylaşımının "viral" olma sürəti ilə, ehtimal nəzəriyyəsini isə süni intellektin qərarvermə mexanizmi ilə əlaqələndirərək təqdim etməliyik. Riyaziyyat "tozlu kitab səhifələrindən" çıxıb şagirdin cibindəki telefona daxil olmalıdır.
Müasir proqramlaşdırma və kütləvi hesablama dövründə bəzi mövzular artıq akademik yükə çevrilib. Mürəkkəb hesablamalı triqonometriya - süni şəkildə mürəkkəbləşdirilmiş triqonometrik tənliklər və eyniliklər ixtisara salınmalıdır. Həmçinin arxaik cəbr hesablamaları, məsələn, çoxhədlilərin uzun yolla bölünməsi və ya çoxrəqəmli irrasional ifadələrin əllə sadələşdirilməsi kimi mexaniki işlər azaldılmalıdır.
Əvəzinə daha çox statistika, data analizi və alqoritmik düşüncə tədris olunmalıdır. Şagird hesablama maşını deyil, nəticəni analiz etməyi bacaran fərd olmalıdır.
Nəticədə uşaqlara XXI əsrin texnologiyasını idarə etmək üçün XIX əsrin metodikası ilə riyaziyyat öyrətməyə çalışırıq. Dərsliklərdə "nəyi" öyrətməkdən daha çox, "necə" öyrətmək prinsipi dəyişməlidir".