Azedu.az

Dil artıq iqtisadi dəyər yaradan strateji resursa çevrilib

Müəllimlər və elm adamları

3 Mart 2026, 16:46
Dil artıq iqtisadi dəyər yaradan strateji resursa çevrilib

Azərbaycan Respublikasının prezidenti İlham Əliyev Azərbaycan dilinin inkişafı və qorunmasını dövlət siyasətinin prioritet istiqamətlərindən biri kimi müəyyən edib.

O, çıxışlarında Azərbaycan dilinin milli kimliyin əsas atributu, dövlət müstəqilliyinin mühüm sütunu və xalqın tarixi-mədəni yaddaşının daşıyıcısı olduğunu vurğulayıb.

Prezident Azərbaycan dilinin qloballaşma şəraitində qorunmasının və zənginləşdirilməsinin vacibliyini xüsusi olaraq qeyd etmiş, dövlət dilinin ictimai-siyasi, elmi və informasiya məkanında üstün mövqeyinin təmin edilməsinin zəruriliyini bildirib.

Bu sözləri AzEdu.az-a açıqlamasında Azərbaycan, Rusiya və Türkiyənin iqtisad elmləri doktoru, professor Zahid Məmmədov söyləyib.

Professor bildirib ki, müasir dövrdə dil yalnız ünsiyyət vasitəsi deyil, həm də iqtisadi dəyər yaradan strateji resursa çevrilib:

"Bu da öz növbəsində transformasiya bilik iqtisadiyyatının genişlənməsi ilə birbaşa bağlıdır. Əgər sənaye iqtisadiyyatında əsas kapital fiziki istehsal vasitələri idisə, bilik iqtisadiyyatında əsas kapital informasiya, ideya, yaradıcılıq və bu ideyaların ifadə olunduğu dildir. Bu baxımdan dil artıq mədəni fenomen olmaqla yanaşı, bazar münasibətlərinin iştirakçısına çevrilir və monetizasiya potensialı qazanır.

Dilin monetizasiyası dedikdə, dil vasitəsilə yaradılan bilik, kontent, təhsil xidməti və texnoloji həllərin iqtisadi gəlirə çevrilməsi prosesi nəzərdə tutulur. Rəqəmsal platformaların sürətli inkişafı bu prosesi sürətləndirərək dili auditoriya kapitalına, məlumat kapitalına və nəticə etibarilə maliyyə kapitalına çevirir. Sosial media, onlayn təhsil platformaları, elektron nəşrlər və süni intellekt texnologiyaları dilin iqtisadi funksiyasını daha görünən edib.

Dilin monetizasiyası prosesi bir neçə mərhələdən ibarət zəncir kimi izah edilə bilər: dil - bilik istehsalı - kontent - platforma - auditoriya - gəlir. Monetizasiya mexanizmlərinə təhsil xidmətləri, akademik nəşr və ekspert kontenti, media və rəqəmsal məhsullar, dil texnologiyaları, konsultasiya və bilik transferi daxildir.

Bu yanaşma göstərir ki, dil yalnız kommunikasiya aləti deyil, bilik bazarının infrastruktur elementidir. Ali təhsil sistemi dilin monetizasiyasının ən institusional formasıdır. Universitetlər tədris dili vasitəsilə qlobal tələbə bazarına çıxır, elmi nəşr dili vasitəsilə görünürlük qazanır və akademik kommunikasiya vasitəsilə innovasiya dövriyyəsinə daxil olur".

Tədris dili seçimi artıq akademik deyil, iqtisadi qərardır:

"Beynəlxalq proqramlar, hazırlıq fakültələri və dil mərkəzləri bir çox ölkələrdə universitetlərin gəlir strukturunun vacib hissəsinə çevrilib. Dil hazırlığı çox vaxt təhsil ixracının ilk mərhələsi kimi çıxış edir və tələbələrin uzunmüddətli akademik və peşəkar inteqrasiyasını təmin edir.

Bu kontekstdə universitetlər yalnız bilik istehsalçısı deyil, həm də dil əsaslı xidmət ixracatçısıdır. Dilin monetizasiyası qlobal dil miqrasiyası ilə sıx bağlıdır. Tarixən iqtisadi güc mərkəzləri dəyişdikcə dil axınları da dəyişib. İqtisadi yüksəliş yaşayan ölkələrin dilləri öyrənilən və dəyər yaradan resursa çevrilir.

Çin nümunəsi bu tendensiyanı aydın göstərir: istehsal və texnologiya mərkəzinə çevrilən ölkənin dili təhsil, biznes və tədqiqat üçün strateji seçimə çevrilib. Avropada Niderland, Almaniya və Skandinaviya ölkələri də innovasiya iqtisadiyyatı vasitəsilə dillərini peşəkar kapitala çevirir. Beləliklə, dil iqtisadi inkişafın indikatoruna çevrilir.

Azərbaycan dilinin monetizasiyası regional əməkdaşlıq, təhsil ixracı və rəqəmsal kontent vasitəsilə genişləndirilə bilər. Türk dünyası daxilində ortaq platformalar dil bazarının miqyasını artıraraq iqtisadi effekt yarada bilər. Əsas istiqamətlər: Azərbaycan dilində elmi kontentin artması, terminoloji standartların inkişafı, dil texnologiyası layihələri, regional təhsil platformaları və s. Bu istiqamətlər dilin həm mədəni, həm də iqtisadi rolunu gücləndirə bilər.

Müasir dövrdə dil siyasəti üç istiqamətdə qurulmalıdır: Təhsil və elmi kommunikasiya; Rəqəmsal kontent və kreativ sənayelər; Dil texnologiyası və məlumat infrastrukturu. Bu yanaşma dili dövlətin yumşaq güc alətindən iqtisadi strategiya elementinə çevirir.

Universitetlər, dövlət və texnologiya sektoru arasında koordinasiya olunmuş strategiya dilin monetizasiya potensialını artıraraq: təhsil ixracını genişləndirə, innovasiya ekosistemini gücləndirə və milli iqtisadiyyatın rəqabət qabiliyyətini artıra bilər. Beləliklə, dil yalnız kimlik deyil, gələcək iqtisadi inkişafın infrastrukturudur".

SON DƏQİQƏ! İranın yeni müdafiə naziri də ö*ldürüldü
Son xəbərlərDaha çox