Azedu.az

Nəşrdən cəmiyyətə: Elmin tam həyat dövrü necə formalaşır?

Müəllimlər və elm adamları

26 Fevral 2026, 16:37
Nəşrdən cəmiyyətə: Elmin tam həyat dövrü necə formalaşır?

"Müasir dövrdə elm yalnız bilik istehsalı prosesi deyil, həm də ölçülən fəaliyyətə çevrilmişdir. Statistik göstəricilər, indekslər, sitatlar və reytinqlər elmi həyatın yeni dilini formalaşdırır. Bu dil qlobaldır, müqayisə ediləndir və idarəetmə üçün əlverişlidir. Web of Science və Scopus kimi platformalar elmin görünürlüğünü artıraraq onu beynəlxalq dövriyyəyə daxil edir, universitetləri və tədqiqatçıları vahid qiymətləndirmə məkanına gətirir".

Bu fikri AzEdu.az-a açıqlamasında Azərbaycan, Rusiya və Türkiyənin iqtisad elmləri doktoru, professor  Zahid Məmmədov qeyd edib.

Z.Məmmədov bildirib ki, Azərbaycan elmi də bu ölçülmə dövrünə daxil olub:

"Nəşrlərin sayı artmış, beynəlxalq jurnallarda iştirak genişlənmiş, elmi fəaliyyət daha şəffaf və hesabatlı görünməyə başlayıb. Bu, şübhəsiz ki, institusional modernləşmənin vacib mərhələsidir. Görünmək mövcud olmağın şərtidir.

Bu kontekstdə Prezident İlham Əliyevin vurğuladığı kimi, elmin əsas dəyəri onun praktik nəticələrindədir. Elmi fəaliyyət yalnız akademik mətnlərlə məhdudlaşmamalı, iqtisadiyyatın və cəmiyyətin inkişafına real töhfə verməlidir. Bu yanaşma elm, dövlət və iqtisadiyyat arasında yüksək səviyyəli əlaqələndirmənin zəruriliyini önə çəkir.

Həqiqətən də, əgər elmi nəticə texnologiyaya, innovasiyaya, idarəetmə qərarlarına və sosial dəyişikliklərə çevrilmirsə, elm rəqəmlərdə böyüyə bilər, lakin reallıqda genişlənməz. Bu baxımdan elmi inkişafın əsas zənciri belə formalaşır: nəşr - bilik - texnologiya- siyasət -cəmiyyət.

Bu zəncir elmin tam həyat dövrünü ifadə edir və nəşri son nəticə deyil, başlanğıc mərhələsi kimi anlamağı tələb edir.

Elmi məqalə yeni ideyanın, metodun və ya nəticənin sənədləşdirilməsidir. Nəşr elmi nəticəni legitimləşdirir, onu qlobal dövriyyəyə daxil edir və digər tədqiqatlar üçün baza yaradır. Lakin nəşr hələ dəyişiklik deyil. Bu, biliyin qeydiyyatıdır.

Nəşr edilmiş nəticələr təkrarlandıqda, müqayisə edildikdə və nəzəri sistemə daxil olduqda bilik formalaşır. Bu mərhələdə elmi məktəblər yaranır, metodlar sabitləşir, problemlərin izah modelləri qurulur. Məlumat sistemləşmiş anlayışa çevrilir.

Bilik praktik həll yaratdıqda texnologiya mərhələsi başlayır. Bu, məhsul, alqoritm, proqram, istehsal üsulu və ya idarəetmə modeli ola bilər. Patentlər, startaplar və prototiplər bu mərhələnin əsas nəticələridir. Elm ilk dəfə iqtisadi dəyər qazanır.

Bilik və texnologiya qərarverməyə daxil olduqda elm idarəetmə resursuna çevrilir. Dövlət proqramlarının yenilənməsi, normativ sənədlərin dəyişməsi, sektor strategiyalarının formalaşması və sübut əsaslı qərar mexanizmlərinin qurulması bu mərhələnin göstəriciləridir. Bu, evidence-based policy mərhələsidir.

Son mərhələ elmin insan həyatına real təsiridir. Xidmət keyfiyyətinin artması, rifahın yüksəlməsi, təhlükəsizliyin güclənməsi, iqtisadi məhsuldarlığın artması və mədəni dəyişikliklər bu təsirin görünən formalarıdır. Bu mərhələdə elm abstrakt fəaliyyət deyil, ictimai institut kimi fəaliyyət göstərir.

Beləliklə, bu zəncir elmin inkişaf modelini müəyyən edir. Müasir universitetlərin və akademiyaların əsas vəzifəsi məqalə sayını artırmaq deyil, bu zənciri qurmaqdır. Çünki nəşr elmin başlanğıcıdır, təsir isə onun məqsədidir".

Televiziyalarda yeni dövr - Kimlər efirlərdən qovulacaq?
Son xəbərlərDaha çox