Azedu.az

Şagirdi olduğu məktəbdə indi müəllimdir: “Çox istəyirəm atamın məzarı olsun” - Xocalı ŞAHİDİ

Müəllimlər və elm adamları

26 Fevral 2026, 11:14
Şagirdi olduğu məktəbdə indi müəllimdir: “Çox istəyirəm atamın məzarı olsun” - Xocalı ŞAHİDİ

1992-ci ilin 25-dən 26-na keçən gecə Azərbaycanın tarixində silinməz iz qoydu. Xocalı adı təkcə bir şəhərin yox, həm də böyük bir faciənin, itkinin və eyni zamanda qürurun simvoluna çevrildi. Bu gün azad torpaqlarda yaşayan Xocalı sakinləri üçün keçmişlə bu gün arasında görünməz, amma çox dərin bir bağ var. Onların xatirələri həm ağrılı, həm də qürurvericidir.

AzEdu.az Xocalı sakini İmani Ruhiyyə Malik qızıyla həmsöhbət olub.

1976-cı ildə Xocalıda anadan olan Ruhiyyə müəllim Gəncə Dövlət Universitetinin ibtidai sinif müəllimliyi ixtisasını bitirib. Faciə baş verən zaman onun cəmi 14 yaşı var idi.

Bu gün isə o, doğma yurdunda - Xocalı 1 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi kimi çalışır. Atası Xocalı faciəsində qəhrəmancasına həlak olub. Bir zamanlar özünün şagird olduğu məktəbdə indi gələcək nəsillərə vətən sevgisini aşılayır. Ruhiyyə müəllim Xocalıya könüllü şəkildə ilk qayıdanlardan biridir.

Onunla söhbətimizdə həm Xocalı günlərini xatırladıq, həm də azad torpaqlarda yaşamağın yaratdığı qarışıq hisslərdən danışdıq.

Müsahibəni təqdim edirik:

Ruhiyyə müəllim, siz həm faciəni yeniyetmə yaşlarınızda yaşamış bir Xocalı sakini, həm şəhid övladı, həm də bu gün azad Xocalıda çalışan bir müəllimsiniz. İstərdim bizi o illərə - 1992-ci ilin fevral günlərinə aparasınız. Həmin gün 14 yaşlı bir qızın yaddaşında nələr qalıb?

- Atam müdafiə batalyonunda döyüşürdü. Hava yolu açıq olan vaxtdan iki ay əvvəl bizi Xocalıdan çıxarmışdı. Lakin atam, anam və digər doğmalarımız orada qaldı. Həm atam, həm də babam şəhid oldu.

Hadisə baş verən gün Bərdədə xalamgildə idik. Mən, bacım və qardaşım. İki bacı, bir qardaş olmuşuq. 1988-ci ildən yaddaşımda qalan əsas səslər güllə və mərmi səsləridir. Bir də atamın təlaşlı səsi… (qəhərlənir) Ara-sıra gəlib deyərdi: “Mən postdayam, siz zirzəmiyə düşün”. Bu sözləri heç vaxt unuda bilmərəm. Yeniyetmə idim və o yaşda yaşanan heç nə yaddaşdan silinmir.

Xalamgildə olduğumuz vaxt xəbər gəldi ki, fevralın 25-dən 26-na keçən gecə ermənilər Xocalıya hücum ediblər. Mən, bacım və qardaşım 12 gün nə atamızdan, nə də anamızdan xəbər ala bildik. Evin böyüyü mən idim. Onları başıma yığıb 12 gün ata-ana yolu gözlədik. Meşədən tapılan sonuncu insan mənim anam oldu…

Anamı Ağdam məscidinə gətirdilər. Sağ idi, amma, onu tanımaq mümkün deyildi. O zaman bildik ki, atamız döyüşdə qəhrəmancasına həlak olub. 34 il keçməsinə baxmayaraq, atamın nəşi hələ də tapılmayıb. O günləri çox ağır xatırlayıram. Hər il bu tarix yaxınlaşanda sanki həmin ağrıları yenidən yaşayıram.

Anam meşədə baş verən dəhşətli hadisələr barədə illər sonra danışmağa başladı. Əvvəllər susurdu.

Atam anamgilin olduğu ərazidən bir qədər yuxarıda döyüşürmüş. Yaralanandan sonra anam üç gün meşədə onun yanında qalıb. Atam şəhid olduqdan sonra isə anamı oradan zorla uzaqlaşdırıblar. Anam deyirdi: “Oturub gözləyirdim ki, bizə kömək gəlsin…” Sanki o gün yer ilə göy insanların ah-naləsi, fəryadı ilə birləşmişdi. (susur)

Anam 12 gün meşədə gizlənə-gizlənə yaşayıb. Ermənilərə əsir düşməmək üçün yalnız gecələr hərəkət edirmişlər. O çığırtıların içində “Ay Allah, məni öldür” deyənlər də var idi… Çox güman, gördükləri işgəncələr o qədər ağır idi ki, insanlar özlərinə ölüm arzulayırdılar.

- Həmin günlərdə evin böyüyü kimi bacı və qardaşlarınıza dayaq olmaq məcburiyyətində qalmışdınız. 14 yaşlı bir yeniyetmə üçün bu, çox ağır məsuliyyət idi. O günlər sizdə hansı hissləri yaratdı?

- Əslində içimdə həm qorxu, həm ümidsizlik, həm də çaşqınlıq var idi. Bəli, qorxurdum. Çünki valideynlərimizin sağ olub-olmadığını bilmirdim. Hər keçən gün ümid bir az da azalırdı. Amma bütün bunlarla yanaşı, içimdə qəribə bir güc də yaranmışdı. Sanki taleyim məni ayaqda qalmağa məcbur edirdi. Mən artıq təkcə övlad deyildim - həm bacı idim, həm də dayaq.

O 12 gün mənə öyrətdi ki, insan ən çətin anda belə özündə güc tapa bilir. Bəzən o gücün varlığından əvvəlcədən xəbərsiz olursan. Mən də o vaxt nə qədər dözümlü ola biləcəyimi bilmirdim. Həyat məni ağır sınağa çəkdi və güclü olmağa məcbur etdi. O gücün içində isə həm qorxu vardı, həm də böyük bir məsuliyyət hissi yaşayırdı.

Anam həmin günlərlə bağlı bir başqa dəhşətli hadisəni də bizə danışıb.

- Buyurun.

- Gəlib elə bir əraziyə çatmışdılar ki, orada quyu var imiş. Həmin vaxt beş nəfər olublar və hər biri quyuya daxil olub. Ərazidə canavar varmış və insan qoxusunu aldığı üçün düşünürlər ki, gəlib onları yeyə bilər. Xalam o an yalvarıb ki, canavar onlara hücum etməsin. Anam isə deyib: “Sən niyə Allaha yalvarırsan? Qoy elə gəlib bizi canavar yesin, təki ermənilərə əsir düşməyək". Sizi təsəvvür edin, yırtıcı heyvanı belə ermənilərdən yaxşı bilirdilər.

Oğul vətən üçün yetişər. Biz bilirdik ki, atam döyüşür və Ulu Öndər Heydər Əliyev tərəfindən igidliyinə görə medalla təltif edilib. Anam 3 ay xəstəxanada qaldı və ayaq barmaqları kəsildi. Həmin təltifnamə şəxsən anamın özünə təqdim edilib.

Anamın elə bir yaş dövrüdür ki, ömrə vəfa yoxdur. Hazırda anamı, məni və bizi ən çox narahat edən atamın şəhid olması yox, nəşinin tapılmamasıdır. Atamı ziyarət edə biləcəyim bir məzar yoxdur...

Anam artıq vəsiyyət etməyə başlayıb: “Mən həmin günü görə bilmərəm, amma siz atanızın nəşini tapın”. Ona görə də biz səbrlə hər birimiz o günü gözləyirik.

- Xocalı faciəsinin ağrısını yaşayan digər ailələrə baxanda, öz yaşadığınız ağrını necə müqayisə edirsiniz?

178384

- Şəhidlərin dəfn olunduğu məzarlıqları tez-tez ziyarət edirik. Bir məqamı özümdə yeni-yeni hiss etmişəm ki, artıq başqasının məzarını qısqanıram. Bu vaxta qədər həmin hissə ad qoya bilmirdim, amma indi başa düşürəm ki, bu qısqanclıq hissi imiş.

Elə bir Xocalı ailəsi yoxdur ki, orada bu yaradan payı olmasın. İnsan bəzən şəhid sayına görə başqalarına baxıb özünə təskinlik tapırmış. Məsələn, mən deyirdim ki, mənim atam şəhid olub, bir başqası isə həm atasını, həm anasını, həm də qardaşını itirib. Ona baxıb az da olsa özümə təsəlli tapırdım. Hər birimiz bu torpağın yolunu gözləmişik. Amma elə adamlar da var idi ki, artıq ümidlərini itirmişdilər.

Lakin şəhid verənlərin ümidi hər zaman daha çox olur.

Xocalıya gedərkən şəhərə daxil olanda yol kənarındakı “Xocalı” plakatını gördüm. İlk oxuduğum anda elə hiss etdim ki, bu sözü ilk dəfə görürəm. Hisslərim qarışıq idi. Biranlıq öz-özümə dedim: “Xocalı, Xocalı… Xocalı haradır?” və dərhal düşünməyə başladım.

Bilirsiniz, insan bir ümidlə yaşayır, gözləyir, amma bir anda elə vəziyyətə düşür ki, mən buna şok hissi deyərdim. Həm inanmaq istəyirsən, həm də inanmaq gəlmir.

O an mənə “Xocalı” sözü sanki yeni bir söz kimi gəldi. Başqa insanlarla da bu barədə danışıram və onların təəssüratları tamamilə fərqlidir.

- Torpaqlarımız işğaldan azad edildikdən sonra ilk dəfə Xocalıya qayıdarkən içinizdə hansı hisslər hökm sürürdü. Sevinc, yoxsa itkilərin ağırlığı? Ananızın illər sonra doğma yurduna dönüşü necə keçdi?

178386(Foto Xocalıda dağılmış evlərinin həyətində çəkilib)

- İlk dəfə torpağa addım qoyanda dərhal evimizin yerinə baxdım. Evimizin yalnız divarları salamat qalmışdı. Bir anlıq gözümün önündə evimizin necə dağıldığı canlandı. Atamın o evdə nə qədər əziyyət çəkdiyini düşünmək ağır gəlirdi.

Xocalı azad olunduqdan bir neçə ay sonra portal vasitəsilə icazə alıb getdik. Anam həmin vaxt gələ bilmədi, çünki o gücü özündə hiss etmədi. Hətta hadisə baş verən meşəyə baxmağa belə qadir deyildi.

Ən böyük təskinliyimiz odur ki, torpaqlarımız işğaldan azad edildi. Amma bircə nisgilliyimiz atamın nəşinin hələ də tapılmamasıdır.

Hazırda Xocalıda yaşayırıq və evlə təmin olunmuşuq. Çıxıb bayırda gəzdikdə mənə elə gəlir ki, üstümüzdən 34 il keçməyib. Əgər itkilərimiz olmasaydı, bəlkə elə bilərdim ki, Xocalıdan heç çıxmamışam.

- Bu gün azad Xocalıda yaşayırsınız. Küçələrdə gəzdikcə, doğma torpağın havasını udarkən 34 ilin həsrətini necə hiss edirsiniz? Azadlıq və itki hissi iç dünyanızda necə birləşir, bir-birinə necə təsir edir?

178383

- İlk növbədə onu deyim ki, bu hislər qarmaqarışıqdır: sevinc, kədər, həyəcan…

Mən eyni anda bir yerə baxıb ağlayıram, sonra başqa bir yerə baxıb uşaqlıq illərimdən yadımda qalan hansısa bir əhvalatı xatırlayıb ani anda gülə bilirəm. Əslində o qədər dərin bir hissdir ki, bəlkə 14-15 yaşımda bu qədər təsirli bir duyğu yaşamamışdım. Orada yaşadığım travmanı indi də hiss edirəm. Bununla bağlı əziyyət çəkdiyim vaxtlar olub, həkimə və psixoloqa belə müraciət etmişəm.

Onlar mənə sual veriblər: “Siz kiçik yaşınızda hər hansı travma yaşamısınız?” Həkimlər bunu dərhal aşkarlayırlar. Bəlkə də keçirdiyim ağır günlərin izi indi üzə çıxır.

Şəhidlərimizlə, torpağı alan oğullarla fəxr edirəm. Ən əsası isə atamla fəxr edirəm. Düşünürəm ki, bu torpaq uğrunda qürur hissi keçirməyə mənim də haqqım var.

- Xocalının işğaldan azad edildiyini ilk dəfə eşidəndə nə hislər keçirdiniz?

178387

- Bu xəbəri aldığımız zaman hamımız biri-birimizə göz aydınlığı verirdik. Şəhid ailələrinə qarşı çox həssas davranırdıq, çünki bilmirdik ki, həmin an nə desək, onların dərdini yüngülləşdirə bilərik. Amma bütün bunlara baxmayaraq, hamımız biri-birimizə təsəlli verdik.

Anam ilk dəfə Xocalıya doğru gələndə çox təsirləndi. Deyirdi: “Bir də baxdım ki, Xocalıya çatmışıq, amma necə tez çatdığımızı hiss etmədim”. Bəli, o an gözəl hisslər yaşadıq. Amma Xocalı nisgili ilə yaşayan, torpağı görməyə arzu edənlərin çoxu bunu görə bilmədi. Onlardan biri mənim bibim, əmim idi.

Torpağımız azad olunduqda və biz geri döndükdə elə hiss yaranırdı ki, sanki atam da qayıtmışdı, sanki o, yenidən yanımızdadır.

- Siz həm də bir vaxtlar şagirdi olduğunuz məktəbin müəllimisiniz...

178385

- Məktəbdə ilk dərs günü şagirdlərimlə tanış olurdum, amma nə onlar məni, nə də mən onları yaxşı tanıyırdım. İçlərində hərbçi övladları da vardı və onların qarşısında dərs keçmək ikiqat məsuliyyət tələb edirdi. Bu şagirdlərin valideynləri antiterror əməliyyatlarının iştirakçıları idilər, onlarla əlaqə saxlayıb məlumat aldım.

Öncə uşaqların gözlərinin içinə baxdım və bir anda gözlərimdən yaş axmağa başladı. Bir neçə uşağın da ağladığını gördüm. Sual verdim: “Niyə ağlayırsınız?” Dedilər: “Müəllim, siz ağlayırsınız, ona görə bizim də gözlərimiz dolur".

Daha sonra şagirdlərimə vətənin nə demək olduğunu, torpağın nə qədər müqəddəs olduğunu öyrətməyə başladım. Onlara Xocalı ilə bağlı da danışdım. Dedim ki, bunları siz qorxasın deyə demirəm, sadəcə qarşısınızda hadisənin canlı şahidi olan bir müəllim dayanıb. Əgər mən o günləri yaşayıb torpağımı sevmişəmsə, deməli vətənə olan sevgi hissi heç vaxt azalmamalıdır.

Çünki şəhidlərimizin hər biri bu torpaqda yatır.

- Şagirdlərinizə keçmişi unutmamağın və azadlığın qədrini bilməyin önəmini necə çatdırırsınız?

- Belə bir deyim var: “Keçmişini unudanın gələcəyi olmaz". Mən şagirdlərimə də deyirəm ki, keçmişinizi unutmayın. Amma qazanılmış azadlığın da qədrini bilin və mütləq onu əlinizdə saxlayın. 44 gün qısa bir müddətdir, amma düşünəndə ki, minlərlə şəhid vermişik və orada yaşananlar tarixə çevrilib, bu müddətin mənası daha aydın görünür. Hər bir şəhid haqqında bəlkə də 10 kitab yazıla bilər. 44 günlük Vətən müharibəsində azadlıq qazandıq, amma biz elə yaşamalıyıq ki, 144 il sonra da bu azadlıq əlimizdə qalsın.

Bu azadlığı qorumaq üçün yalnız fiziki qüvvə kifayət etmir; savadlı və ağıllı olmaq lazımdır. Prezidentimizin uzaqgörən siyasəti sayəsində bir güllə atılmadan belə torpaqlar işğaldan azad edildi. Bu günümüzə şükürlər olsun. Allah şəhidlərimizə rəhmət eləsin.

Efirlərdəki BİABIRÇILIQ YIĞIŞDIRILIR - Alimlərimiz iclasda yatdı
Son xəbərlərDaha çox