Azərbaycan Respublikası Təhsil İnstitutu (ARTİ) tərəfindən həyata keçirilən “Müasir metodik xidmətin təşkili” layihəsi təhsil sistemində metodik dəstəyin keyfiyyətini artırmaq, müəllimlərin peşəkar inkişafını gücləndirmək və məktəblərdə innovativ yanaşmaları genişləndirmək məqsədi daşıyır.
Layihə çərçivəsində seçilmiş metodistlər tədris prosesini təkmilləşdirir, müasir təlim metodlarını tətbiq edir, müəllimlərin ehtiyaclarını müəyyənləşdirir və onların inkişafına yönəlmiş fəaliyyətləri həyata keçirirlər.
AzEdu.az Təhsil Portalı “Müasir metodik xidmətin təşkili” layihəsi çərçivəsində ARTİ-nin aparıcı metodisti Könül Əliyeva ilə həmsöhbət olub. Biz onunla layihənin müəllimlər üçün necə bir dəstək olduğunu və metodistlərin məktəblərdəki rolunu öyrənmək məqsədilə söhbət etdik.
Qeyd edək ki, K.Əliyeva Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) ibtidai sinifdə tədrisin metodika və metodologiyası üzrə bakalavr və magistr təhsili alıb.
Pedaqoji fəaliyyətə Sabunçu rayonu 295 nömrəli məktəbdə başlayıb. 2010 cu ildə Elm və Təhsil Nazirliyinin müəllimlərin işə qəbulu imtahanından uğurla keçərək Sabunçu rayonu 113 nömrəli məktəbdə ibtidai sinif müəllimi kimi işə başlayıb. 2015-ci ildən bu günə qədər Bakı şəhəri Sabunçu rayonu 75 nömrəli məktəbin ibtidai sinif müəllimi kimi çalışır. Eyni zamanda Azərbaycan Respublikası Təhsil İnstitutunun Müasir metodik xidməti təşkili üzrə 2023-cü ildən Bakı şəhəri 75 nömrəli məktəbin məktəb daxili metodisti kimi çalışır. 2025-ci ilin sentyabr ayından Azərbaycan Respublikası Təhsil İnstitutunun aparıcı metodisti kimi fəaliyyət göstərir.2022-ci ildə " Müasir müəllim Tədrisdə tədqiqata- Nazarbayev məktəblər sistemi" Qazaxıstanda keçirilən beynəlxalq təlimin iştirakçısı olub.
2022-ci ildə Müəllimlərın sertifikasiyalaşdırılması imtahanınd a iştirak edərək 57 bal toplayaraq uğur əldə edib.2025-ci ildə İnnovativ Məktəb layihəsi-İsraildə baş tutan Məktəbdə Liderlik adlı beynəlxalq təlimin iştirakçısı olib.2022-ci ildə Elm və Təhsil Nazirliyi və Azərbaycan Dövlət Pedaqoji Universitetinin Strateji İnkişaf Mərkəzinin Məktəb liderliyi ll Çağırışının Diplom ilə təltif olunmuş məzunudur. 2025-ci ildə Təhsildə İnkişaf və İnnovasiyalar üzrə lX qrant müsabiqəsinin qalibidir. 2019-cu ildən isə İTE Əlavə Texnologiyalar Tədris mərkəzində müxtəlif layihələr üzrə təlimçisi kimi fəaliyyət göstərir.
Könül müəllim bildirib ki, müasir metodistin əsas vəzifəsi məktəbdə müəllimlərin ən böyük peşəkar dəstəkçisi olmaqdır:

"Əgər əvvəlki modeldə metodist daha çox nəzarətedici və qiymətləndirici rolunda çıxış edirdisə, bu gün metodist müəllimin inkişaf ehtiyaclarını müəyyənləşdirən, ona fərdi yanaşan və onu davamlı inkişafa yönəldən şəxsdir. Metodist müəllimlə mütəmadi metodik görüşlər keçirir, dərs müşahidələri aparır, birbaşa dəstək göstərir. Burada əsas məqsəd müəllimə müsbət təsir göstərməkdir. Müəllimə göstərilən düzgün metodik dəstək isə avtomatik olaraq sinifdə şagird nəticələrinə yaxşı təsir edir".
Bu gün metodist fəaliyyətinin prioriteti qiymətləndirmə deyil, inkişafdır:
"Metodist fəaliyyəti tam şəffaf və qarşılıqlı razılaşma prinsipi əsasında qurulur. Burada hər hansı təzyiqdən söhbət gedə bilməz. Metodist olmaq üçün müəyyən şərtlər var və bu şərtlər əvvəlcədən bəllidir. Əsas məsələ münasibətin düzgün qurulmasıdır. Metodist müəllim üçün nəzarətçi deyil, dəstəkçi kimi qəbul olunmalıdır. Konfidensiallıq qorunur və metodistlə müəllim arasında qurulan iş prosesi yalnız onların peşəkar inkişafına xidmət edir.

Bizim fəaliyyətimiz sistemli monitorinq və fərdi dəstək üzərində qurulub. Hər metodistin fəaliyyəti portal üzərindən izlənilir, dərs müşahidələri aparılır və rəyvermə prosesi təhlil edilir. “Bir gün metodistlə” modeli tətbiq olunur. Həmin gün metodistin bütün fəaliyyəti yaxından izlənilir, onun keçirdiyi metodik görüşlərdə iştirak edilir, dərs müşahidəsi və rəyvermə prosesi müşahidə olunur. Məqsəd müdaxilə etmək deyil, inkişaf ehtiyaclarını müəyyənləşdirməkdir".
Əsas çətinliklər yeni metod və qiymətləndirmə meyarlarının sistemli tətbiqi ilə bağlıdır:
"Bəzi hallarda dərslər hələ də müəllimyönümlü qurulur. Biz çalışırıq ki, dərs prosesinin mərkəzində şagird dayansın. Layihə əsaslı təlim, differensial tapşırıqlar, interaktiv metodların tətbiqi istiqamətində inkişaf ehtiyacı qalmaqdadır. Müəllimlər çalışırlar, lakin bəzən sistemlilik və məqsədyönlülük çatışmır.
Qiymətləndirmə meyarlarının düzgün qurulması və tətbiqi, differensial tapşırıqların hazırlanması, layihə əsaslı dərslərin təşkili, şagird-şagird və şagird-müəllim qarşılıqlı öyrənmə mühitinin qurulması, daha sistemli və məqsədyönlü dərs planlaşdırılması və s. əsas ehtiyaclar hesab edilə bilər.

2023-cü ildən etibarən metodik xidmət tətbiq olunan məktəblərdə real dəyişiklik müşahidə olunur. Müəllimlərdə metodik yanaşmada canlanma, yeniliklərə açıq münasibət və peşəkar dinamika formalaşıb. Layihənin uğurunun əsas səbəbi metodistlə müəllim arasında qurulan etimad münasibətidir. Müəllim metodisti nəzarətçi deyil, yolgöstərən kimi qəbul edir.
Müəllimlərin dərsə yanaşmasında, dərsin planlamasında, yeni metodik yanaşmaların dərslərdə tətbiqi, daha məqsədəuyğun dərsin təşkili müşahidə edilir.
Gələcəkdə layihə çərçivəsində davamlı təlim və seminarlar, vebinarlar və simulyasiya proqramları, rəqabət və motivasiya layihələri, fərdi inkişaf planları daha da genişləndirilə bilər. Əsas məqsəd metodistin də, müəllimin də davamlı inkişafını təmin etmək və nəticədə şagird nailiyyətlərini yüksəltməkdir".