Ölkəmizdə 21 fevral - Beynəlxalq Ana Dili Günü kimi qeyd olunur.
Son zamanlarda Azərbaycan dili ilə bağlı müzakirələr, təklif və iradlar tez-tez gündəmə gəlir.
Bəs hazırda Azərbaycan dilinin üzləşdiyi əsas təhlükələr nələrdir? Sosial şəbəkələrdə formalaşan ünsiyyət tərzi ədəbi dil normalarına nə dərəcədə təsir göstərir? Ümumiyyətlə, rəqəmsal mühitdə dilimizin qorunması və inkişafı üçün hansı addımlar daha effektiv ola bilər?
AzEdu.az mövzu ilə bağlı Filoloji Araşdırmalar və Dil Monitorinqi Mərkəzinin sədri, dilçi Vasif Sadıqlı ilə həmsöhbət olub.
Müsahibimiz qeyd edib ki, orta məktəblərdə dövlət dilinin tədrisi səviyyəsinin qənaətbəxş olmadığını düşünür:
“Son onilliklərdə qloballaşma ilə bağlı təhdidlər durmadan artmaqdadır. Hazırda böyük güclərin, xüsusən texnologiya, biznes və populyar mədəniyyət vasitəsilə milli mədəniyyət və dillərə təsiri artır. Bu, bir çox dillərin sıradan çıxması və yalnız məişət səviyyəsində işlənilməsi ilə nəticələnə bilər. Hazırda dilimizin məhv olmaq təhlükəsi ilə üz-üzə olduğunu deyə bilmərik. Amma Azərbaycan dili tam təhlükəsiz zonada da deyil: indiki vəziyyəti daha çox “təzyiq altında inkişaf” adlandırmaq olar.
Azərbaycan dili tarixən siyasi, inzibati və mədəni təzyiqlərlə üzləşib: ərəb elmi mühitinin təsiri, saraylarda, diplomatiyada fars dilinin nüfuzu ciddi amillər idi. Bundan başqa, nəzm - əruz vəznində poeziyanın dəbdə olması ərəb və fars sözlərinin bədii üsluba axın etməsi ilə nəticələnirdi. İndi təhdidlər daha çox Qərb istiqamətindən gəlir və onlar yetərincə ciddidir. Əgər müvafiq tədbirlər görülməsə, dilimiz funksional daralma təhlükəsi ilə üz-üzə qala bilər. Elmi-texniki tərəqqi ilə bağlı hər il minlərlə (orta hesabla 6 minə yaxın) yeni termin yaranır. Əgər onları transliterasiya etməklə kifayətlənsək və vaxtında onların qarşılığını tapıb işləkliyini təmin etməsək, elm və texnologiya sahəsində, xüsusən İT, biznes və marketinq mühitində çox vaxt qarışıq dil formasının çiçəklənməsi faktı ilə barışmalı olacağıq".
Dil üçün ən böyük təhlükə əcnəbi dillərdən söz alınması deyil, dilin öz sözünü yaratmaq refleksinin itirilməsidir:
“Hazırda yeni terminlərin qarşılığının tapılıb ictimaiyyətə təqdim edilməsi və işləkliyinin təmin edilməsi prosesi ləng gedir. Səbəb isə, həmişə vurğuladığımız kimi, ölkədə ədəbi dilin zənginləşməsi prosesinin bu sahədə ictimai əsaslarla işləyən şəxslərin ümidinə buraxılmasıdır. Bu işi tənzimləyən ayrıca bir quruma ehtiyac var. Təbii ki, milli dil resurslarından istifadə etməklə bütün terminlərin öz dilimizdə qarşılığını yarada bilmərik. Amma nəyəsə nail ola bilərik. Dil üçün ən böyük təhlükə əcnəbi dillərdən söz alınması deyil, dilin öz sözünü yaratmaq refleksinin itirilməsidir.
Orta məktəblərdə dövlət dilinin tədrisi səviyyəsinin qənaətbəxş olmadığını düşünürəm. Yazı işlərinə ayrılan vaxt azaldılır, nəticədə yazılı nitq vərdişləri ciddi şəkildə pisləşir. Şifahi nitq qabiliyyətinin inkişafı isə “əzbərçiliklə mübarizə” adlı siyasətin qurbanı olub. Ümumi şəkildə götürsək, bunlar vahid bir siyasətin ayrı-ayrı struktur vahidləri kimi görünür".
Məktəb milli məfkurəyə, mədəniyyətə bağlı, ana dilini sevən vətəndaşlar yetişdirməlidir:
“Amma təhsil sektoruna əmək bazarı üçün kadr yetişdirən müəssisə kimi baxılarsa, bunun çox böyük fəsadları olacaq. Çünki dil təkcə ünsiyyət vasitəsi deyil, məşhur etnoloq, filosof Klod Levi-Strosun çox sərrast ifadə etdiyi kimi, o, “…həm mədəniyyətin məhsulu, həm onun vacib tərkib hissəsi, həm də mədəniyyətin mövcudluğunun şərtidir. Dil hətta mədəniyyətin yaşamasının spesifik üsulu, mədəni kodların formalaşması faktorudur”.
Əgər dil internetdə güclüdürsə, onun gələcəyinə nikbin yanaşmaq olar. Əgər zəifdirsə, zaman keçdikcə funksiyalarını itirə bilər. Buna görə də dilimizi rəqəmsal mühitdə aktiv və rəqabətqabiliyyətli etmək əsas məqsəd olmalıdır. Əgər insan istədiyi məlumatı öz dilində tapa bilirsə, başqa dilə keçmək məcburiyyətində qalmır. Bu, dilin qorunmasının ən təbii və effektiv yoludur".