Azedu.az

Dilimiz və ədəbiyyatımız beynəlxalq aləmdə görünmür - maneələr AÇIQLANDI

Müəllimlər və elm adamları

20 Fevral 2026, 12:15
Dilimiz və ədəbiyyatımız beynəlxalq aləmdə görünmür - maneələr AÇIQLANDI

Ötən günlərdə Yazıçı Çingiz Abdullayev Azərbaycan ədəbiyyatının və dilinin təbliği sahəsində maliyyə çatışmazlığından narahatlığını ifadə edib. Bu məsələ yalnız maddi resurslarla bağlı deyil, həm də ədəbiyyatın beynəlxalq səviyyədə sistemli şəkildə tanıdılması və peşəkar tərcüməçi institutlarının formalaşdırılması zərurətini gündəmə gətirir.

Azərbaycanda milli-mədəni irsin qorunması və dilin dünyada təbliği yalnız uzunmüddətli, dayanıqlı və elmi əsaslara söykənən proqramlarla mümkündür.

Mövzu ilə bağlı AzEdu.az-a açıqlama verən Milli Məclisin Elm və Təhsil Komitəsinin üzvü, deputat Elnarə Akimova bildirib ki, Çingiz Abdullayevin səsləndirdiyi narahatlıq mədəniyyətin təbliği sahəsində maliyyə və institusional davamlılığın zəruriliyini kəskin formada gündəmə gətirir:

177983

"Bu müzakirə yanvar ayında təsdiqlənmiş  “Azərbaycan Mədəniyyəti- 2040” Azərbaycan Respublikasının Mədəniyyət Konsepsiyası ilə səsləşir. Həmin konsepsiya Azərbaycanın milli-mədəni irsinin qorunması ilə onun beynəlxalq məkanda sistemli təşviqini vahid dövlət siyasəti çərçivəsində birləşdirərək ədəbiyyatın və dilin qlobal dövriyyəyə çıxarılmasını strateji prioritet kimi müəyyən edir. Sənəddə ədəbi irsin prioritet dillərə planlı tərcüməsi, beynəlxalq nəşriyyatlarla tərəfdaşlıq mexanizmlərinin genişləndirilməsi, müəllif hüquqlarının müdafiəsi, rəqəmsal yayım infrastrukturunun gücləndirilməsi və mədəniyyət məhsullarının xarici bazarlarda təşviqi üçün marketinq alətlərinin tətbiqi kimi konkret həll yolları göstərilir; bununla da ədəbiyyatın tanıdılması epizodik təşəbbüslərdən çıxarılaraq uzunmüddətli, ölçülə bilən və maliyyə baxımından dayanıqlı proqramlara bağlanır.

Mövcud mexanizmlərin effektivliyi məhz bu konseptual çərçivənin praktik icrasından sabit maliyyə axınlarının təmin olunmasından, peşəkar tərcümə və ədəbi agentlik institutlarının formalaşdırılmasından, diaspor və mədəni diplomatiya kanalları ilə koordinasiyanın gücləndirilməsindən, eləcə də nəticələrin konkret göstəricilər əsasında qiymətləndirilməsindən asılıdır.

Parlament səviyyəsində məqsədəuyğun addımlar isə mədəniyyət siyasətinin bu yeni məntiqini hüquqi və fiskal alətlərlə möhkəmləndirməyə yönəlməlidir: çoxillik tərcümə fondunun yaradılması, beynəlxalq nəşr layihələrinə vergi və qrant stimullarının tətbiqi, rəqəmsal yayım və müəllif hüquqları sahəsində normativ bazanın təkmilləşdirilməsi, peşəkar tərcüməçi hazırlığı üçün dövlət sifarişi və mədəniyyət layihələrinin şəffaf maliyyələşmə mexanizmlərinin qanunvericiliklə təsbiti.

Bu yanaşma ədəbiyyatın və dilin təbliğini təsadüfi təşəbbüsdən çıxarıb strateji dövlət vəzifəsinə çevirir, milli-mənəvi dəyərlərin qorunması ilə onların dünyaya açılması arasında davamlı tarazlıq yaradır və mədəni suverenliyin möhkəmlənməsinə real zəmin formalaşdırır".

Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunun Monitorinq və Linqvistik Təhlil Şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor Sevinc Əliyeva qeyd edib ki, Azərbaycan dili və ədəbiyyatının beynəlxalq səviyyədə təbliği məsələsində əsas problem təkcə maliyyə çatışmazlığı deyil, eyni zamanda sistemli və dolğun elmi-metodik bazanın yetərincə formalaşmamasıdır:

177982

"Dil və ədəbiyyatın xaricdə tanıdılması üçün ilk növbədə zəngin, elmi cəhətdən əsaslandırılmış və metodiki baxımdan düzgün qurulmuş dərsliklərə ehtiyac var. Xüsusilə xaricdə yaşayan azərbaycanlı ailələrin övladları və Azərbaycan dilini xarici dil kimi öyrənənlər üçün nəzərdə tutulmuş vəsaitlər kifayət qədər deyil. Azərbaycan dili 50 milyondan artıq insanın ana dilidir. Bu reallıq Azərbaycan dilinin beynəlxalq müstəvidə daha geniş təqdim olunmasını zəruri edir. Lakin xaricdə fəaliyyət göstərən həftəsonu məktəblərinin və diaspor ailələrinin ehtiyaclarına uyğun mükəmməl dərsliklərin sayı məhduddur.

Düşünürəm ki, bu sahədə sistemli iş aparılmalı, həm dərslik bazası zənginləşdirilməli, həm də həftəsonu məktəblərinin fəaliyyəti gücləndirilməlidir. Çünki xarici ölkələrdə dominant dil mühitində böyüyən uşaqlar üçün ana dilinin qorunması əlavə mexanizmlər tələb edir. Azərbaycan dilinin tədrisi iki fərqli istiqamətdə aparılır: biri ölkə daxilində filoloji və jurnalistika fakültələrində ana dili kimi tədris, digəri isə xaricdə yaşayan azərbaycanlılar və əcnəbilər üçün Azərbaycan dilinin xarici dil kimi öyrədilməsidir. Bu iki istiqamətin metodikası və dərslik sistemi tamamilə fərqlidir və müəlliflər bu fərqi nəzərə almalıdırlar.

Bu kontekstdə o, "Azərbaycan dili" platforması layihəsini uğurlu təşəbbüs kimi qiymətləndirir. Layihənin ideya müəllifi və rəhbəri Alena Əliyevadır. Platforma Azərbaycan dilinin müxtəlif səviyyələr üzrə bilik və bacarıqlarının qiymətləndirilməsi baxımından mühüm rol oynayır və dilin tətbiq sahələrinin genişlənməsinə töhfə verir. Klassik və orta əsrlər ədəbiyyatı, eləcə də XX əsrin 70–90-cı illər ədəbi mühiti ilə müqayisədə bugünkü ədəbiyyat daha çox tərcümə üslubunu xatırladır. Onun fikrincə, klassik yazı ənənəsindəki sadəlik və anlaşıqlılıq oxucu ilə müəllif arasında daha möhkəm bağ yaradırdı. Bu gün isə ifadə formalarının mürəkkəbləşməsi geniş oxucu auditoriyasının azalmasına səbəb olur.

Ədəbi əsərlərin xarici dillərə tərcüməsi məsələsinə gəlincə, professor əsas problemi peşəkar tərcüməçi qıtlığında görür. Maliyyə və nəşr bazarına çıxış məsələləri də önəmlidir, lakin ən vacib amil yüksək səviyyəli dil biliklərinə malik, həm tərcümə olunan, həm də tərcümə edilən dili dərindən mənimsəmiş mütəxəssislərin azlığıdır.Azərbaycan dili aqqlütinativ quruluşa malikdir və sintaktik konstruksiyaları, söz sırası, frazeoloji birləşmələri bir çox dillərdən fərqlənir. Tərcüməçi bu xüsusiyyətləri nəzərə almadan uğurlu nəticə əldə edə bilməz. Xüsusilə frazeologizmlərin, milli ifadə vasitələrinin və leksik zənginliyin qorunması bədii tərcümədə əsas şərtlərdən biridir".

Professor dublyaj sahəsində də oxşar problemlərin mövcud olduğunu vurğulayıb:

"Keyfiyyətsiz tərcümə və uyğunlaşdırma tamaşaçı auditoriyasının azalmasına, nəticədə isə mədəni məhsulların təsir gücünün zəifləməsinə səbəb olur.Müsbət nümunə kimi o, yazıçı Çingiz Abdullayevin əsərlərinin beynəlxalq uğurunu göstərir və bildirir ki, burada həm müəllif məsuliyyəti, həm də peşəkar tərcümə faktoru mühüm rol oynayır. Azərbaycan dili bütün hiss və düşüncələri ifadə etmək imkanına malik zəngin bir dildir. Əsas məsələ bu zənginliyi peşəkar şəkildə təqdim etmək, tərcümə etmək və beynəlxalq müstəvidə sistemli şəkildə tanıtmaqdır. Peşəkarlıq isə həm müəllifdən, həm tərcüməçidən, həm də nəşriyyat və mədəniyyət institutlarından məsuliyyət tələb edir".

Prezidentin qaldığı hotelə hücum - Təxribat cəhdi
Son xəbərlərDaha çox