Azedu.az

Məktəb mühitində bullinq problemi və təhlükəsiz təhsil hüququ

Müəllimlər və elm adamları

7 Fevral 2026, 16:37
Məktəb mühitində bullinq problemi və təhlükəsiz təhsil hüququ

Məktəb uşaqların özünü təhlükəsiz hiss etməli olduğu yerdir. Təəssüf ki, bəzən məktəblərdə şagirdin şagirdə qarşı etdiyi zorakılıq- yəni bullinq- uşaqların psixologiyasına ciddi zərbə vurur.

Bullinq yalnız döymək deyil. Davamlı lağ etmək, təhqir etmək, təcrid etmək, qorxutmaq, sosial mediada alçaltmaq da zorakılığın formalarıdır. Bu davranışlar uşağın özünə inamını sarsıdır, məktəbə getmək qorxusu yaradır və gələcək həyatına belə təsir edə bilir.

Heç bir uşaq sakit olduğu, fərqli olduğu və ya dərsdə çətinlik çəkdiyi üçün hədəf seçilməməlidir. Fərqli olmaq günah deyil. Əksinə, məktəb uşaqlara bir-birini qəbul etməyi, dəstək olmağı və hörmət göstərməyi öyrətməlidir. Bullinqə susmaq problemi həll etmir, onu böyüdür. Hər bir valideynin, müəllimin və şagirdin vəzifəsi zorakılığa qarşı birlikdə dayanmaqdır.

Çünki hər uşaq məktəbə qorxmadan, sevinərək getməyə layiqdir

Məktəb uşaqların yalnız bilik aldığı yer deyil. Məktəb eyni zamanda onların şəxsiyyət kimi formalaşdığı, sosial münasibətləri öyrəndiyi, özünə inam qazandığı və gələcək həyatının təməlini qurduğu mühüm bir mühitdir. Buna görə də məktəbdə təhlükəsiz və sağlam psixoloji mühitin olması hər bir uşaq üçün həyati əhəmiyyət daşıyır. Təəssüf ki, bu mühit bəzən şagirdlər arasında baş verən bullinq halları ilə zədələnir.

Bullinq nədir? 

Bullinq bir və ya bir neçə şagirdin digər şagirdi davamlı şəkildə qəsdən incitməsi, alçaltması, qorxutması və ya təcrid etməsidir. Bu zorakılıq fiziki, verbal, psixoloji və ya sosial formada ola bilər.

Bullinq yalnız döyməkdən ibarət deyil. Bullinq aşağıdakı formalarda özünü göstərə bilər: Döymək, itələmək, əşyaları qəsdən zədələmək, lağ etmək, təhqir etmək, alçaldıcı ləqəblər qoymaq, şagirdi qrupdan kənarlaşdırmaq, dostluqdan məhrum etmək, şayiə yaymaq, sosial şəbəkələrdə alçaltmaq və ya təhqir etmək, davamlı qorxutmaq və təzyiq göstərmək.Əsas fərq ondadır ki, bullinq tək-tək baş verən mübahisə deyil, davamlı və məqsədli şəkildə bir uşağın hədəf seçilməsidir.

Bullinq hansı zərərlərə yol aça bilər? 

Bullinqin təsiri bəzən illərlə davam edə bilir. Bu vəziyyət uşaqlarda özünə inamın itməsi,qorxu və narahatlıq,depressiya,dərsə marağın azalması,məktəbə getməkdən imtina,sosial təcrid,aqressiv davranışların artması,gələcəkdə ünsiyyət və adaptasiya problemləri kimi ciddi nəticələr yarada bilər.Bəzi hallarda bullinq uşaqlarda dərin psixoloji travmalar yaradır və onların gələcək həyatına mənfi təsir göstərir.

Bullinq edən kim olur? 

Bullinq edən uşaqlar müxtəlif səbəblərdən belə davranış sərgiləyə bilirlər. Diqqət çəkmək istəyi,ailədə aqressiv mühit,öz gücünü göstərmək ehtiyacı,empatiya hissinin zəif inkişaf etməsi,öz güvənsizliyini başqalarını sıxışdırmaqla gizlətmək cəhdi. Çox vaxt bullinq edən uşaqların özlərinin də psixoloji dəstəyə ehtiyacı olur.

Bullinqə məruz qalan kimlər olur?

Bullinq hər bir uşağın başına gələ bilər. Lakin adətən hədəf seçilən uşaqlar:sakit və utancaq olan,fiziki olaraq zəif görünən,sinifdə az dostu olan,fərqli görünüşə və ya xüsusiyyətlərə sahib olan, dərslərində çətinlik çəkən,yeni məktəbə və ya sinfə gələn uşaqlar olur.Amma unutmaq olmaz ki, fərqli olmaq heç vaxt zorakılığa səbəb ola bilməz.

Təhsil almaq hüququ və bullinqin yanlışlığı 

Azərbaycan Respublikası Konstitusiyasının 42-ci maddəsinə əsasən, hər bir vətəndaşın təhsil almaq hüququ vardır və dövlət bu hüququ təmin etməlidir. Təhsil almaq hüququ yalnız məktəbə getmək deyil, həm də təhlükəsiz və sağlam mühitdə təhsil almaq deməkdir.

Əgər uşaq qorxu, təzyiq və zorakılıq səbəbindən məktəbə getmək istəmirsə, bu artıq onun konstitusion hüququnun pozulması deməkdir. Bullinq uşağın həm təhsil alma hüququna, həm də təhlükəsiz mühitdə inkişaf etmə hüququna ziddir.Bullinqin qarşısı necə alınmalıdır?Bullinqin qarşısını almaq yalnız valideynin və ya tək bir müəllimin işi deyil. Bu, bütün məktəb mühitinin birgə məsuliyyətidir.

Bunun üçün şagirdlərə bir-birinə hörmət etməyi öyrətmək, məktəbdə zorakılığa qarşı sıfır tolerantlıq mühiti yaratmaq,müəllimlərin bullinq hallarına vaxtında müdaxilə etməsi, psixoloji dəstək xidmətlərinin gücləndirilməsi, valideyn və məktəb əməkdaşlığının artırılması,şagirdlərin problemlərini rahat ifadə edə bilməsi üçün təhlükəsiz mühit yaratmaq vacibdir.

Müəllimin və məktəb rəhbərliyinin rolu 

Məktəbdə ən əsas vəzifələrdən biri uşaqlar üçün təhlükəsiz mühit yaratmaqdır. Müəllim və məktəb rəhbərliyi yalnız dərs keçmək deyil, eyni zamanda uşaqları qorumaq məsuliyyəti daşıyır.Bullinq baş verdikdə problemi kiçiltmək, zorakılığa bəraət qazandırmaq,günahı zərərçəkənin üzərinə atmaq problemi daha da dərinləşdirir.

Əksinə, hər bir məktəb rəhbərliyi və müəllim bullinqin qarşısını almaq üçün aktiv rol oynamalıdır. Heç bir uşaq məktəbə qorxu ilə getməməlidir. Hər bir şagird təhlükəsiz, hörmət edilən və qorunan mühitdə təhsil almağa layiqdir. Bullinqə susmaq problemi həll etmir, əksinə onu böyüdür. Bu gün susduğumuz hər bullinq, sabah başqa bir uşağın göz yaşına çevrilə bilər.

İlahə Hüseynova

Gəncə şəhər Səməd Vurğun adına 41 nömrəli təbiət və humanitar fənlər təmayüllü liseyin direktor müavini, "Örnək müəllim".

Putinin generalı G*ÜLLƏLƏNDİ - Rusiyada ara qarışır
Son xəbərlərDaha çox