Ötən gün İdrak liseyində baş verən şokedici hadisədən sonra bir çox müəllim sosial şəbəkələrdə statuslar paylaşaraq, bir müəllim kimi yaşadıqları duyğuları və narahatlıqlarını ifadə ediblər. Onlar hadisənin həm şəxsi, həm də peşəkar baxımdan təsirini vurğulayaraq, məktəblərdə təhlükəsizlik məsələlərinin, müəllimlərin peşəkar qorunmasının və məktəb mühitinin sağlamlığının nə qədər vacib olduğunu bir daha gündəmə gətiriblər.
AzEdu.az mövzu ilə bağlı “İlin gənc müəllim”lərin fikirlərini öyrənib.
İbtidai sinif müəllimi, “İlin gənc müəllimi - 2024” müsabiqəsinin qalibi Təranə Nuriyeva qeyd edib ki, dünən İdrak liseyində baş verən hadisə müəllimlərin sosial şəbəkədə paylaşdığı reaksiyalarda açıq şəkildə öz əksini tapdı:

“Onlar yalnız emosional reaksiya verməmiş, hər paylaşımında hadisənin səbəblərinə, məktəb mühitinə və təhsil sisteminin struktur problemlərinə toxunmuşlar.Birinci vacib məqam hadisəyə birtərəfli yanaşmaya etirazdır. Müəllimlər qeyd edirlər ki, hadisəyə yalnız qınama və ittihamla yanaşmaq doğru deyil. Kök səbəblər araşdırılmalı, ailə və məktəb mühiti, uşaqların psixoloji vəziyyəti və öyrətmə-öyrənmə sistemi nəzərdən keçirilməlidir. Bu, müəllimlərin hadisəni yalnız emosional deyil, həm də sistematik perspektivdən qiymətləndirdiklərini göstərir.
İkinci aspekt təhsil idarələrinin formal nümayişlərinə tənqiddir. Müəllimlər qeyd edirlər ki, hadisə baş verən kimi keçirilən iclaslar, şəkil çəkdirmələr yalnız görüntü üçündür və real təhlükəsizlik və intizam problemlərini həll etmir. Bu paylaşım müəllimlərin təhsil idarələrinə qarşı narazılığını, həmçinin peşəkar baxışlarını əks etdirir.
Üçüncü vurğu məktəbdə nizam-intizamın fundamental səbəblərinə yönəlib. Şagirdlərin dərsdə öyrənmək istəməməsi, alternativ məşğuliyyətlərin olmaması, özünütəsdiq üçün şiddət və günahkar axtarışı kimi mərhələlər müəllimlərin paylaşımında detallı şəkildə göstərilib. Bu, hadisənin yalnız konkret insident olmadığını, illərlə yığılan struktur problemlərin nəticəsi olduğunu açıq şəkildə nümayiş etdirir”.
Dördüncü aspekt müəllim nüfuzunun qorunmamasıdır
“Paylaşımlarda vurğulanır ki, müəllimin səsi eşidilmədikdə, söz demək haqqı əlindən alındıqda və günahı onun üzərinə atıldıqda, nəticələr qaçılmaz olur.
Müəllimlər bu mesajla ictimaiyyətə xəbərdarlıq edir ki, müəllimlərin nüfuzu qorunmasa, təhsil sistemi və gələcək nəsil təhlükədədir.
Beşinci analiz nöqtəsi uşaqların oyun, film və sosial şəbəkə təsirləridir. Müəllimlər bildirirlər ki, uşaqların izlədikləri məzmun onların xarakter və davranışına ciddi təsir göstərir. Zorakılıq və şiddətə əsaslanan oyunlar onların psixologiyasını məhv edir və zamanla davranışlarını formalaşdırır.
Altıncı detal təhlükəsizlik tədbirlərinin yetərsizliyidir. Liseyin mühafizəsinə baxmayaraq, şagirdin ov tüfəngini çantasında gətirməsi müəllimlər tərəfindən ciddi narahatlıq doğurur. Bu paylaşım göstərir ki, müəllimlər yalnız emosional deyil, həm də praktik məsələlərə diqqət çəkirlər: məktəb təhlükəsizliyi, nəzarət mexanizmləri və profilaktik tədbirlər vacibdir.
Yeddinci aspekt susmamaq çağırışıdır. Müəllimlər vurğulayırlar ki, danışmaq, yazmaq və hərəkət etmək lazımdır; susmaq yalnız vəziyyəti ağırlaşdırır. Bu, müəllimlərin həm şəxsi, həm də peşəkar vətəndaşlıq mövqeyini göstərir və həmkarlarını birləşməyə çağırır.
Qısaca desək, müəllimlərin paylaşımları hər biri fərqli aspekti önə çıxarır: sistem problemi, idarəçilik boşluqları, müəllim nüfuzu, uşaqların psixoloji inkişafı, məktəb təhlükəsizliyi və susmamağın əhəmiyyəti. Bütün bunlar birlikdə hadisənin həm şəxsi, həm peşəkar, həm də cəmiyyətə təsirini bütünlüklə ortaya qoyur.
Bu hadisə yalnız İdrak liseyinə aid məsələ deyil; bu, bütün təhsil sistemi üçün ciddi xəbərdarlıqdır. Müəllimlərin paylaşımları göstərir ki, onlar yalnız peşəkar narahatlıq keçirmirlər, həm də gələcək nəsil və cəmiyyət üçün məsuliyyət daşıyırlar. Mən düşünürəm ki, bu hadisədən dərs çıxarılmalı, müəllimlərin nüfuzu qorunmalı, məktəblərdə təhlükəsizlik və psixoloji dəstək tədbirləri gücləndirilməlidir. Susmaq olmaz; danışmalıyıq, təklif etməli və hərəkət etməliyik. Müəllimi qoruyaq ki, gələcəyimiz təhlükədə olmasın”.
Füzuli rayonu Qarabağ kənd tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi, “İlin gənc müəllimi - 2024” müsabiqəsinin qalibi Əlihüseyn Yaqubov bildirib ki, cəmiyyət və müəllimlər tərəfindən hadisəyə bu qədər güclü reaksiyanın verilməsi tamamilə təbiidir:
“Çünki biz indiyədək bu cür faciəli hadisələrin daha çox xarici ölkələrdə, xüsusilə ABŞ kimi ölkələrdə baş verdiyini eşidirdik. Silahlı hücumlar və digər ağır hadisələr barədə məlumatımız vardı, lakin hər zaman düşünürdük ki, belə hallar bizim ölkə üçün xarakterik deyil.
Məhz bu baxımdan, Azərbaycanda belə bir hadisənin baş verməsi ciddi təəssüf doğurur. Müəllimlərin həmkarlarına dəstək göstərməsi, eyni zamanda baş verənlərdən narahatlıq keçirməsi tam başadüşüləndir. Burada əsas məsələ ondan ibarətdir ki, hüquq-mühafizə orqanları bu hadisəyə hansı hüquqi qiyməti verəcək. Çünki mövcud situasiya çox ciddi mesajlar ötürür.
Əgər bu hadisəyə yumşaq yanaşılarsa və ciddi cəza tədbirləri görülməzsə, bu cür halların gələcəkdə təkrarlanması riski arta bilər. Bu isə həm milli dəyərlərimizə, həm də cəmiyyətin ümumi mənəvi mühitinə yad olan bir vəziyyətdir”.
Təhsil alan şəxsin təhsil verənə qarşı bu cür zorakı hərəkət törətməsi bütövlükdə cəmiyyət üçün faciədir
“Cinayət hər bir halda cinayətdir. Lakin onun məhz Azərbaycan reallığında və təhsil mühitində baş verməsi daha çox narahatlıq yaradır. Bu kontekstdə məktəbdə sosial-psixoloji xidmətin hansı səviyyədə olduğu, aidiyyəti qurumlarla əlaqələrin necə qurulduğu da ciddi suallar doğurur.
Müəllimlər arasında aparılan müzakirələrdə əsas sual budur: bu cür hadisənin baş verməsinə hansı amillər zəmin yaradıb? Bəzən xırda görünən problemlərə vaxtında müdaxilə edilmədikdə, onlar tədricən böyüyərək ağır nəticələrə gətirib çıxara bilir. Bu hadisə bir daha sübut etdi ki, orta məktəblərdə təhlükəsizlik məsələlərinə yenidən və ciddi şəkildə baxılmalıdır.
Xüsusilə məktəblərin mühafizəsi, sosial-psixoloji xidmətin gücləndirilməsi, eləcə də şagird–müəllim–valideyn münasibətlərinin sağlam əsaslar üzərində qurulması vacibdir. Əks halda, bu kimi hadisələrlə yenidən üzləşə bilərik və bu zaman müəllimlərin reaksiyası daha sərt olacaq.
Bu gün müəllimlər cəmiyyətin böyük yükünü öz üzərlərində daşıyırlar və onların narahatlığını, verdikləri reaksiyanı tamamilə təbii qarşılamaq lazımdır. Onlar yalnız peşəkar deyil, həm də şəxsi təhlükəsizlikləri ilə bağlı narahatlıq keçirirlər. Heç kim bilmir ki, sabah bu cür hadisə kimin başına gələ bilər.Bu baxımdan məsələ son dərəcə ciddidir və verilən ictimai reaksiyalar da tamamilə təbii və əsaslıdır”.
Bakı şəhəri, Xətai rayonu 17 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi,”İlin gənc müəllimi-2023” müsabiqəsinin qalibi, Elmira Ağayeva vurğulayıb ki, bu hadisə bir müəllim üçün çox ağırdır:

“Ona görə də bu mövzuda dayanmadan paylaşımlar olunur. Məktəb hörmətin qorunduğu yerdir. Müəllimə qarşı zorakılıq nə normal, nə də izaholunandır. Müəllimin nüfuzu sarsıldıqda, təhsilin özü zədələnir.
Müəllim qorxu ilə dərs deməməlidir. Onun sözü dəyərsizləşəndə tərbiyə prosesi dayanır. Şagird müəlliminə güvənərək böyüməlidir.Bu hadisə bizə açıq şəkildə göstərir ki, müəllimə hörmət mövzusu yenidən və ciddi şəkildə gündəmə gətirilməlidir”.
E. Məmmədov adına İsmayıllı şəhər 3 nömrəli məktəb liseyin tarix müəllimi, “İlin gənc müəllimi - 2024” müsabiqəsinin qalibi Rəşadət Abdulov qeyd edib ki, bu cür hadisə Azərbaycan məktəb mühiti üçün qətiyyən arzuolunan deyil və hər birimizi dərindən sarsıdır:

“Şəxsən tanıdığım yüzlərlə müəllim var ki, məktəblə bağlı belə xəbərləri eşidəndə ciddi mənəvi böhran yaşayır. Bu, təkcə bir məktəbin və ya bir şəxsin problemi deyil. Bu, bütövlükdə cəmiyyət üçün ağır siqnaldır.
Baş verənlər onu göstərir ki, məktəblərdə təhlükəsizlik hələ də lazımi səviyyədə deyil. Doğrudur, bu istiqamətdə müəyyən addımlar atılıb, amma əgər bütün bunlara baxmayaraq hələ də məktəb mühitində neqativ hallar baş verirsə, deməli təhlükəsizliyin təmin olunması üçün görülən tədbirlər daha da gücləndirilməlidir”.
Xüsusilə mühafizəçilərin peşəkarlığının artırılması vacibdir
“Ən əsası isə mühafizəçi məktəb mühitində heç bir şəxslə həddindən artıq ünsiyyət qurmamalıdır. Çünki bəzən hədsiz səmimiyyət də ciddi təhlükəsizlik boşluqlarına yol aça bilir.
Sözügedən liseylə bağlı yayılan video görüntülərə baxdıqda görünür ki, təhlükəsizlik müəyyən mənada pis təşkil olunmayıb. Lakin mühafizəçinin işinə bir qədər laqeyd yanaşması da açıq-aydın sezilir. Bu səbəbdən məsələyə yalnız fərdi deyil, kompleks yanaşmaq lazımdır.
Mühafizəçilər üçün mütəmadi peşəkar təlimlər keçirilməli, onların məsuliyyəti və diqqəti daim yüksək səviyyədə saxlanmalıdır.Digər tərəfdən, cəmiyyətdə bu kimi hadisələrə bəzən ikibaşlı münasibət müşahidə olunur. Məktəblə birbaşa əlaqəsi olmayan bəzi insanlar “detektiv” roluna girərək, hadisənin mahiyyətini araşdırmadan, haqsız yerə müəllimi günahlandırmağa çalışırlar.
Halbuki bu gün məktəblərimizdə kifayət qədər müəllim var ki, şəxsi problemlərini, xəstəliklərini, həyat çətinliklərini bir kənara qoyub məktəbə sanki dünyanın ən xoşbəxt insanı kimi gəlir və şagirdləri üçün fədakarlıq göstərir. Belə müəllimləri mənəvi cəhətdən sarsıtmaq nə dərəcədə rəvadır?
Biz müəllimlər bu peşəni Həsən bəy Zərdabidən, Mirzə Ələkbər Sabirdən, Mirzə Cəlildən miras almışıq. Yolumuz çətindir, məsuliyyətimiz ağırdır, amma bu yolun çətinliyi bizi əsla yolumuzdan döndərə bilməz”.