Ötən gün İdrak liseyində baş verən hadisə cəmiyyətdə ciddi narahatlıq və məyusluq yaradıb. Hadisə bir daha məktəblərdə təhlükəsizlik, psixoloji mühit və pedaqoji balans məsələlərini gündəmə gətirib. İctimai müzakirələrdə səslənən fikirlərdən biri də ümumtəhsil müəssisələrində kişi müəllimlərin sayının az olması və bunun şagird davranışlarına mümkün təsiri ilə bağlıdır.
Məktəblərdə kişi müəllimlərin sayı atırılmalıdırmı?
Mövzu ilə bağlı AzEdu.az-a açıqlama verən Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü Günay Əkbərova qeyd edib ki, məktəblərdə kişi müəllimlərin sayının artırılması vacib və faydalı ola bilər. Amma burada əsas məsələ “kişi müəllim olsun, nizam-intizam artsın” kimi sadələşdirilmiş yanaşma deyil, balanslı və sağlam pedaqoji mühitin qurulmasıdır:

"Dünya təcrübəsinə baxanda görürük ki, bir çox inkişaf etmiş ölkələrdə xüsusilə Finlandiya, Norveç, Kanada, Böyük Britaniya kimi təhsil sistemlərində məktəbdə gender balansı məqsədli şəkildə dəstəklənir. Çünki məktəb təkcə bilik verilən yer deyil, həm də sosial davranışların formalaşdığı, xarakterin yetişdiyi bir mühitdir. Şagirdlərin həm qadın müəllimdən mərhəmət, empatiya və qayğı görməsi, həm də kişi müəllimdən məsuliyyət, sərhəd və liderlik modeli alması çox vacibdir.
Xüsusilə yeniyetmə yaşlarında oğlan şagirdlər üçün kişi müəllimlərin olması motivasiya baxımından təsirli olur. Onlar bəzən kişi müəllimi “rol modeli” kimi görür, onun davranışını, ünsiyyət tərzini, qərar vermə formasını təqlid edirlər. Bu da məktəbdə sağlam münasibətlərin, qarşılıqlı hörmətin və məsuliyyət hissinin formalaşmasına müsbət təsir edir.Amma bir məsələni də açıq deməliyik. Nizam-intizamın açarı yalnız kişi müəllim deyil. Əsas olan məktəbdə güclü idarəetmə, peşəkar psixoloji xidmət, müəllimlərin kommunikasiya bacarığı və valideyn-məktəb əməkdaşlığıdır. Kişi müəllim sadəcə bu sistemin vacib tamamlayıcı hissəsidir.
Ona görə də mənim mövqeyim belədir ki, məktəblərdə kişi müəllimlərin sayının artırılması müsbət addımdır, lakin bu, paralel şəkildə müəllim nüfuzunun yüksəldilməsi, maaş və sosial təminatın yaxşılaşdırılması, pedaqoji hazırlığın gücləndirilməsi ilə birlikdə aparılmalıdır. Yalnız bu halda məktəbdə həm nizam, həm də sağlam psixoloji mühit real şəkildə formalaşa bilər".