AMEA-nın Arxeologiya və Antropologiya İnstitutu tərəfindən Azərbaycanın müxtəlif bölgələrində, o cümlədən işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı arxeoloji tədqiqatlar aparılır.
AzEdu.az xəbər verir ki, İnstitutun aparıcı elmi işçisi tarix üzrə fəlsəfə doktoru Azad Zeynalovun sözlərinə görə, 2025-ci ildə Xocavənd rayonunda yerləşən Tağlar mağarasında aparılmış tədqiqatlar nəticəsində qədim insan qalığı aşkarlanıb: “İlk dəfə Azərbaycanda, yaşı 300 min ildən artıq olan, paleoantropoloji tapıntı, Azərbaycanda Qədim Daş dövrü (Paleolit) tədqiqatlarının banisi Məmmədəli Hüseynov tərəfindən Azıx mağarasında 1968-ci ildə aşkar olunub. Tağlar mağarasında aşkar olunmuş qədim insan qalığı Azərbaycanda ikinci tapıntıdır. Tapıntı hazırda Yaponiyada təhlil edilir. Yaşı təxminən 80 min il olan qədim insana aid qalığın təhlili başa çatdıqdan sonra onun dünya miqyasında təqdimatı keçiriləcək”.
Azad Zeynalov əlavə edib ki, ümumiyyətlə, 2025-ci ildə Tağlar mağarasında aparılan tədqiqatlar nəticəsində qədim insanların bir qisminin Azıx və Tağlar mağaralarında məskən salması, yaşadığı müddət, onların hansı insan növünə/növlərinə aid olduqları haqqında mövcud olan fərziyyələr ciddi düzəlişlərə məruz qalacaq.(mənbə AZƏRTAC)