Bu gün bir sıra universitetlərdə differensial əməkhaqqı sistemi tətbiq olunur. Bununla yanaşı, ali təhsil müəssisələrinin əksəriyyətində hələ də standart əməkhaqqı modeli qüvvədədir.
Maraqlıdır, bu sistem müəllimlər arasında sağlam rəqabətin formalaşmasına nə dərəcədə təsir göstərir? Differensial əməkhaqqı müəllim-professor heyətinin fəaliyyətinə necə təsir edir? Standart və differensial əməkhaqqı sistemlərinin müsbət və mənfi tərəfləri hansılardır?
AzEdu.az bu suallara cavab tapmaq üçün təhsil tədqiqatçısı Rasim Həsənzadə ilə həmsöhbət olub.
O bildirib ki, bu yanaşma xüsusilə Azərbaycan universitetləri üçün aktual və vacibdir:
“Differensial əməkhaqqı sistemi eyni vəzifədə çalışan professor-müəllim heyətinin hamısına eyni səviyyədə maaş verilməsi yanaşmasından fərqli olaraq, onların fərdi fəaliyyət nəticələrinə əsaslanan ödəniş modelidir. Bu sistemdə müəllimin əməkhaqqısı yalnız dərs yükü ilə deyil, elmi fəaliyyəti, tədqiqat nəticələri, beynəlxalq və yerli nəşrləri, istinad göstəriciləri, beynəlxalq və yerli layihələrdə iştirakı, pedaqoji keyfiyyəti və peşəkar inkişaf fəaliyyəti kimi meyarlar əsasında formalaşır.
Bu yanaşma xüsusilə Azərbaycan universitetləri üçün vacibdir. Çünki uzun illər ali təhsil sistemimizdə standart əməkhaqqı modeli üstünlük təşkil edib və bu model yüksək nəticə göstərən müəllimlə minimal fəaliyyət göstərən müəllim arasında real fərq yaratmayıb. Nəticədə elmi fəaliyyətə maraq zəifləyib, beynəlxalq nəşrlərdə iştirak məhdudlaşıb və müəllim əməyinin keyfiyyət göstəriciləri lazımi səviyyədə stimullaşdırılmayıb.
Differensial əməkhaqqı sistemi məhz bu boşluğu aradan qaldırmağa yönəlib. Müəllim öz fəaliyyətinin nəticəsinin birbaşa maddi qarşılığını gördükdə, tədqiqata, beynəlxalq elmi bazalarda təmsil olunmağa, müxtəlif donorlardan layihələr cəlb etməyə və akademik nüfuzunu artırmağa daha çox səy göstərir. Bu isə təkcə müəllimin deyil, bütövlükdə universitetin elmi göstəricilərinin yüksəlməsinə xidmət edir”.
Azərbaycan universitetlərinin beynəlxalq reytinqlərdə mövqeyinin zəif olmasının əsas səbəblərindən biri də elmi məhsuldarlığın yetərincə stimullaşdırılmamasıdır:
“Differensial əməkhaqqı modeli universitetləri qlobal akademik mühitə inteqrasiya edən mühüm alətlərdən biridir. Bu sistem vasitəsilə universitetlər yalnız tədrislə məşğul olan deyil, eyni zamanda elmi tədqiqat aparan, beynəlxalq əməkdaşlıqlarda iştirak edən akademik kadrları təşviq edə bilirlər.
Eyni zamanda qeyd etmək lazımdır ki, differensial əməkhaqqı sistemi standart əməkhaqqını tam əvəz etməməlidir. Azərbaycan reallığında optimal model sabit əsas maaşın saxlanılması və onun üzərinə şəffaf, ölçülə bilən və ədalətli meyarlar əsasında differensial əlavələrin tətbiq edilməsidir. Bu yanaşma bir tərəfdən müəllimlərin sosial təhlükəsizliyini qoruyur, digər tərəfdən isə nəticəyönümlü və məsuliyyətli akademik mühitin formalaşmasına şərait yaradır.
Nəticə etibarilə, differensial əməkhaqqı sistemi Azərbaycan universitetləri üçün sadəcə maliyyə mexanizmi deyil, ali təhsildə keyfiyyətin yüksəldilməsi, elmi fəaliyyətin canlandırılması və universitetlərin beynəlxalq rəqabət qabiliyyətinin artırılması baxımından strateji əhəmiyyət daşıyan bir yanaşmadır”.