Gənclər Günü təkcə bayram deyil, həm də gələcəyə baxış günüdür. Bu baxışı formalaşdıran əsas qüvvələrdən biri isə gənc müəllimlərdir.
AzEdu.az Gənclər Günü münasibətilə müxtəlif illərdə “İlin gənc müəllimi” müsabiqəsinin qalibi olmuş təhsilverənlərlə həmsöhbət olub.
“İlin gənc müəllimi” seçilmiş təhsil işçiləri bu əlamətdar gün münasibətilə gəncləri təbrik edib, onlara uğurlar arzulayıb, bilik və şəxsi inkişaf yolunda inamla irəliləməyin vacibliyini vurğulayıblar.
2024-cü ildə "İlin gənc müəllimi" müsabiqəsinin qalibi Təranə Nuriyeva gəncləri belə təbrik etdi:

"Bir gənc müəllim kimi, həm də bu yolu addım-addım keçmiş biri olaraq demək istəyirəm ki, özünüzü heç vaxt kiçik görməyin. Sizin fikriniz, sualınız və ideyanız dəyərlidir. Cəmiyyətin sizi hansı qəliblərə salmaq istəməsindən asılı olmayaraq, öz potensialınızı kəşf etməkdən çəkinməyin.
Bu gün gənclərdən ən çox gözlənilən “səhvsiz olmaq” deyil, öyrənməyə açıq olmaqdır. Səhv edin, amma dayanmayın. Uğur bir gecədə qazanılmır, lakin davamlı zəhmət mütləq nəticə verir. Bunu şəxsi təcrübəmdə dəfələrlə müşahidə etmişəm.
Kitabla dost olun, texnologiyadan qorxmayın, amma insani dəyərləri heç vaxt arxa plana keçirməyin. Savadsız cəsarət təhlükəlidir, cəsarətsiz savad isə yarımçıq qalır. Əsas məsələ bu ikisini düzgün balansda saxlamaqdır.
Unutmayın ki, bu ölkənin gələcəyi sizin düşüncə tərzinizdən, vicdanınızdan və məsuliyyət hissinizdən asılıdır. Özünüzə inanın, ölkənizə faydalı olmağı qarşıya məqsəd qoyun və harada olursunuzsa olun, Azərbaycan gənci olmağın məsuliyyətini daim daşıyın".
2023-cü ildə "İlin gənc müəllimi" adına layiq görülən Rəşad Hümbətov söyləyib ki, gənclərimiz özünü inkişaf etdirməkdən, daim öyrənməkdən və irəli getməkdən qətiyyən çəkinmirlər:

"Gənclər Günü münasibətilə bütün gənclərimizi – gələcəyin qurucularını və memarlarını səmimi-qəlbdən təbrik edirəm.
Azərbaycan gəncliyi, bəlkə də, tarixin ən sərt sınaqlarından və çətinliklərindən keçmiş bir nəsildir. Məhz buna görə də dözümlü, əzmkar və iradəlidir. Saysız-hesabsız zəfərlərə imza atmış, uğurlar, kəşflər və ixtiralarla tarix yazmış bu gənclik, düşünürəm ki, ən böyük alqışa layiqdir.
Bu gün də böyük arzuları olan, dəyişməkdən və inkişafdan qorxmayan, gələcəyini öz zəhməti ilə quran gənclərimiz var. Biz müəllimlər gənc nəsillə daha çox işlədiyimiz üçün bu əzmin, bu zəhmətin hər gün canlı şahidi oluruq.
Bugünkü Azərbaycan gəncliyi özünü inkişaf etdirməkdən, daim öyrənməkdən və irəli getməkdən qətiyyən çəkinmir. Onlar yüksək məqsədlər, ali ideallar uğrunda mübarizə aparır, xırda uğurlarla kifayətlənmirlər. Dünyanın harasında olursa-olsun, Azərbaycan gəncinin imzası görünür- istər elm, istər idman, istərsə də hərbi sahədə uğurlarımız davam edir. İnanıram ki, bundan sonra da gənclərimiz Azərbaycanın inkişafına və xalqımızın tərəqqisinə öz dəyərli töhfələrini verəcəklər.
Sonda bizi oxuyan gənc dostlarıma demək istəyirəm ki, həyatda bacara bilməyəcəyiniz heç nə yoxdur. Öyrənməkdən, irəli getməkdən və risk etməkdən qorxmayın. Mənim üçün ən xaraktersiz cümlə “Mən bacarmaram” sözləridir. Bu ifadə insanı təslimçiliyə və məğlubiyyətə aparır. Sizi arzularınızdan uzaqlaşdıran, xəyallarınızdan qoparan vərdişlərdən uzaq durun. Həyatınızı mənfi ehtiraslara qurban verməyin. Mübariz olun!".
2022-ci ildə "İlin gənc müəllimi" seçilən Orxan Əhmədov gənclərə ən xoş arzularını çatdırıb:

"Fevralın 2-si sadəcə təqvimdə bir tarix deyil. Bu gün ölkənin gələcəyinin adıdır - Gənclər Günüdür.
Həm “İlin gənc müəllimi”, həm də müəllimlərarası Respublika Zəfər Olimpiadasının qalibi kimi bütün gəncləri səmimi-qəlbdən təbrik edirəm. Tarix müəllimi olaraq “İlin gənc müəllimi” layihəsində birinci yerə layiq görülmək mənim üçün böyük qürur olmaqla yanaşı, eyni zamanda böyük məsuliyyətdir.
Tarix bizə açıq şəkildə öyrədir ki, hər bir xalqın gələcəyi onun gənclərinin biliyindən, düşüncə tərzindən və mənəvi dəyərlərə bağlılığından asılıdır. Bu günün gəncləri təkcə savadlı deyil, həm də vətənpərvər, məsuliyyətli və məqsədyönlü olmalıdır.
Gənclərə demək istədiyim ilk və ən vacib fikir budur: siz sadəcə sabahın yox, bu günün gücüsünüz. Cəmiyyətin dəyişməsini gözləməyin - onu öz addımlarınızla qurun. Hər birinizin təsir göstərə biləcəyi bir sahə, dəyişdirə biləcəyi insanlar və yarada biləcəyi dəyərlər var.
Keçmişi sadəcə əzbərləməyin - onu anlayın, təhlil edin və nəticə çıxarın. Tarix hadisələr toplusu deyil, düzgün qərar vermə məktəbidir.
Unutmayın ki, uğur təsadüf deyil. Uğur hər gün bir az daha oxumaq, bir az daha çalışmaq, bəzən yorulsanız da dayanmaq yox, davam etməkdir. Sosial şəbəkələrdə və ekranlarda təqdim olunan “asan nailiyyətlərə” aldanmayın. Həqiqi yüksəliş səssiz zəhmətin, intizamın və səbrin nəticəsidir.
Yorulacaqsınız, bəzən anlaşılmayacaqsınız, hətta ən yaxşı niyyətlə çalışdığınız halda ən çox tənqid ediləcəksiniz. Amma bilin ki, qaranlıq ən çox sübhə yaxın qatılaşır. Dayanmayın. Çünki siz dayansanız, gələcək də bir addım geri düşər.
Unutmayın, bu Vətən sizə sadəcə yaşamaq üçün yox, iz qoymaq üçün verilib. Elə iz qoyun ki, illər sonra adınız çəkiləndə “o bacardı” deyilsin. Vətəni sevmək yalnız sözlə yox, biliklə, əməl ilə və düzgün mövqe ilə sübut olunur. Oxuyun, öyrənin, yaradın. Çünki savad sizi ucaldar, vicdan sizi yaşadar, sevgi isə sizi insan edər.
Siz bu ölkənin sabahı yox, bu günüsünüz. Gözlənilən möcüzə kənardan gəlməyəcək - o möcüzə sizin öz əllərinizdədir. Gənc olmaq sadəcə yaş məsələsi deyil. Gənc olmaq yanmaqdır, axtarmaqdır, yıxılanda yenidən qalxmaqdır; bəzən hamı susanda söz demək, hamı dayanan yerdə bir addım da irəli getmək cəsarətidir".
2021-ci ilin "İlin gənc müəllimi" olan Elvin Səlimov qeyd edib ki, gənc müəllimlər şagirdlər üçün həm nümunə, həm də gələcəyin açarıdır:

"2 Fevral - Gənclər Günü münasibətilə əvvəlcə bütün gəncləri, o cümlədən gənc müəllimləri təbrik edirəm. Müəllimlik peşəsi yalnız bilik ötürmək deyil, həm də şagirdlərdə düşünmə bacarığı, məsuliyyət hissi, şəxsi keyfiyyətlərin inkişaf etdirilməsi bacarıqlarını da yüksəldir.
Gənc müəllimlərə enerjili olmağı, İKT bacarıqlarını şagirdlərdə inkişaf etdirməyi və yenilikçi olmağı tövsiyə edə bilərəm. Gələcək bizim yetişdirdiyimiz şagirdlərindir. Şagirdlər adətən gənc müəllimləri nümunə götürürlər. Ona görə də gənc müəllim olaraq şagirdlərlə işləyərkən üzərimizə ikiqat məsuliyyət düşür".
AzEdu Təhsil Portalı kollektivi olaraq bütün gəncləri və özünü gənc hiss edənləri təbrik edir, onlara uğurlar arzu edirik!