ABŞ-nin Yucin şəhərindəki Oreqon Universitetinin alimləri xərçəng hüceyrələrinin daxilində bir neçə kimyəvi reaksiyanı işə salan yeni nanomaterial hazırlayıblar. Bu material sağlam toxumalara toxunmadan, xərçəng hüceyrələrini oksidləşdirici stress vasitəsilə məhv edir.
AzEdu.az-ın məlumatına görə, araşdırma "Advanced Functional Materials" jurnalında dərc olunub.
Bu nəticələr xərçəng hüceyrələrində aşkar edilən fərqli biokimyəvi mühitə əsaslanan yeni müalicə üsulu - kimyəvi dinamik terapiya (KDT) sahəsini daha da irəli aparır. Alimlər izah ediblər ki, sağlam toxumalarla müqayisədə bədxassəli şişlər daha turşulu olur və yüksək konsentrasiyalı hidrogen peroksidə malikdir.
Adi KDT şişin mikromühitindən istifadə edərək hidroksil radikallarının – oksigen və hidrogendən ibarət, cütləşməmiş elektronlu molekulların kimyəvi istehsalını işə salır. Bu aktiv oksigen formaları hüceyrələri oksidləşmə yolu ilə zədələyərək lipidlər, zülallar və DNT kimi molekullardan elektronları alır.
Nanomaterial laboratoriya şəraitində insan süd vəzi xərçəngi hüceyrələri olan siçanlara sistemli şəkildə tətbiq edildikdə şişlərdə effektiv şəkildə toplanıb, aktiv oksigen formaları yaradıb və xərçəngi tamamilə məhv edib. Araşdırmada qeyd olunub ki, bu proses heç bir yan təsir olmadan tam şiş geriləməsinə və uzunmüddətli təkrarlanmanın qarşısının alınmasına səbəb olub.
Alimlər insan üzərində sınaqlara başlamazdan əvvəl bu nanomaterialın müxtəlif xərçəng növlərində, o cümlədən aqressiv mədəaltı vəzi xərçəngində terapevtik səmərəliliyini qiymətləndirməyi planlaşdırırlar. Məqsəd onun müxtəlif bədxassəli şişlərdə geniş tətbiq imkanlarını nümayiş etdirməkdir.