Bu gün böyük maarifçi Firidun bəy Köçərlinin anadan olmasının 163-cü ili tamam olur.
Firidun bəy Köçərli Azərbaycan maarifçilik tarixində silinməz iz qoymuş görkəmli pedaqoq, ədəbiyyatşünas, tənqidçi və ictimai xadimdir. O, ömrünü xalqın maariflənməsinə, milli düşüncənin formalaşmasına və gənc nəslin savadlı, vətənpərvər ruhda yetişməsinə həsr edib.
Firidun bəy Köçərlinin ən böyük xidmətlərindən biri Azərbaycan ədəbiyyatının sistemli şəkildə araşdırılması və təbliğidir. Onun yazdığı elmi-pedaqoji əsərlər, ədəbi-tənqidi məqalələr bu gün də öz aktuallığını qoruyur. O, ədəbiyyata sadəcə sənət nümunəsi kimi yox, insan tərbiyə edən, düşüncə formalaşdıran bir güc kimi yanaşırdı. Köçərliyə görə, məktəb yalnız bilik verilən yer deyil, şəxsiyyət yetişdirən müqəddəs məkandır.
Bu böyük maarifçi insanlara elmə sevgi, ana dilinə hörmət, milli kimliyə bağlılıq, dürüstlük, zəhmətkeşlik və məsuliyyət kimi keyfiyyətləri aşılayırdı. O, müəllimin cəmiyyətdəki rolunu çox yüksək qiymətləndirir, müəllimi xalqın gələcəyini formalaşdıran əsas qüvvə hesab edirdi. Firidun bəy Köçərli üçün savadlı insan ilk növbədə mənəvi dəyərlərə sahib olmalı idi.
Bu gün şagirdlər Firidun bəy Köçərli kimi şəxsiyyətləri tanımalı, onların ideyalarından nümunə götürməlidirlər. Çünki onun irsi bizə təkcə keçmişi deyil, gələcəyi də doğru qurmağı öyrədir. Maarifçilik yolu ilə inkişaf, elm və tərbiyənin vəhdəti, milli-mənəvi dəyərlərə sadiqlik- bütün bunlar Firidun bəy Köçərlinin bizə miras qoyduğu əsas düşüncələrdir.
Firidun bəy Köçərlinin xatirəsi bu gün də məktəblərdə, müəllimlərin fəaliyyətində və maarifçi düşüncədə yaşayır. Onun ideyalarını yaşatmaq, gənc nəslə aşılamaq hər bir müəllimin və ziyalının mənəvi borcudur.
Lənkəran şəhər A.Məhərrəmov adına 7 saylı tam orta məktəbin Fiziki tərbiyə müəllimi, "Örnək müəllim" Leyla Məmmədova