Milli Məclisdə təhsil haqqında yeni qanun layihəsinin hazırlanması və müzakirəyə çıxarılması təklif olunub. Bugünkü iclasda elmi dərəcələrin və elmi adların verilməsi ilə bağlı məsələlərə toxunulub.
Mövzu ilə bağlı AzEdu.az-a açıqlama verən Azərbaycan, Rusiya və Türkiyənin iqtisad elmləri doktoru, professor Zahid Məmmədov bildirib ki, elmi dərəcələr və elmi adların verilməsi haqqında Əsasnamə Prezidentin sərəncamı ilə təsdiq edilir:
"Azərbaycanda Ali Atestasiya Komissiyası fəaliyyət göstərir. Komissiya dövlət siyasətini həyata keçirən və elmi potensialın formalaşmasında iştirak edən dövlət orqanıdır.
Elmi dərəcələr haqqında bütün prosedur qaydaları açıq və aydın şəkildə həmin Əsasnamədə göstərilib. Dissertasiya işi müstəqil elmi tədqiqat və elmi yenilik olmalıdır. Nəticələr yoxlanıla, ölçülə bilən və növbəli praktiki imkanları da göstərilməlidir. Eyni zamanda nəticələr elmi jurnallarda dərc olunmalıdır.
Məsələn, çörək sexi açmaq və ya taksi işlətmək üçün siz gedib lisenziyanı dövlət qurumlarından deyil, həmin sahə ilə məşğul olan təşkilatlara müraciət etməlisiniz. Biz bəzən görürük ki, “mən imza ataram, amma Ali Atestasiya Komissiyasından sən keçə bilməyəcəksən”. Yəni hamı həmin komissiyanın ünvanına göndərir ki, onlar bu məsələni baxsın. Axı siz rəsmi oponentsiniz, o məsuliyyəti niyə daşımırsınız? Orada rəyçinin funksiyaları haqqında da yazılıb.
Ona görə də ilk növbədə akademik dürüstlük sistemini qurmalıyıq. Hər bir ölkənin özünəməxsus xüsusiyyəti var. Axı həmin ölkələrdə heç vaxt elmə aidiyyatı olmayan adam gəlib diplom alıb evində oturaraq istifadə etmir. Heç vaxt həqiqi hərbi xidmətdən yayınmaq üçün belə etmir. Onu alan adam gedib özəl sektorda çalışır.
Xarici ölkələrə nəzər salsaq, məsələn, Türkiyədə əməkhaqqı siyahısında birinci yerdə professorların maaşı gəlir. Biz bunu edə bildikmi? İlk növbədə bu peşənin hörmətini və gücünü təmin etmək lazımdır. Amerika Birləşmiş Ştatlarında valideynlər arasında bir araşdırma aparılıb ki, övladlarınızın neçə faizi elmdə fəaliyyət göstərməyinizi arzulayır. Sorğunun nəticəsi 45% olub. Rusiyada isə bu rəqəm 2% təşkil edib.
Baxın, bu ciddi məsələdir. Bizdə də belə sorğular aparılmalıdır. Elmi dərəcəni alıb fəaliyyətini şirkətdə davam etdirəcəksə, onun nə mənası var? Elmi dərəcə və adlar ali təhsil müəssisələri və elmi təşkilatlar üçün nəzərdə tutulub. Onun faydası cəmiyyətin inkişafına yönəlib. Elm cəmiyyətin inkişafına xidmət etməlidir".