Müəllimlik cəmiyyətin gələcəyini formalaşdıran, böyük məsuliyyət və fədakarlıq tələb edən peşələrdən biridir. Bu peşəni seçən insanlar təkcə bilik ötürmür, eyni zamanda şəxsiyyət yetişdirir, dəyərlər aşılayırlar.
Təhsil sahəsində öz əməyi ilə fərqlənən, işinə vicdanla yanaşan müəllimlər isə hər zaman seçilir və nümunə göstərilirlər.
Belə uğurlu müəllimlərdən biri də ibtidai sinif müəllimi, “İlin gənc müəllimi - 2024” müsabiqəsinin qalibi Əfşan Fərəclidir.
AzEdu.az-a açıqlama verən Əfşan müəllim təhsil yolu, peşəkar fəaliyyəti və pedaqoji karyerası barədə ətraflı məlumat verib.
"İlk orta təhsilimi Bakı şəhəri Nərimanov rayonu 34 saylı tam orta məktəbdə almışam. Orta təhsilimi başa vurduqdan sonra Azərbaycan Dövlət Pedaqoji Universitetində ibtidai sinif müəllimliyi ixtisası üzrə ali təhsil almışam. Təhsilimi tamamladıqdan sonra 2017-ci ildə Müəllimlərin İşə Qəbulu (MİQ) imtahanında iştirak edərək uğur qazanmışam.
Əmək fəaliyyətimə Ağdam rayonu 71 saylı tam orta məktəbdə başlamışam. Yeddi il bu təhsil müəssisəsində çalışdıqdan sonra Bakı şəhəri 220 nömrəli tam orta məktəbə yerdəyişmə etmişəm. 2023-cü ildə Elm və Təhsil Nazirliyi tərəfindən keçirilən müəllimlərin sertifikatlaşdırılması imtahanının test mərhələsindən 51 bal, müsahibə mərhələsindən isə 35 bal toplamışam. Səkkiz illik müəllimlik fəaliyyətim dövründə bir sıra xarici ölkələrdə pedaqoji təcrübə proqramlarında iştirak etmişəm. Peşə fəaliyyətimdə hər zaman yeniliklərə açıq olmağa çalışmışam.
Anam müəllim olub və mən müəllim ailəsində böyümüşəm. Ola bilsin ki, ailə mühitimiz mənim psixologiyamın formalaşmasında uşaqlıq illərindən etibarən mühüm rol oynayıb. Məsələn, digər uşaqlar kuklalarla oynadığı halda, mən həmişə müəllim obrazında oyunlar qurardım. Uşaq vaxtı babam yazıb-oxuya bilmirdi. Məktəbə getməyə başladıqdan sonra ona hərfləri öyrətməyə çalışırdım. Həmin illərdə düşünürdüm ki, gələcəkdə müəllim ola bilərəm. Özümə hər zaman anamı nümunə götürmüşəm. Düşünmüşəm ki, müəllimlik müqəddəs bir peşədir və mən də bu yolu davam etdirəcəyəm".
Hər zaman buna inanmışam ki, bütün işlərdə sevgi və inam olduqca irəli getmək olur:

"Hazırda inklüziv sinifdə fəaliyyət göstərirəm. Sağlam uşaqlarla yanaşı, müəyyən məhdudiyyətləri olan şagirdlər də var. Elə uşaqlarla rastlaşmışam ki, 3–5 gün ərzində danışmırdılar. Təbii ki, belə hallarda həmin şagirdlərin valideynləri, eləcə də məktəb psixoloqu ilə daim əlaqə saxlayır, uşağın vəziyyəti ilə maraqlanırdım. Ümumiyyətlə, hər zaman şagirdlərin ilk növbədə psixoloji durumunu öyrənməyə çalışmışam. Çünki hər hansı bir uşaqda özünüzə qarşı sevgi və inam yarada bildikdən sonra öyrənmə prosesi daha rahat və ideal şəkildə gedir.
Mən sevgi və inamın hər şeyin açarı olduğuna inanıram. Bu səbəbdən də fəaliyyətim boyunca şagirdlərimlə xüsusi bağ qurmağa çalışmışam. Bəzən müxtəlif səbəblərdən uşaqlar məktəblərini dəyişməli olurlar. Günlərin birində bir şagirdimin valideyni evini satıb başqa əraziyə köçdüyü üçün övladını məktəbdən çıxarmaq məcburiyyətində qaldı. Həmin şagird tez-tez çalışdığım məktəbə gələrək məni görürdü və deyirdi: “Müəllim, mən məktəbimi dəyişmək istəmirəm”.
Təsəvvür edin ki, həmin uşaq üçün mən oxuduğu yeni məktəbdə bir həftə dərs keçdim. Halbuki o məktəbin əməkdaşı deyildim. Məqsədim şagirddə yeni məktəbi və sinif yoldaşları ilə bağlı müsbət təəssürat yaratmaq idi. Məktəbə tam adaptasiya olunana qədər həmin təhsil müəssisəsində də fəaliyyət göstərdim.
Əslində, bir uşağın məndən bu qədər sevgi və bağlılıq görməsi mənim üçün çox sevindirici idi. Müasir texnologiyaların təhsildə rolunu da müsbət qiymətləndirirəm. Düşünürəm ki, hər bir müəllim müasir texnologiyalardan istifadə etməyi bacarmalıdır. Bəzən bu sahədə şagirdlərin müəllimdən daha irəlidə olduğunu da görürük. Lakin müəllim hər zaman şagirddən bir addım öndə olmalıdır ki, onu düzgün istiqamətləndirə bilsin".

“İlin gənc müəllimi” müsabiqəsinin qalibləri arasında olmaq məndə çox yaxşı təəssürat oyatdı:
"Eyni zamanda bu, həm də bir növ çiyinlərimizdə böyük məsuliyyətdir. Hər bizimiz fəaliyyətimizdə hər zaman örnək olmalıyıq. “İlin gənc müəllimi” adını qoruyub saxlamağı bacarmalıyıq.
Gənc müəllimlərə tövsiyəm budur ki, ilk növbədə özlərinə inansınlar. Hər bir yolda çətinliklər olur. İnsan öz üzərində işlədikcə, işlərə səbrlə yanaşdıqca istədiyinə nail ola bilir. 8 illik pedaqoji təcrübəm olsa belə yenə də öyrənməyə çalışıram. “Mən bilirəm deyil də, mən öyrənməyə çalışıram” prinsipinə uyğun hərəkət etsək düzgün yolumuzu tapacayıq".