Müəllimlik cəmiyyətin gələcəyini formalaşdıran, böyük məsuliyyət və fədakarlıq tələb edən peşələrdən biridir. Bu peşəni seçən insanlar təkcə bilik ötürmür, eyni zamanda şəxsiyyət yetişdirir, dəyərlər aşılayırlar.Təhsil sahəsində öz əməyi ilə fərqlənən, işinə vicdanla yanaşan müəllimlər isə hər zaman seçilir və nümunə göstərilirlər.
Belə uğurlu müəllimlərdən biri də Bakı şəhəri 35 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi, “İlin gənc müəllimi - 2024” müsabiqəsinin qalibi Təranə Nuriyevadır.
AzEdu.az-a danışan Təranə müəllim təhsil həyatını, peşə sahəsindəki təcrübəsini və pedaqoji fəaliyyətini ətraflı şəkildə təqdim edib.
“Naxçıvan Muxtar Respublikasının Ordubad şəhərində anadan olmuşam və ilk təhsilimə də məhz orada başlamışam. Daha sonra ailəvi şəkildə Bakıya köçməyimizlə əlaqədar olaraq təhsilimi Bakı şəhərində yerləşən Bağça–Məktəb–Lisey kompleksində davam etdirmişəm. 2009-cu ildə həmin təhsil müəssisəsini bitirərək Azərbaycan Dövlət Pedaqoji Kollecinə ibtidai sinif müəllimliyi ixtisası üzrə qəbul olmuşam.
2015-ci ildə müəllimlərin işə qəbulu imtahanında iştirak edərək müəllimlik peşə fəaliyyətimə başlamışam. Bununla yanaşı, qeyd etmək istəyirəm ki, 2018-ci ildə ilk ali təhsilimi almışam. Həmin il Bakı Slavyan Universitetinin Filologiya fakültəsinə daxil olmuşam.
Hazırda müxtəlif təşkilatlarda təlimçi kimi də fəaliyyət göstərirəm. Təhsildə İnnovativ Texnologiyalar Mərkəzində təlimçi kimi çalışıram. Eyni zamanda “Alqoritmika” şəbəkəsi üzrə ibtidai siniflərdə riyaziyyatın tədrisi metodikası layihəsində də təlimçi olaraq fəaliyyət göstərirəm.
Bildirmək istəyirəm ki, iki vəsaitin müəlliflərindən biriyəm. Birinci vəsait Microsoft sertifikatlı pedaqoq vəsaitidir. Bu vəsaitdə həm müəllif kimi iştirak etmişəm, həm də “Hibrid öyrənmədə elektron resurslardan istifadə və onun tətbiqi” adlı vəsaitdə müəlliflik etmişəm.
Bundan əlavə, Azərbaycanda aktiv olan beynəlxalq sertifikatların demək olar ki, hamısını əldə etmişəm. ICDL proqramı üzrə 8 modulun hamısını bitirmişəm. Həmçinin Google sertifikatlı pedaqoq olaraq fəaliyyət göstərirəm. Microsoft şirkəti tərəfindən isə artıq üç ildir ki, rəsmi ekspert statusu ilə fəaliyyətimi davam etdirirəm".
Mən müəllimlik peşəsini seçməmişəm, əslində müəllimlik peşəsinin içərisində olan bir şəxsəm:

“Ətrafımda anam, babam, dayım və bir çox yaxınlarım müəllimlik peşəsini icra edir. Müəllim ailəsində dünyaya gəldiyim üçün kiçik yaşlarımdan bu sahəyə xüsusi maraq və sevgi formalaşıb. Əslində anam mənim musiqi sahəsinə yönəlməyimi istəyirdi, lakin müəllimliyə olan israrımı və bu peşəyə bağlılığımı gördükdən sonra qərarını dəyişdi.
Zaman keçdikcə bu qərarım dəyişmədi. Əksinə, illər ərzində bu seçimin nə qədər doğru olduğunu daha aydın şəkildə müşahidə etdim. Çünki müəllimlik elə bir peşədir ki, biz canlı varlıqlarla - insanlarla işləyirik və burada səhvə yol vermək olmaz. Əgər bir müəllim gələcəkdə bir peşənin sahibini yetişdirirsə, düşünürəm ki, bundan daha böyük və şərəfli ad yoxdur. Məhz buna görə də zamanla bu qərarımın nə qədər doğru olduğunu daha dərindən anladım.
Unudulmaz hesab etdiyim dərslərdən biri Bakı Slavyan Universitetində I kurs tələbələri üçün keçirdiyim dərs olub. Uzun müddət öz üzərimdə işləyirdim və düşünürdüm ki, ibtidai sinif şagirdlərinə tədris etdiyim eyni fənni ali təhsil müəssisəsində tələbələrə keçərkən hansı fərqlər və hansı nəticələr ortaya çıxar. Bunu müşahidə etmək mənim üçün çox maraqlı idi. Çünki ibtidai sinif şagirdlərinin diqqətinin tez yayınmasını da nəzərə alırdım.
Bu ideya əsasında Bakı Slavyan Universitetinin rəhbərliyi ilə görüşlər keçirdik. Razılaşdırılmış bir gündə həm 1-ci sinif şagirdlərim, həm də I kurs tələbələrim üçün eyni dərs prosesini təşkil etdik. Təbii ki, dərs uğurla reallaşdı. Dərsdə psixoloqlar və sahə üzrə mütəxəssislər də iştirak edirdi. Hər birimiz bu prosesdən böyük zövq aldıq.
Xüsusilə tələbələrin şagirdlərə olan həvəsli və diqqətli yanaşması olduqca təqdirəlayiq idi. Dərsin sonunda tələbələrim mənə belə dedilər: “Müəllim, biz öyrədə-öyrədə özümüz daha yaxşı öyrəndik”. Şagirdlər də bu prosesdən məmnun qaldılar və dərsdə böyük maraq nümayiş etdirdilər".
Müasir texnologiyaların təhsildə rolu əvəzolunmazdır:

“Məhz 2019-cu ildən etibarən Microsoft-un alətlərini müəllimlərə tədris edirəm. Bu təlimlərə yüzlərlə müəllim qoşulub. Microsoft tərəfindən rəsmi təlimçi statusu əldə etmək üçün könüllü şəkildə fəaliyyət göstərmişik. Müxtəlif məktəblərdə həm əyani, həm də onlayn formada təlimlər təşkil etmişik.
Həmin təlimlər zamanı müəllimlərin İKT bacarıqlarında mövcud olan çatışmazlıqlar daha aydın şəkildə üzə çıxdı. Əvvəlcə düşünürdüm ki, bu çatışmazlıqlar müəllimlərin öz üzərində kifayət qədər işləməməsi ilə bağlıdır. Lakin sonradan bu fikrim dəyişdi. Məlum oldu ki, müəllimlərə istiqamət verən, onları yönləndirən mənbələrin və dəstəyin az olması İKT sahəsində zəifliyin əsas səbəblərindəndir. Bu baxımdan informasiya texnologiyalarının təhsildə rolu əvəzsizdir.
“Yaradıcı müəllim” müsabiqəsində həm ötən il, həm də bu il iştirak etmişəm və hər iki ildə uğur qazanmışam. Bu il isə fəaliyyətimdə əsas diqqəti təhsildə innovativ texnologiyalardan istifadəyə və şagirdlərin bu texnologiyalara yönəlmiş marağının artırılmasına yönəltdim. Çünki bu alətlərin məqsədyönlü və düzgün şəkildə istifadəsi olduqca vacibdir.

İstər süni intellekt alətlərindən istifadə, istər interaktiv platformalar, istərsə də rəqəmsal oyunlar olsun — bütün bunlar məqsədyönlü şəkildə tətbiq edilməlidir ki, şagirdlərdə həm maraq yaratsın, həm də effektiv nəticə versin. Qeyd etmək istəyirəm ki, bu il “Yaradıcı müəllim” müsabiqəsində uğur qazanmamağıma səbəb olan əsas nüanslardan biri də təcrübə əsaslı öyrənmə ilə bağlı hazırladığım sayt oldu.
Bu öyrənmə modelinə uyğun olaraq bir platforma yaratmışam. Müəllimlər həmin sayta daxil olaraq təcrübə əsaslı öyrənmə ilə bağlı müxtəlif videolara, dərs qurma qaydalarına və praktik nümunələrə çıxış əldə edirlər. Müəllimlər bu resurslardan istifadə etməklə dərslərini daha keyfiyyətli şəkildə qura bilirlər.
“İlin gənc müəllimi” müsabiqəsində I yer tutmağım həqiqətən də mənim üçün böyük bir qürur, eyni zamanda məsuliyyətli bir hissdir. Əmək və zəhmətin dəyərləndirilməsi insanı daha da ruhlandırır. Bu nailiyyəti mənimlə birgə çalışan, uğuruma inanan şagirdlərimin və həmkarlarımın da uğuru hesab edirəm. Çünki “İlin gənc müəllimi” adı bir növ üzərinə götürülmüş məsuliyyətdir və düşünürəm ki, bu məsuliyyəti layiqincə yerinə yetirmişəm. Təəssüratlarımı ifadə edəcək sözləri tapmaqda çətinlik çəkirəm. İlk dəfədir ki, bir sual ətrafında bu qədər düşünüb, hisslərimi tam ifadə edə bilmirəm.
Bugünkü müəllimlərə tövsiyəm ondan ibarətdir ki, əgər daxilən bu peşəyə qarşı istək və sevgi varsa, mütləq müəllimlik yolunu seçsinlər. Çünki bəzən insanlar müəyyən səbəblərlə bu sahəyə yönəlir, lakin onu sevmirlər. Müəllimlik sevgi tələb edən bir peşədir. Bu peşə sevilmədikdə bir növ işgəncəyə çevrilir. Ona görə də düşünürəm ki, bu mənada sevgini ön planda tutmalıyıq və şagirdlərimizi sevgi ilə yetişdirməliyik".
