Müəllimlik cəmiyyətin gələcəyini formalaşdıran, böyük məsuliyyət və fədakarlıq tələb edən peşələrdən biridir. Bu peşəni seçən insanlar təkcə bilik ötürmür, eyni zamanda şəxsiyyət yetişdirir, dəyərlər aşılayırlar.
Təhsil sahəsində öz əməyi ilə fərqlənən, işinə vicdanla yanaşan müəllimlər isə hər zaman seçilir və nümunə göstərilirlər.
Belə uğurlu müəllimlərdən biri də tarix müəllimi, “İlin gənc müəllimi - 2024” müsabiqəsinin qalibi Rəşadət Abdulovdur.
AzEdu.az-a açıqlama verən Rəşadət müəllim təhsil yolu, peşəkar fəaliyyəti və pedaqoji karyerası barədə ətraflı məlumat verib.
"Mən Abdulov Rəşadət Məhəmmədyusif oğluyam, E. Məmmədov adına İsmayıllı şəhər 3 nömrəli məktəb-liseydə tarix müəllimi kimi fəaliyyət göstərirəm. 11 illik pedaqoji stajım var.
2010-cu ildə qəbul imtahanlarında yüksək bal toplayaraq Bakı Dövlət Universitetinin Tarix fakültəsinin tarix müəllimliyi ixtisasına daxil olmuşam. Universiteti 2014-cü ildə yüksək nəticə ilə bitirmişəm.
2015-ci ildə MİQ imtahanlarında 60 bal üzərindən 55 bal toplayaraq İsmayıllı rayonunun Topçu kənd tam orta məktəbinə tarix müəllimi təyin olunmuşam. Həmin il bu nəticə ilə Bakı şəhərində yerləşən məktəblərdə də işləyə bilərdim. Lakin özümü yeniliyə, gəncliyə və qayğıkeş müəllimə ehtiyacı olan bir kənd məktəbində sınamaq istədim. Təhsilin zirvəsinə ucqar dağ rayonunun kiçik kənd məktəbindən qalxmağı qarşıma məqsəd qoydum.
Universitetdə oxuduğum müddətdə, 2011 və 2012-ci illərdə tələbələr arasında keçirilən Respublika Fənn Olimpiadasının ikiqat qalibi olmuşam. Daha çox şagirdə faydalı olmaq istəyi məni 2022-ci ildə yenidən MİQ imtahanında iştirak etməyə sövq etdi. Həmin il MİQ imtahanında 100 bal üzərindən 94,7 bal toplayaraq bir vaxtlar məzunu olduğum və arzusunda olduğum məktəbdə tarix müəllimi kimi işləmək şansını qazandım.
Hazırda bu məktəbdə ixtisasını sevən, müstəqil və suveren Azərbaycanın, eləcə də dünya ölkələrinin tarixini şagirdlərimə sevə-sevə öyrədən, öyrədə-öyrədə sevdirən yenilikçi və innovativ müəlliməm.
Topçu kənd tam orta məktəbində işlədiyim dövrdə 10-cu sinif şagirdim İlahə Məmmədova, rəqibləri 11-ci sinif şagirdləri olmasına baxmayaraq, tarix fənni üzrə Respublika Fənn Olimpiadasında gümüş medal qazandı. Sonrakı illərdə İlahə məktəbi qızıl medalla bitirdi.
Daha sonra İsmayıllı şəhər E. Məmmədov adına 3 nömrəli məktəb-liseydə 8-ci sinif şagirdim Mina Mehdizadə, rəqibləri 9-cu sinif şagirdləri olmasına baxmayaraq, RFO-da gümüş medal əldə etdi və hazırda qızıl medala real namizəddir".
Bu uğurlar məktəbimizin intellektual komandası və müəllimlərin birgə əməkdaşlığı ilə dəstəklənirdi:

"Komandamız rayon, region və respublika səviyyəli müsabiqələrdə dəfələrlə qalib gəlib, müəllimlərdən ibarət komandamız isə AGMA-nın təşkil etdiyi “Nə? Harada? Nə zaman?” və “Xəmsə” intellektual yarışlarında bir neçə dəfə birincilik əldə edib. 2023-cü ildə Elm və Təhsil naziri cənab Emin Əmirullayev tərəfindən gördüyüm fəaliyyətə görə “Fəxri fərman”la təltif olunmuşam. Bu uğurlar mənim üçün həm şagirdlərimin, həm də müəllim həmkarlarımın zəhmətinin nəticəsidir və hər bir uğur bir müəllim üçün ən böyük motivasiyadır.
Müəllimlik peşəsini seçməyim təsadüfi olmayıb. Universitet illərindən etibarən biliyin yalnız öyrənilən deyil, paylaşılaraq mənalandığını dərk etmişəm. Mənim üçün müəllimlik sadəcə bir peşə yox, insan talelərinə toxunmaq fürsətidir. Hələ tələbəykən müəllimimin verdiyi “Gələcək şagirdlərinə niyə yüksək motivasiya ilə dərs keçəcəksən?” sualına verdiyim cavab bu seçimimin mahiyyətini açırdı: mən onların gələcəyinə toxunmaqla öz gələcəyimə də toxunuram. Çünki müəllim olmaq vicdanla yaşamaq, məsuliyyət daşımaq və öz varlığını başqalarının inkişafına həsr etmək deməkdir".
Zaman keçdikcə bu səbəb dəyişmədi, əksinə daha da dərinləşdi:

"Əvvəllər müəllimliyi bilik ötürmək kimi görürdümsə, bu gün onun insan yetişdirmək sənəti olduğunu daha aydın anlayıram. Şagirdlərlə “eyni nəfəsi almaq”, onların dünyasını anlamaq, hər birinə fərdi yanaşmaq məni həm peşəkar, həm də insan kimi böyütdü. Şagirdlərimin yanında özümü xoşbəxt hiss etməyim də məhz bundandır. Çünki orada yalnız dərs deyil, həyat paylaşılır. Bu gün geriyə baxanda əminliklə deyə bilərəm ki, müəllimlik mənim seçdiyim yox, məni seçən bir yoldur. Mən vücudunu vicdanına qurban edən müəllimlərdən olmağı seçmişəm.
Şagirdlərimizin uğur qazanmasında ən təsirli metod daim motivasiyanı yüksək saxlamaq və onlarda özünə inam formalaşdırmaqdır. Mən hər zaman çalışıram ki, şagirdlərim öz güclərinə inansınlar və qarşılaşdıqları çətinlikləri məğlubiyyət deyil, inkişaf mərhələsi kimi qəbul etsinlər. Onlara aşılayıram ki, əgər qalib gəlməmişiksə, deməli, mübarizə hələ bitməyib. Bu yanaşma şagirdlərin ruhdan düşməsinə deyil, əksinə, daha da möhkəmlənməsinə səbəb olur. Özünə inanan şagird öyrənməkdən qorxmur, risk almağı bacarır və məsuliyyət daşıyır. Davamlı motivasiya isə onları hədəflərinə bağlı saxlayır. Nəticədə uğur təsadüf yox, ardıcıl zəhmətin və inamın nəticəsinə çevrilir.
Tələbə olduğum illərdə Bakının tanınmış məktəblərindən birində müəllimlik təcrübəsi keçirdim. İlk günlər müşahidə etdim, dinlədim və bir çox yeniliklər öyrəndim. Zaman keçdikcə dərsləri artıq özüm aparmağa başladım və bir ay boyunca həmin məktəbdə müəllim kimi sinfə girdim".
Hər dərs mənim üçün həm imtahan, həm də böyük bir məsuliyyət idi

"Son dərs günü idi. Siniflərdən birində anonim sorğu keçirməyə qərar verdim. Sual sadə, amma mənim üçün çox önəmli idi: “Mən necə etməliyəm ki, daha yaxşı müəllim olum?” Cavablar səmimi və maraqlı idi, amma bir vərəq vardı ki, bütün gələcəyim üçün lokomotivə çevrildi. O vərəqi bu gün də saxlayıram.
Şagird yazmışdı: “Siz bizə ilk dərsi keçirdiniz. Zəng vuruldu. Hamı bir-birinə baxırdı. İlk dəfə idi ki, zəngin vurulmasını istəmirdim. Məncə bunu bütün sinif yoldaşlarım da istəmirdi. Çünki ilk dəfə idi ki, hamı tənəffüs zamanı sinifdən birinci sizin çıxmağınızı gözləyirdi. Məncə sizin haqqınız yoxdur ki, nə vaxtsa müəllimlik peşəsini tərk edəsiniz”. O sözləri oxuyanda bir hiss mənə hakim kəsildi. Sanki müəllimliyə dair bütün suallarıma cavab tapmışdım. O gün anladım ki, uğursuz şagird yoxdur. Sadəcə onu anlayacaq, ona inanacaq və əlindən tutacaq bir insanla qarşılaşmağa ehtiyacı var. Və mən həmin gün özümə söz verdim: nə qədər ki, bir şagirdin gözündə ümid işığı yandıra bilirəm, bu yol mənim yolumdur.
Müasir texnologiyanı təhsildə çox mühüm və əvəzolunmaz bir vasitə kimi qiymətləndirirəm, xüsusilə də tarix fənninin tədrisində. Tarix yalnız faktların əzbərlənməsi deyil, hadisələrin ruhunu, dövrün düşüncə tərzini və səbəb–nəticə əlaqələrini anlamaqdır. Texnologiya bu prosesi şagird üçün daha canlı və anlaşılan edir. Mən dərslərimdə interaktiv xəritələrdən, zaman xətlərindən, sənədli film fraqmentlərindən və tarixi mənbələrin rəqəmsal versiyalarından istifadə edirəm. Texnoloji yeniliklər sayəsində şagirdlər sinif otağından çıxmadan dünyanın ən məşhur muzeylərinə səyahət edir, tarixi eksponatları yaxından görür və keçmişi canlı şəkildə kəşf edirlər. Bu, şagirdlərin hadisələri sadəcə oxumasına yox, sanki həmin dövrün içində hiss etməsinə imkan yaradır. Eyni zamanda müasir texnologiya müzakirə, tənqidi düşünmə və müqayisə aparmaq bacarıqlarını gücləndirir. Düşünürəm ki, texnologiya müəllimi əvəz etmir, amma düzgün istifadə edildikdə müəllimin təsir gücünü dəfələrlə artırır".
"İlin gənc müəllimi” adına layiq görülmək mənim üçün təkcə böyük bir uğur deyil, eyni zamanda çox ciddi bir məsuliyyətdir:
"Bu müsabiqə müddətində gördüyüm dəstək məni xüsusilə duyğulandırdı - şagirdlərimin, həmkarlarımın və hətta tanımadığım insanların sosial şəbəkələrdə məni paylaşmaları, yolda qarşılaşıb “biz də sizə səs vermişik” demələri bu mükafatın arxasında nə qədər səmimi etimadın dayandığını göstərdi. Şagirdlərimin məni paylaşması isə mənim üçün ən böyük qürur mənbəyi oldu. Xüsusilə bir zamanlar mənə dərs deyən tarix müəllimim Məmmədağa müəllimin təbrik zəngi və kövrək səsini eşitmək bu uğuru mənim üçün daha da mənalı etdi. Bu məqamı yaşamağıma imkan yaratdıqları üçün AzEdu Təhsil Portalının bütün kollektivinə minnətdaram. Bu ad mənə bir daha xatırlatdı ki, müəllimlik yalnız sinif otağı ilə məhdudlaşmır, o, cəmiyyət qarşısında da böyük bir missiyadır. “İlin gənc müəllimi” adı məsuliyyətimi daha da artırdı və qarşıma yeni hədəflər qoydu. Bu etimadı doğrultmaq, şagirdlərimin gələcəyinə daha güclü töhfə vermək üçün bundan sonra da daha böyük əzmlə çalışmağa qərarlıyam.
Müəllim olmaq istəyən hər kəs bilsin ki, onlar dünyanın ən motivasiyaedici və eyni zamanda məsuliyyətli peşəsinə sahib olacaqlar. Müəllim olmaq yalnız bilik ötürmək deyil, eyni zamanda gələcək nəsillərin həyatına toxunmaq, onları ilhamlandırmaqdır. Buna görə də hər gənc müəllim qarşısına aydın hədəflər qoymalıdır və təkcə bir yox, bir neçə hədəf seçmək daha yaxşıdır, çünki hər uğur yeni imkanlar açır. Hər dərs və hər şagird üçün yeni metodlar axtarmaq, fərqli yanaşmalar sınamaq çox önəmlidir. Unutmasınlar ki, bir müəllim şagirddən azacıq çox bilsə bəs edir, əsas məsələ isə bildiyini düzgün, anlaşılan və motivasiyaedici şəkildə şagirdə ötürməkdir. Müəllim olmaq həm sənət, həm də sevgi işidir. Öz işini sevmək, şagirdləri anlamaq və onları uğura aparmaq istəyini heç vaxt itirməmək lazımdır. Hər bir dərs, hər bir şagird müəllim üçün həm öyrənmək, həm də böyümək fürsətidir".