Müəllimlik cəmiyyətin gələcəyini formalaşdıran, böyük məsuliyyət və fədakarlıq tələb edən peşələrdən biridir. Bu peşəni seçən insanlar təkcə bilik ötürmür, eyni zamanda şəxsiyyət yetişdirir, dəyərlər aşılayırlar.
Təhsil sahəsində öz əməyi ilə fərqlənən, işinə vicdanla yanaşan müəllimlər isə hər zaman seçilir və nümunə göstərilirlər.
Belə uğurlu müəllimlərdən biri də ibtidai sinif müəllimi, “İlin gənc müəllimi - 2024” müsabiqəsinin qalibi Əlihüseyn Yaqubdur.
AzEdu.az-a açıqlama verən Əlihüseyn müəllim təhsili barədə geniş məlumat verib:
"2009-cu ildə Sumqayıt Dövlət Universitetinin Filologiya fakültəsini bitirmişəm. 2010-cu ildə hərbi xidməti başa vurduqdan sonra Füzuli rayonunun Üçbulaq kənd tam orta məktəbində müəllim və direktor müavini kimi pedaqoji fəaliyyətə başlamışam.
2020-ci ildən etibarən Direktorların İşə Qəbulu imtahanında yüksək bal yığaraq Qarabağ kənd tam orta məktəbinin direktoru vəzifəsində fəaliyyətə başlamışam. 2021-2022-ci illərdə ADA Universitetinin təşkil etdiyi "Bir Müəllim Manifesti” ixtisasartırma proqramında iştirak etmiş və bu layihə çərçivəsində 2 aylıq Amerika Birləşmiş Ştatlarının Vaşinqton şəhərində təcrübədə iştirak etmişəm.
2023-cü ildə T-Network təhsil və təcrübə platforması tərəfindən təşkil olunmuş Estoniya və Finlandiya təcrübə proqramında qrup rəhbəri kimi iştirak etmişəm. Elə həmin il Respublika Həmkarlar İttifaqları Konfederasiyası tərəfindən “İlin peşəkar gənci” döş nişanına layiq görülmüşəm. Elm və Təhsil Nazirliyi tərəfindən maliyyələşdirilən 7 və 8-ci Qrant müsabiqələrində qalib olmuşam. Nəhayət, 2024-cü ildə “İlin gənc müəllimi” müsabiqəsinin qaliblərindən biri olmuşam. İngilis və Rus dillərində ünsiyyət bacarığım var".
Bundan başqa tar ixtisası üzrə musiqi təhsilim də var
"Beynəlxalq təhsil forumları, İnnovativ Məktəb Direktorları və s. mühüm tədbirlərin iştirakçısı olmuşam. 2009-cu ildə qısamüddətli mətbuat sahəsində çalışmışam. Uşaqlıqdan müəllimlik peşəsinə böyük marağım olub. Bu peşəni seçməyimdə ən böyük təsiri olan şəxs Azərbaycan dili və ədəbiyyat müəllimim Qismət müəllim idi. Onun dərs keçmə tərzi, şagirdlərə yanaşması və insani keyfiyyətləri mənim üçün nümunə idi. Bundan əlavə, uzun müddət Füzuli Rayonu Təhsil Şöbəsinin müdiri vəzifədə çalışan Hüseyn müəllimin də mənə böyük təsiri olub. O, məktəbimizə tez-tez gəlirdi və mən onun fəaliyyətini maraqla izləyirdim. Onun peşəkarlığı, davranışı və şəxsiyyəti mənim üçün müəllim obrazının canlı təcəssümü idi.Bütün bu təcrübələr və müşahidələr nəticəsində qərara gəldim ki, müəllim olum".
Bu peşəni seçdiyim üçün heç vaxt peşman olmamışam

“Düşünürəm ki, müəllimlik insanların həyatını dəyişən, onların gələcəyinə işıq tutan və cəmiyyətin inkişafında mühüm rol oynayan ən şərəfli peşədir. Yenidən dünyaya gəlsəydim, yenə müəllim olardım və özümü təhsildən başqa heç bir sahədə görmək istəməzdim. Şagirdlərin inkişafında bu gün onlarla düzgün və effektiv kommunikasiya qurmaq çox önəmlidir. Çünki XXI əsrin şagirdləri özlərinə daha çox hörmət və dəyər göstərilməsini istəyirlər. Eyni zamanda, biz şagirdlərimizin inkişafı üçün onların dünyagörüşünə xüsusi önəm veririk.
Məhz bu məqsədlə məktəbimizdə müxtəlif intellektual yarışlar, o cümlədən “Xəmsə”, “Nə? Harada? Nə zaman?” kimi bilik yarışları təşkil edirik. Bununla yanaşı, məktəbimizə vaxtaşırı qonaqlar dəvət olunur və hətta bir neçə dəfə xarici ölkələrdən olan qonaqlar məktəbimizdə olub. Məsələn, Amerikadan, Estoniyadan və Şotlandiyadan gələn qonaqlarımızı nümunə göstərmək olar. Bundan əlavə, şagirdlərimizin digər məktəblərə və müxtəlif təhsil müəssisələrinə səfərlərini də təşkil edirik. Bu baxımdan ADA Məktəbi, Xəzər Universitetinin Dünya Məktəbi və A-level tədris qrupuna edilən səfərləri qeyd etmək olar.
Bundan başqa, şagirdlərimiz üçün təşkil olunan qrant layihələri də xüsusi əhəmiyyət daşıyır. Bu layihələr şagirdlərin inkişafında olduqca önəmli rol oynayıb. Artıq şagirdlərimiz dünyagörüşü və kommunikasiya bacarıqları baxımından bu layihələrdən ciddi şəkildə bəhrələniblər. Düşünürəm ki, sadaladığımız bütün bu amillər şagirdlərin inkişafı üçün ən vacib və əsas faktorlardandır".

Unudulmaz hesab etdiyim şagirdlərdən biri kəndimizdə yaşayan Yaqut adlı bir qızdır. O, hələ mən bu məktəbdə direktor olmamışdan əvvəl, beşinci sinifdən məktəbi tərk etmişdi. Bir gün bizə müraciət edərək kompüter öyrənmək istədiyini bildirdi, lakin heç bir formal təhsili yox idi. Biz ona dəstək olduq və müəllimlərimizin köməyi ilə eksternat qaydada attestat almasına şərait yaratdıq. Eyni zamanda, artıq ötən il o, orta ixtisas təhsili müəssisəsinə - kollecdə oxumağa qəbul olunub və hazırda təhsilini davam etdirir. Mənim üçün ən yadda qalan şagird, təbii ki, məhz o olub. Çünki biz həyatı yarımçıq qalmış bir insana yenidən yol açdıq, onun təhsil həyatına qayıtmasına və gələcəyini qurmasına imkan yaratdıq. Ümumilikdə yaddaqalan dərslər və hadisələr çoxdur, lakin hansını digərlərindən ayırd etmək çətindir.
Direktor kimi fəaliyyətimin başlanğıcı pandemiya dövrünə təsadüf etdi və bu səbəbdən onlayn dərslərə keçmək məcburiyyətində qaldıq. İmkanlar kifayət qədər məhdud idi. Lakin zamanla məktəbdə tədris prosesi bərpa olundu və hazırda bütün siniflərimizi WhatsApp qrupları vasitəsilə birləşdirmişik. Bütün valideynlərlə davamlı onlayn ünsiyyətimiz mövcuddur. Bununla yanaşı, şagirdlərimiz üçün onlayn ingilis dili proqramı təşkil edilib. Şagirdlər olimpiadalara hazırlıq və digər tədris məqsədləri üçün müxtəlif onlayn platformalardan istifadə edirlər. Dərslərimizdə proyektor, kompüter kimi texnoloji vasitələrdən geniş şəkildə yararlanırıq, hətta süni intellekt alətlərindən də istifadə olunur. Düşünürəm ki, müasir texnologiyalar artıq təhsilin ayrılmaz bir hissəsinə çevrilib və onlardan daha səmərəli şəkildə istifadə etmək vacibdir.

“İlin gənc müəllimi” müsabiqəsini izləyirdim. Bu müsabiqəyə qoşulmağımda daha əvvəl müsabiqədə iştirak etmiş Nemət müəllimin mənə verdiyi motivasiya böyük rol oynadı. O, mütləq qoşulmalı olduğumu söylədi və mən də müraciət etdim. Fəaliyyətimlə bağlı məlumatları komissiya heyətinə təqdim etdim və müsabiqə bir neçə ay davam etdi. Təbii ki, proses çox maraqlı idi. Açığı, öz-özümə düşünürdüm ki, görəsən, bu proses həqiqətən şəffaf şəkildə həyata keçirilirmi? Nəticədə qalib oldum. Ətrafımdakı insanlar məni təbrik etdilər. Çox sevinirəm ki, gündəlik fəaliyyətimizi, uğurlarımızı və fədakarlığımızı nümayiş etdirmək imkanı yarandı və bu fəaliyyətə dəyər verildi".
Gənc həmkarlarıma əsas tövsiyəm ondan ibarətdir ki, daim öz üzərlərində çalışsınlar, özlərini inkişaf elətdirsinlər:
"Misal üçün, mən bunun faydasını artıq görürəm. İlk dəfə fəaliyyətə başlayarkən Qızıl Aypara cəmiyyətinin Füzuli rayon şöbəsi bizim məktəbin inkişafına çox böyük dəstək oldu, infrastruktur layihələrini icra elədik. Bundan başqa ADA Universiteti, ADA məktəbi, Xəzər Universiteti Dünya məktəbi, Öndə Gənclər qeyri-hökumət təşkilatı, Estoniya Təhsil Akademiyası, T-Network təhsil və təcrübə platforması, A-Level Təhsil Qrupu və adlarını unuda biləcəyim bir neçə qurum və təşkilatlarla əməkdaşlıq etdik ki, bu təşkilatlar artıq bizim məktəbimizin inkişafına xüsusilə öz töhfələrini verirlər, bu da bizim və şagirdlərimizin daha böyük uğur qazanmalarına gətirib çıxarır".