Azedu.az

Repetitorları tənqid edənlərin övladları da repetitorla hazırlaşır - MÜSAHİBƏ

Müəllimlər və elm adamları

9 Yanvar 2026, 14:19
Repetitorları tənqid edənlərin övladları da repetitorla hazırlaşır - MÜSAHİBƏ

İmtahanların nə vaxt keçiriləcəyi ilə bağlı qrafik hələ açıqlanmasa da, hər il demək olar ki, imtahan tarixləri eyni günlərə təsadüf edir. Buna görə də deyə bilərik ki, buraxılış imtahanlarına elə də çox vaxt qalmayıb.

Bəs abituriyentlərin imtahana hazırlığı necə gedir? Son aylarda nələrə diqqət etmək lazımdır? Onların hazırlıq səviyyəsi maraq doğurur.

AzEdu.az bu aspektə 2023-cü ildə "İlin gənc müəllimi" müsabiqəsinin qalibi, repetitor müəllim və hazırlıq kursu olan Xəzri Muradovla həmsöhbət olub.

Müsahibəni təqdim edirik:

- Xəzri müəllim, abituriyentlərin imtahanlara hazırlığı necə gedir?

- İmtahan tarixləri hələ açıqlanmasa da, illərin təcrübəsi göstərir ki, imtahanlar çox erkən keçirilir və bu, hazırlığın effektivliyini ciddi şəkildə azaldır. Proqram genişdir, vaxt isə məhduddur. Bəzən bir mövzunu çatdıra bilmirik. Elə buna görə də dərsləri gecə saat 11-ə qədər davam etdirmək məcburiyyətindəyik.

- Valideynlərin hazırlıq prosesində rolu necə olmalıdır: dəstək, yoxsa nəzarət?

- Valideyn nəzarəti bu prosesdə həlledici rol oynayır. Açıq demək lazımdır ki, valideyn nəzarəti artmasa, yüksək nəticə əldə etmək mümkün deyil.

- Sizcə, repetitor hazırlığı daha effektivdir, yoxsa fərdi hazırlıq?

175841

- Bugünkü imtahan sistemində repetitor hazırlığı artıq zərurətə çevrilib. Repetitorlar olmasa, bu nəticələri bu qədər effektiv şəkildə əldə etmək mümkün olmaz. Maraqlı məqam odur ki, repetitorları tənqid edənlərin övladları da elə repetitor yanında hazırlaşırlar. Bu, artıq mübahisə yox, reallıqdır.

- Zəif fənlər üzərində işləməkmi daha önəmlidir, yoxsa güclü tərəfləri inkişaf etdirmək?

- Şagirdlərin ən böyük problemlərindən biri sual verməmələridir. Anlamadığı yeri soruşmayan şagird heç vaxt yüksək nəticə əldə edə bilməz. Şagirdlər zəif tərəflərini gizlətməməli, əksinə müəllimə açıq şəkildə deməli və məhz həmin zəif nöqtələr üzərində daha çox işləməlidirlər. Albert Eynşteynin dediyi kimi: “Sual vermək öyrənməyin başlanğıcıdır".

- Xəzri müəllim, siz artıq bir neçə ildir ki, həm müəllim, həm də repetitor kimi fəaliyyət göstərirsiniz. Müşahidələrinizə əsaslanaraq deyə bilərsinizmi, əvvəlki illərin abituriyentləri ilə indiki abituriyentlər arasında qavrama, maraq və hazırlıq baxımından hansı müsbət və mənfi fərqlər mövcuddur?

- Bugünkü abituriyentlər ötən illərlə müqayisədə daha savadlıdırlar, lakin eyni zamanda daha məsuliyyətsizdirlər. İnformasiya bolluğu var, amma diqqət və intizam çatışmır. Əvvəlki illərin şagirdləri az imkanla daha çox zəhmət çəkirdilər, indiki şagirdlərin isə imkanları çoxdur, amma iradələri zəifləyib.

- İmtahana az vaxt qaldıqda abituriyentlər nələrdən mütləq uzaq durmalıdır?

- Abituriyentlərin zəif nəticə göstərməsinin birinci səbəbkarı telefondur. Daha pisi odur ki, bu telefonları uşaqlara valideynlər özləri alıb verirlər. Bu iki ay ərzində şagirdlər telefondan uzaq durmasalar, nəticə qazana bilməyəcəklər. Aristotel deyirdi: “Vərdişlər taleyi formalaşdırır". Telefon asılılığı düzgün idarə olunmasa, nəticəni məhv edir.

- Buraxılış və qəbul imtahanlarına paralel hazırlaşmaq abituriyentlər üçün çətinlik yaradırmı? Bəzən abituriyentlər birinci buraxlışa hazırlaşır, imtahandan sonra isə qəbul imtahanlarına hazırlaşır. Hansı daha effektivdir?

- Buraxılış və blok imtahanlarına paralel hazırlaşmaq çətin olsa da, düzgün planla mümkündür. Sadəcə buraxılışı verib sonra blok imtahanına hazırlaşmağa başlamaq çox vaxt gec olur.

- Məlumdur ki, hər il qəbul balının yüksəlməsi və ya aşağı düşməsi abituriyentlərin imtahan nəticələrindən asılıdır. Keçən il qəbul ballarında kəskin artım müşahidə olundu. Bəs bu il necə olacaq? Abituriyentlərin hazırlıq səviyyəsi qəbul ballarının artacağını deməyə əsas verirmi?

- Bu il qəbul ballarında kəskin artım gözləmirəm. Düşünürəm ki, ballar eyni səviyyədə qalacaq. Rəqabət var, amma hazırlıq səviyyəsi də buna uyğun formalaşıb.

- Xəzri müəllim, sizin hazırlıq kursunuz var və tez-tez kursunuzda təhsil alan abituriyentlərlə bağlı paylaşımlar edirsiniz. Xüsusilə axşam saatlarında keçdiyiniz dərslər diqqət çəkir. Bu dərslər abituriyentlər üçün yorucu olmur?

- Bu, seçim deyil, zərurətdir. Artıq 12 ildir ki, məşğələ keçirəm və açıq deyə bilərəm: axşam və gecə dərsləri ən effektiv dərslərdir. Hər il əldə etdiyim yüksək nəticələrin artmasının əsas səbəblərindən biri də məhz bu dərslərdir. Paylaşımlarımda bu nəticələri açıq şəkildə görmək mümkündür. Yorğunluq dərsin saatından yox, məqsədsizliyindən yaranır. Napoleonun dediyi kimi: “İradə varsa, yol tapılar.”

- Son aylar mövzu öyrənmək, yoxsa təkrar və testlər üzərində işləmək daha məqsədəuyğundur?

- Son aylarda əsas diqqət mövzu öyrənməyə yox, təkrar və testlər üzərində işləməyə yönəlməlidir. Bildiyini möhkəmləndirməyən şagird imtahanda çaşqınlıq yaşayacaq.

- Qəbul balları ilə bağlı proqnozunuz necədir?

Bu il qəbul ballarında kəskin artım gözləmirəm. Düşünürəm ki, ballar eyni səviyyədə qalacaq. Rəqabət var, amma hazırlıq səviyyəsi də buna uyğun formalaşıb.

- Bu mərhələdə hamıya nə tövsiyə edirsiniz?

175842

- Bu mərhələdə hamıya - həm şagirdlərə, həm müəllimlərə, həm də valideynlərə səbir arzulayıram. Şagirdlərə iradə, valideynlərə məsuliyyət, müəllimlərə isə dözüm lazımdır. Uğur təsadüf deyil, ardıcıl və düzgün zəhmətin nəticəsidir.

ABŞ-dən Xameneiyə SƏRT XƏBƏRDARLIQ - Vaxtın var, qaç!
SORĞU
Ən uğurlu regional təhsil idarəsi hansıdır?
Səs ver
Son xəbərlərDaha çox