Hazırkı dövrdə şagirdlər müasir təhsil standartlarına uyğun olaraq, xüsusilə informasiya texnologiyaları sahəsində zəruri bilik və bacarıqlara yiyələnirlər. Lakin ali təhsil mərhələsində bəzən müasir texnologiyalardan yetərincə istifadə edə bilməyən müəllimlərlə qarşılaşırlar.
Bu vəziyyət tədrisin keyfiyyətinə mənfi təsir göstərə bilər. Bu baxımdan, ali təhsil müəssisələrində çalışan müəllimlərin müasir texnologiyalar üzrə bilik və bacarıqlarının qiymətləndirilməsi məqsədilə müvafiq imtahan və ya sertifikatlaşdırma mexanizmlərinin tətbiqi bəziləri üçün məqsədəuyğun hesab edilə bilər.
Ali təhsil müəssisələrində fəaliyyət göstərən müəllimlərin müasir texnologiyalar sahəsində bilik və bacarıqlara yiyələnməsini təmin etmək məqsədilə onların müvafiq imtahan və ya qiymətləndirmə prosesindən keçirilməsi zəruridirmi?
Mövzu ilə bağlı AzEdu.az-a açıqlama verən təhsil texnoloqu Şəmil Sadiq bildirib ki, ali təhsil müəssisələrində fəaliyyət göstərən müəllimlərin vahid sertifikasiya və ya mərkəzləşdirilmiş imtahan mexanizmi ilə qiymətləndirilməsi düzgün yanaşma deyil:

"Universitet müəllimini hansı meyarlarla və necə imtahan etmək olar? Ali məktəb müəllimi təbiəti etibarilə daha sərbəst, daha azad olmalıdır ki, tədris prosesini elmi yanaşmasına, ixtisasına və auditoriyasına uyğun şəkildə qura bilsin. Orta məktəb müəllimi ilə universitet müəlliminə eyni yanaşma tətbiq etmək metodoloji baxımdan yanlışdır. Orta məktəb müəllimi uşaqla işləyir, universitet müəllimi isə artıq formalaşmaqda olan gənclə. Gənclik isə ilk növbədə azad düşüncə, tənqidi yanaşma və müstəqil fikir mühiti tələb edir.
Bu mühiti süni imtahanlar və formal qiymətləndirmələrlə boğmaq ali təhsilin ruhuna ziddir. Bu baxımdan daha məntiqli və effektiv yol müəllimlərin inkişafını məcburi imtahanlarla deyil, davamlı peşəkar inkişaf mexanizmləri ilə təmin etməkdir. Yəni müxtəlif kursların, seminarların, ixtisasartırma təlimlərinin təşkili, eləcə də universitetlərin öz profilinə uyğun olaraq müəllimlərdən konkret bacarıq və sertifikatlar tələb etməsi daha doğru yanaşmadır.
Məsələn, mühəndislik və texniki fakültələrdə dərs deyən müəllim AutoCAD, Python kimi sahəyə uyğun proqramlarda işləmə bacarığına malik deyilsə və bunu təsdiqləyən beynəlxalq və ya nüfuzlu sertifikata sahib deyilsə, universitet onunla əməkdaşlığı ya dayandıra, ya da müəyyən keçid müddəti tanıya bilər. Eyni qayda dil tədrisi sahəsində də keçərlidir: xarici dil müəllimi həmin dil üzrə IELTS, TOEFL kimi beynəlxalq səviyyədə tanınan sertifikata malik deyilsə, bu, artıq universitetin daxili meyarları çərçivəsində qiymətləndirilməlidir.
Burada əsas məsələ odur ki, qərarı mərkəzləşdirilmiş qurumlar yox, universitetlərin özləri verməlidir. Hər ali təhsil müəssisəsi öz akademik strategiyasına, ixtisas profillərinə və keyfiyyət standartlarına uyğun olaraq müəllim seçimini və tələblərini müəyyənləşdirməlidir.
Yoxsa “gəlin sizi süni intellekt proqramlarından, əməliyyat sistemlərindən və ya ümumi İT biliklərindən imtahan edək” yanaşması bu gün üçün məqsədəuyğun deyil. Özünə və akademik nüfuzuna hörmət edən heç bir universitet belə primitiv və formal mexanizmlərlə müəllim keyfiyyətini ölçməyə çalışmaz".