Azedu.az

“İlin gənc müəllimi”: Bu mükafat ətrafımdakı minlərlə müəllimə motivasiya oldu

Müəllimlər və elm adamları

10 Yanvar 2026, 12:07
“İlin gənc müəllimi”: Bu mükafat ətrafımdakı minlərlə müəllimə motivasiya oldu

Müəllimlik cəmiyyətin gələcəyini formalaşdıran, böyük məsuliyyət və fədakarlıq tələb edən peşələrdən biridir. Bu peşəni seçən insanlar təkcə bilik ötürmür, eyni zamanda şəxsiyyət yetişdirir, dəyərlər aşılayırlar.

Təhsil sahəsində öz əməyilə fərqlənən, işinə vicdanla yanaşan müəllimlər isə hər zaman seçilir və nümunə göstərilirlər. Belə uğurlu müəllimlərdən biri də ibtidai sinif müəllimi, “İlin gənc müəllimi - 2024” müsabiqəsinin qalibi İlahə Tağıyevadır.

AzEdu.az-a açıqlama verən İlahə Tağıyeva qeyd edib ki, 12 ildir pedaqoji fəaliyyətlə məşğuldur:

"2012-ci ildə təhsilimi bitirən kimi MİQ (Müəllimlərin İşə Qəbulu) imtahanında iştirak etdim. İmtahandan uğurla keçərək Bakı şəhəri, Binə qəsəbəsində yerləşən 326 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi kimi fəaliyyətə başladım. İlk imtahanda, ilk cəhddə sinif mənə həvalə olundu və həmin ildən etibarən fasiləsiz olaraq bu məktəbdə çalışıram.

Bu gün artıq 12 ildən çoxdur ki, eyni məktəbdə, eyni sevgi və məsuliyyətlə müəllimlik edirəm. Açıq desəm, bütün pedaqoji təcrübəmi, müəllim kimi formalaşma yolumu məhz bu məktəbdə keçmişəm. Tələbəlikdən birbaşa müəllimliyə keçdim və başqa sahədə çalışmadan, yalnız müəllimliyə fokuslandım”.

İlk gündən I sinif otağına daxil olduğunu bildirən müsahibimiz qeyd edib ki, bu onun üçün böyük üstünlük olub:

“Çünki təhsilin təməl mərhələsindən başlamaq müəllimin həm məsuliyyətini, həm də imkanlarını artırır. Daim öz üzərimdə işləməyə, yenilikləri tətbiq etməyə çalışmışam. Texniki imkanların çox məhdud olduğu dövrlərdə belə sinfə öz kompüterimi gətirir, partanın üzərinə qoyaraq uşaqlara vizual materiallarla dərs keçirdim. Məqsədim uşaqlarda öyrənməyə maraq yaratmaq idi.

Texnologiya ilə tədrisə xüsusi önəm verirəm. Çünki müasir dövrün uşaqları fərqli düşünür, fərqli qavrayırlar. Məsələn, vurma cədvəlini ənənəvi üsulla izah etdikdə maraq zəif ola bilər, amma oyunlar və interaktiv proqramlarla təqdim etdikdə bu biliklər yaddaşda daha qalıcı olur”.

Mənim üçün əsas prinsip “əylənərək öyrənmək”dir

175875

“Müəllimliyi seçməyim təsadüfi olmayıb. Mən müəllim ailəsində böyümüşəm. Anam riyaziyyat müəllimi, atam isə peşə məktəbində müəllim olub. Evimizdə daim kitab, mütaliə və öyrənmə mühiti olub. Uşaqlıqdan bu atmosferin içində böyümüşəm. Hətta bacımı məktəbə başlamamışdan əvvəl oxumağa və yazmağa mən öyrətmişdim. İçimdə öyrətmək istəyi həmişə olub.

Ona görə də düşünürəm ki, müəllimlik sonradan seçilən peşə yox, insanın daxilində formalaşan bir missiyadır. Mən həmişə deyirəm: insan müəllim olmağa çalışmamalıdır, müəllim insan doğulmalıdır.

Unudulmaz şagird hekayələrim çoxdur. Onlardan biri ilk iş ilimin ilk gününə aiddir. Bir ana övladını sinfə gətirib dedi ki, uşağın ürəyindən ağır əməliyyat olunub, ona xüsusi diqqət lazımdır. Uşağın sinəsindəki tikiş izlərini görəndə mənim üçün o uşaq artıq sadəcə şagird deyildi. Onu qucaqladım və dedim: “Bu uşaq artıq mənim də övladımdır”. Bu gün də həmin uşaqla aramızda ana-oğul münasibəti var. Belə bağlar ömürlük qırılmır”.

“İlin gənc müəllimi” müsabiqəsinə qatılarkən, açığı, əvvəlcə tərəddüdlərim var idi. Amma mərhələlər keçdikcə, qiymətləndirmənin obyektiv olduğunu gördükcə inamım artdı. Bu müsabiqə mənim üçün sadəcə qalibiyyət yox, böyük bir motivasiya oldu. Əmin oldum ki, əməyə dəyər verən, zəhməti görən bir sistem var”.

Bu mükafat təkcə mənim yox, ətrafımdakı minlərlə müəllimin də motivasiyası oldu:

“Mənim əsas hədəfim isə həmişə eynidir: yaxşı müəllim olmaq. Vəzifə, ad, titul heç vaxt əsas məqsədim olmayıb. Mənim yerim sinif otağıdır, uşaqların yanıdır. Bu gün də, sabah da özümü məhz orada xoşbəxt hiss edirəm.

Ən böyük arzum uşaqların sevdiyi, valideynlərin güvəndiyi, vicdanlı bir müəllim kimi qalmaqdır”.

ABŞ-dən Xameneiyə SƏRT XƏBƏRDARLIQ - Vaxtın var, qaç!
SORĞU
Ən uğurlu regional təhsil idarəsi hansıdır?
Səs ver
Son xəbərlərDaha çox