Müasir təhsil sistemində riyaziyyat fənnini şagirdlərə sevdirə bilmək, onlarda düşünmə bacarığını formalaşdırmaq hər müəllimin bacardığı iş deyil.
Bu sahədə illərin təcrübəsinə, özünəməxsus tədris metodikasına və yüzlərlə uğurlu şagird nəticəsinə malik olan gənc riyaziyyat müəllimi Ceyhun Bəxtiyarov ilə həmsöhbət olduq. Müsahibəmizdə onun həyat yolu, riyaziyyata olan sevgisi, müəllimlik fəlsəfəsi, şagirdlərlə iş prinsipləri və yüksək nəticənin sirləri barədə ətraflı danışdıq.
Müsahibəni təqdim edirik:
- Ceyhun müəllim, oxucularımız üçün özünüz haqqında qısa məlumat verməyinizi istərdik.
- Mən 1994-cü ildə anadan olmuşam. Əslən Kəlbəcər rayonunun Nadirxanlı kəndindənəm. Atam Nadirxanlı, anam isə Qılınclı kəndindəndir. Atamın hərbçi olması səbəbilə uşaqlıq illərim klassik bir məktəb həyatı ilə deyil, tez-tez dəyişən mühitlərlə yadda qalıb. Bu da mənim həm dünyagörüşümün formalaşmasına, həm də müxtəlif insanlarla ünsiyyət qurma bacarığımın inkişafına ciddi təsir göstərib.
İlk təhsilimi Tərtərdə başlamışam, sonradan müxtəlif bölgələrdə məktəb dəyişmişəm. Orta təhsilimi isə 2011-ci ildə Xəzər rayonunun Qala qəsəbəsində başa vurmuşam. Elə həmin il Azərbaycan Dövlət Neft Akademiyasının (indiki ADNSU) Tətbiqi Riyaziyyat fakültəsinə qəbul olmuşam. 2015-ci ildə bakalavr təhsilimi bitirmişəm.
Magistratura imtahanında heç bir hazırlıq kursuna getmədən 150 baldan 100 bal toplayaraq Azərbaycan Dövlət Texniki Universitetinin MBA - Biznesin İdarə Edilməsi ixtisasına qəbul olmuşam. Lakin 2015–2016-cı illərdə Daxili Qoşunlarda həqiqi hərbi xidmət keçdiyim üçün təhsilimi müvəqqəti dayandırmalı oldum. Xidmətdən sonra 2016–2018-ci illərdə magistratura təhsilimi uğurla başa vurdum.
Bununla yanaşı, musiqi sahəsində də peşəkar təhsil almışam və Xalq artisti Gülyaz Məmmədovanın tələbəsi olmuşam. Uzun illər ərzində dövlət tədbirlərində, o cümlədən Heydər Əliyevin yubiley mərasimlərində iştirak etmişəm. Bu fəaliyyətlərimə görə müxtəlif diplom və sertifikatlarla təltif olunmuşam.
- Müəllimlik peşəsini seçməyinizin əsas səbəbi nədir?
- Sözün düzü, bu marağın tək bir səbəbi yoxdur. Düşünürəm ki, bu, bir qədər xarakter məsələsidir. Mən hər zaman fərqliliyi sevən insan olmuşam. Rutini, eyni şeylərin təkrarını sevmirəm. Riyaziyyat isə daim dəyişən, düşünməyə məcbur edən, yeni yanaşmalar tələb edən bir fəndir.
Digər fənlərdə çox zaman əzbərləmə əsas rol oynayır. Eyni məlumatlar illərlə dəyişmədən təkrarlanır. Amma riyaziyyatda bu belə deyil. Burada hər məsələ yeni bir düşüncə, yeni bir yanaşma tələb edir. Hətta eyni mövzu çərçivəsində belə yüzlərlə fərqli sual və həll yolu mümkündür. Bu isə insana həm intellektual zövq verir, həm də beynin daim aktiv qalmasına səbəb olur.
Mən bir məsələni həll edəndə özümü həqiqətən xoşbəxt hiss edirəm. Elə günlərim olub ki, səhər saat 9-dan axşam saat 9-a qədər fasilələrlə yalnız riyaziyyatla məşğul olmuşam və bundan yorulmamışam. Əksinə, daha da motivasiya olunmuşam. Bu fənn mənim üçün sadəcə dərs deyil, düşüncə tərzidir.
- Dərs metodikanız nədən ibarətdir?

- Mənim üçün əsas prinsip mövzunun əzbərlənməsi yox, başa düşülməsidir. Dərs prosesini bir neçə mərhələdə qururam.
Əvvəlcə mövzunun qaydasını ətraflı izah edirəm. Əgər şagird həmin dərsi tam başa düşmürsə, mövzu mütləq yenidən izah olunur. Daha sonra şagirddən qaydanı soruşuram, amma kitabdakı eyni nümunələrlə yox. Fərqli suallar verirəm ki, görüm, həqiqətən anlayıb, yoxsa sadəcə əzbərləyib.
Yalnız bundan sonra test mərhələsinə keçirik. Şagirdə həmişə deyirəm ki, səhv etməkdən qorxmayın. Mənə düzgün cavab yox, düzgün düşüncə prosesi lazımdır. Başa düşmədiyiniz sualı gizlətməyin. “Başa düşmədim” demək zəiflik deyil, inkişafın başlanğıcıdır.
- Riyaziyyata qarşı çətinlik yaşayan uşaqlarla necə işləyirsiniz?
- Riyaziyyatdan qorxu çox zaman fəndən yox, yanlış yanaşmadan yaranır. Əksər hallarda problem müəllim-şagird münasibətində olur. Mən dərs mühitini elə qururam ki, şagird özünü rahat hiss etsin.
Müəllim təkcə dərs deyən yox, həm də psixoloq olmalıdır. Şagirdin şəxsi problemi varsa, o dərsi qavraya bilməz. Mən heç vaxt şagirdi sinifin içində sıxmıram, onu utandırmıram. Əksinə, fərdi yanaşmağa çalışıram.
Zəif şagirdlərlə işləyirəm, amma məsuliyyətsiz şagirdlə yox. Mənim üçün əsas meyar məsuliyyətdir.
- Şagird motivasiyasını necə qoruyursunuz?
- Hər mövzu bitdikdən sonra kiçik yoxlama imtahanları keçirirəm. Yüksək nəticə göstərən şagirdləri mütləq şəkildə motivasiya edirəm. Bu, bəzən hədiyyə, bəzən sosial tədbir, bəzən isə sadəcə xüsusi diqqət və təşəkkür olur.
Şagird bilməlidir ki, onun zəhməti qiymətləndirilir. Bu zaman dərsə maraq avtomatik artır.
- Vaxtın düzgün idarə olunması ilə bağlı şagirdlərə nə məsləhət görürsünüz?
- Telefonu tam qadağan etmək tərəfdarı deyiləm. Amma istifadəsi mütləq şəkildə nəzarətli olmalıdır. Sosial şəbəkələr həyatımızın bir hissəsidir, amma bu, dərsin hesabına olmamalıdır.
Gündə maksimum 30-60 dəqiqə sosial şəbəkələr kifayətdir. Əsas odur ki, dərs vaxtı və istirahət vaxtı düzgün bölünsün. Vaxtını düzgün idarə edən şagird həm dərsdə, həm həyatda uğurlu olur.
- Ceyhun müəllim, vaxtın düzgün idarə olunması mövzusuna toxundunuz. Xüsusilə telefon istifadəsi ilə bağlı valideynlər və şagirdlər üçün nə demək istərdiniz?
- Bu mövzu çox önəmlidir və açıq danışmaq lazımdır. Əgər şagird bir saat telefonla məşğul olub, sosial şəbəkələrə baxıb, ardınca dərsə və ya hazırlığa girirsə, o dərsdən ciddi nəticə gözləmək mümkün deyil. Çünki telefon istifadəsi zamanı şagirdin beyni faktiki olaraq “donur”. Bir saat ərzində uşaq saysız-hesabsız informasiyalarla qarşılaşır: xəbərlər, videolar, paylaşımlar, sosial partlayışlar. Bunların hamısı beyində qalır.
Heç kim deyə bilməz ki, “mən baxdıqlarımı dərs zamanı düşünməyəcəyəm”. Bu mümkün deyil. Müəllim dərsi izah edir, amma şagirdin fikri başqa yerdə olur: kimə nə yazılıb, hansı video paylaşılıb, hansı xəbər yayılıb. Bu halda dərsin səmərəliliyi ciddi şəkildə azalır.
Əgər şagird telefonla məşğul olub sonra dərsə girəcəksə, bu artıq riskdir. Daha düzgün variant odur ki, telefon istifadəsindən sonra uşaq yatsın və beyin normal istirahət etsin. Amma burada da balans pozulmamalıdır. Bəzən valideynlər deyir ki, “övladım gecə iki saat yatır”. Bu, qətiyyən düzgün deyil. Yuxusuzluq birbaşa beyin hüceyrələrinə zərər vurur.
Normal şagird əgər gündə 3-4 saat planlı və sağlam şəkildə dərs oxuyursa, bu, onun üçün kifayətdir və faydalıdır. Mən şagirdlərimin yuxu rejiminə xüsusi diqqət edirəm. Valideynlərlə mütəmadi əlaqə saxlayıram: saat neçədə yatır, telefon gizlədilirmi, vaxtında istirahət edirmi.
Hazırlıq sadəcə “dərsə gəldim, çıxdım” demək deyil. Əgər mən bir şagirdi hazırlığa götürürəmsə, mən onun üçün təkcə müəllim yox, valideyndən sonra ikinci mənəvi dayaq olmalıyam. Onun gündəlik rejimi, psixoloji durumu, qərarları mənim üçün önəmlidir.
Bu gün elə şagirdlərim var ki, mənə zəng edib məsləhət alırlar: “Müəllim, filan yerə getmək istəyirəm, olar?” Mən bunu ciddi dəyərləndirirəm. Əgər düzgün addımdırsa, razılıq verirəm, yox əgər yanlış qərardırsa, açıq şəkildə deyirəm ki, olmaz. Bu, tələbkarlıqla yanaşı, tərbiyə məsələsidir.
- Yüksək nəticə əldə etmək istəyən şagirdlərə əsas tövsiyələriniz nələrdir? Qarşıdan buraxılış imtahanları gəlir, motivasiya xarakterli fikirlərinizi də almaq istərdik.
- Yüksək nəticə təsadüf deyil. Bu, uzunmüddətli məqsədin və iradənin nəticəsidir. Şagirdlər yüksək nəticə əldə etmək istəyirlərsə, bu arzunu son anda yox, ən əvvəldən qarşılarına məqsəd kimi qoymalıdırlar. Bu, ibtidai sinifdən belə başlaya bilər. “Uşaqdır, nə motivasiyası?” düşüncəsi düzgün deyil. Uşağın məqsədi olmalıdır, sadə formada da olsa.
Əgər şagird zəifdirsə və hazırlığa başlayıbsa, o andan etibarən artıq məsuliyyət hiss etməlidir. Müəllimdən çəkinməməli, başa düşmədiyi hər şeyi soruşmalıdır. Ən böyük səhv - başa düşmədiyini gizlətməkdir. “Bir dəfə izah etdi, ikinci dəfə soruşmayım” düşüncəsi şagirdə zərər verir.
Mənim fikrimcə, müəllim şagird üçün yüz dəfə də, min dəfə də eyni mövzunu izah etməlidir - ta ki, şagird başa düşənə qədər. Əgər müəllim “bir dəfə dedim, bəsdir” deyirsə, deməli, şagird düzgün müəllimi seçməyib.
Şagirdlər öz güclü və zəif tərəflərini tanımalıdırlar. Güclü tərəfləri üzərində dayanmaq yaxşıdır, amma əsas inkişaf zəif tərəflər üzərində işləməklə olur. Zəif nöqtəni etiraf etmək utanc deyil, əksinə, uğurun başlanğıcıdır.
- Sonda bir uğurlu müəllim kimi gənc müəllimlərə nə tövsiyə edərdiniz? Eyni zamanda öz gələcək plan və hədəfləriniz nələrdir?
- İlk növbədə bütün gənc müəllimlərə səbir arzulayıram. Bu peşə asan deyil. Müəllimlik bütün peşələrin təməlində dayanan bir sahədir. Burada təkcə bilik yox, dözüm, empatiya və vicdan lazımdır.
Gənc müəllimlərə tövsiyəm odur ki, nəticəyə gedən yolu qısaltmağa çalışmasınlar. Uğur birdən-birə gəlmir. Hər şagird bir dünyadır və hər birinə fərqli yanaşmaq lazımdır.
Mənim şəxsi hədəfim isə şagirdlərimin say yox, keyfiyyət baxımından artmasıdır. Keçən il, məsələn, 15 şagirdim yüksək nəticə göstərmişdisə, bu il məqsədim daha çox şagirdin uğur qazanmasıdır və buna inanıram.
Amma ən əsas arzum təkcə yüksək bal deyil. İstəyirəm ki, şagirdlərim tərbiyəli, məsuliyyətli, düzgün düşüncəli gənclər olsunlar. Çünki nəticə yüz faiz ola bilər, amma insanlıq sıfır faizdirsə, bunun heç bir dəyəri yoxdur.
Biz elə bir dövrdə yaşayırıq ki, gənclərin diqqəti bəzən əsas məqsədlərdən yayınır. Amma inanıram ki, düzgün istiqamət, düzgün müəllim və düzgün ailə ilə bu problemlər aradan qalxacaq.
Sonda isə qeyd etmək istərdim ki, heç vaxt bezməyin. Bir dəfə alınmadısa, ikinci dəfə cəhd edin. Maksimum nəticə istəyirsinizsə, maksimum hədəf qoyun. Ola bilsin bu gün çatmadınız, amma sabah və ya bir gün mütləq çatacaqsınız. Çünki insan həmişə düşündüyü qədər yüksələ bilir.
