Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) alimlərinin dörd ixtirası Əqli Mülkiyyət Agentliyi tərəfindən patentləşdirilib.
AzEdu.az xəbər verir ki, patentlər a 2023 0014, a 2023 0018 və a 2020 0045 qeydiyyat nömrələri ilə üç fərqli “Beton və inşaat qarışıqları üçün üzvi-mineral modifikatorların alınma üsulu”, həmçinin a 2020 0038 qeydiyyat nömrəsi ilə “Qeyri-filiz materialların dispersləşdiricilərinin alınma üsulu” adları altında qeydə alınıb. Sözügedən ixtiralar müasir tikinti materiallarının keyfiyyət göstəricilərinin yaxşılaşdırılması, möhkəmlik və davamlılığın artırılması, eləcə də istehsal proseslərinin səmərəliliyinin yüksəldilməsi baxımından mühüm elmi və praktik əhəmiyyətə malikdir.
Patentlərin müəllifləri AzMİU-nun Materialşünaslıq kafedrasının professoru, Texnologiyaların Transferi Mərkəzinin müdiri Abbas Quvalov, həmin kafedranın dosenti Səidə Abbasova və İnşaat materiallarında nanotexnologiyalar elmi tədqiqat laboratoriyasının əməkdaşları Nahid Əhmədli ilə Ceyhun Hüseynovdur.
Beton və inşaat qarışıqlarının struktur-fiziki xassələrinin yaxşılaşdırılmasına yönəlmiş bu ixtiralar tikinti sənayesində innovativ texnologiyaların tətbiqi üçün geniş imkanlar yaradır.