Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) direktor müavini Vəfa Yaqublu açıqlamalarının birində bildirib ki, müəllimlər üçün tam ştatlı iş rejimi tətbiq edildiyi təqdirdə, eyni fənni tədris edən bir neçə müəllimin bir-biri ilə yer dəyişməsi mümkün olacaq. Bu model nəzərdə tutulan mexanizmlərdən biri kimi qiymətləndirilir.
Bu isə belə bir sual yaradır: eyni fənni tədris edən müəllimlərin siniflər arasında planlı yerdəyişməsi təlim keyfiyyətinə və müəllimlərin peşəkar inkişafına necə təsir edəcək?
AzEdu.az-a mövzu ilə bağlı əməkdar müəllim, sabiq deputat Sona Əliyeva danışıb.
Müsahibimiz bildirib ki, siniflərin sadəcə yer dəyişdirilməsi özlüyündə nəticə vermir:
“Eyni fənni tədris edən müəllimlərin siniflər arasında planlı şəkildə yer dəyişməsi ideyası ilk baxışdan sadə görünsə də, mahiyyət etibarilə bu, məktəbdaxili peşəkar inkişaf mexanizmidir. Məqsəd müəllimi cəzalandırmaq və ya sıxışdırmaq deyil, məktəbin daxilində bilik və təcrübə mübadiləsini təmin etmək, keyfiyyət fərqlərini azaltmaqdır. Beynəlxalq elmi araşdırmalar da göstərir ki, müəllimlər arasında əməkdaşlıq, birgə dərs planlaşdırılması, dərs müşahidəsi və mentorluq fəaliyyətləri şagird nailiyyətlərinə birbaşa müsbət təsir edir.
Lakin burada çox vacib bir məqam var: sadəcə siniflərin dəyişdirilməsi özü-özlüyündə nəticə vermir. Yerdəyişmə planlı və məqsədli şəkildə həyata keçirilməlidir. Hansı müəllimin harada və niyə dərs deməsi əvvəlcədən müəyyənləşdirilməlidir. Məqsəd zəif siniflərə daha güclü pedaqoji dəstək göstərmək və az təcrübəli müəllimlərin real praktik mühitdə inkişafını təmin etməkdir”.
Proses müşahidə və refleksiya ilə müşayiət olunmalıdır:
“Müəllimlər bir-birinin dərsini izləməli, metodik müzakirələr aparmalı və birgə nəticələr çıxarmalıdırlar. Əks halda, yer dəyişmə formal xarakter daşıyacaq. Üçüncü mühüm məqam şagirdlərin psixoloji durumunun nəzərə alınmasıdır. Xüsusilə ibtidai və buraxılış siniflərində tez-tez müəllim dəyişikliyi adətən öyrənmə prosesinə mənfi təsir göstərir. Elmi tədqiqatlar bu yaş mərhələsində ardıcıllığın vacibliyini xüsusi vurğulayır.
Azərbaycan reallığında bu yanaşmanın tətbiqi mümkündür, lakin müəyyən risklər də mövcuddur. Hazırda məktəblərimizdə dərs müşahidəsi və peşəkar inkişaf mexanizmləri çox vaxt “nəzarət” kimi qəbul edilir. Bu yanaşma dəyişməsə, proses gərginlik və müqavimət yarada bilər ki, bu da ümumi tədris prosesinə mənfi təsir göstərəcək.
İlkin mərhələdə model könüllülük prinsipi, aydın meyarlar və metodik dəstək əsasında tətbiq olunarsa, xüsusilə riyaziyyat kimi nəticələri ölçülə bilən fənlərdə şagird nailiyyətlərinin yüksəlməsinə və gənc müəllimlərin daha sürətli formalaşmasına real töhfə verə bilər. Əks halda isə bu addım sadəcə cədvəl dəyişikliyi kimi qalacaq.
Qısaca desəm, ideya elmi baxımdan doğrudur. Amma uğurun açarı müəllimlərin yerini dəyişməkdə deyil, məktəbdaxili peşəkar əməkdaşlıq mədəniyyətini formalaşdırmaqdadır. Əgər bu mədəniyyət qurularsa, bu cür mexanizmlər məktəblərdə tədris keyfiyyətinin yüksəlməsinə real təsir göstərə bilər”.