Azedu.az

Professor: Bir dəfə kitabxanaya getməyən necə alim ola bilər?

Müəllimlər və elm adamları

16 Dekabr 2025, 16:43
Professor: Bir dəfə kitabxanaya getməyən necə alim ola bilər?

Elm və təhsil naziri Emin Əmrullayev çıxışı zamanı “alim” adının yalançı alimlərdən qorunmasının vacibliyini qeyd edib.

Mövzu ilə bağlı AzEdu.az-a açıqlama verən Azərbaycan, Rusiya və Türkiyənin iqtisad elmləri doktoru, professor Zahid Məmmədov bildirib ki, nazir bu məsələdə tam haqlıdır:

“Təəssüflər olsun ki, son dövrlərdə yalançı alimlərin sayı artıb. Onların sayı artdıqca, cəmiyyətdə də özlərini gerçək alim kimi təqdim edirlər. Əlbəttə, əvvəlki illərdə alimlər öz aralarında bu cür hallara qarşı reaksiya göstərirdilər.

Xüsusilə 1990-cı illərdən sonra varlı şəxslər, yüksək vəzifəli məmurlar, heç vaxt elm ocağında olmayan, ali təhsil müəssisələrində çalışmayan insanlar qısa müddət ərzində xarici ölkələrdə müxtəlif diplomlara sahib oldular. Bu diplomları əldə etdikdən sonra saxladılar. Diqqət etsəniz görərsiniz ki, həmin şəxslər vəzifədən azad olunduqdan sonra ilk növbədə ali məktəblərə üz tuturlar. Burada əsas sual yaranır: bu yalançı alimləri ali məktəblərə kim gətirir? Onlar bu qurumlara necə daxil olurlar? Biz görürük ki, ikiüzlü insanlar sıraya düzülərək həmin saxta alimlərin tərifi ilə məşğul olurlar.

Bəzən özünü alim adlandıran şəxslər də saxta alimlərə qoşularaq onların təbliğatını aparırlar. Hesab edirəm ki, Nazirliyin tərkibində mütləq etik komissiya olmalıdır. Bu komissiya saxta alimlərlə real alimləri ayırd etməli, onların elmi fəaliyyətini və tutduqları vəzifələri ciddi şəkildə qiymətləndirməlidir.

Görürsən ki, hansısa bir şəxsin vəzifədə olduğu dövrdə “n” qədər elmi məqaləsi var, lakin vəzifədən getdikdən sonra heç bir elmi fəaliyyəti qalmır. Ümumiyyətlə, vəzifədə olan şəxs tam mənada elmi fəaliyyətlə məşğul ola bilərmi? Xeyr. Bu baxımdan ilk növbədə konkret qaydalar müəyyənləşdirilməlidir. Məsələn, Türkiyədə əgər siz millət vəkilisinizsə və ya nazirlikdə məmur kimi çalışırsınızsa, ali məktəbdə fəaliyyət göstərə bilmirsiniz. Bizdə isə bu praktika niyə davam edir?

Bir dəfə də olsun kitabxanada olmayan, doktorantura yolu keçməyən, xarici ölkələrin kitabxanalarında araşdırma aparmayan, elmi ədəbiyyatdan istifadə etməyən bir şəxs necə gəlib alimlik dərəcəsi ala bilər? Saxta alimdən soruşsanız ki, ixtisası ilə bağlı hansı xarici ölkənin kitabxanasında olub, cavab yoxdur. Desəniz ki, oxucu bileti təqdim etsin, o da yoxdur. Məhz buna görə də cənab nazirin səsləndirdiyi fikirləri müsbət qiymətləndirirəm”.

Rusiyada DƏHŞƏTLİ ANLAR yaşanır - Ukrayna bu yerləri bombalayır
SORĞU
İlin ən yaxşı ali məktəb sözçüsü - kimi seçirsiz?
Səs ver
Son xəbərlərDaha çox