Azedu.az

MİQ-də iştirak edənlər 60 manat ödəyə bilər

MİQ

5 Yanvar 2026, 13:37
MİQ-də iştirak edənlər 60 manat ödəyə bilər

Müəllimlərin işə qəbulu üzrə keçirilən müsabiqənin ödənişli əsaslarla təşkili nəzərdə tutulur. Belə ki, bu məsələ Milli Məclisin ötənilki iclasında müzakirəyə çıxarılan “Ümumi təhsil haqqında” qanun layihəsində öz əksini tapıb.

Qanun layihəsinə təklif edilən dəyişikliklərə əsasən, müəyyən kateqoriyalara aid olan şəxslər üçün müsabiqədə iştirak ödənişsiz olacaq. Belə ki, ilk dəfə müsabiqədə iştirak edən namizədlər, əlilliyi olan şəxslər, ünvanlı dövlət sosial yardımı alan ailələrin üzvləri, şəhid ailələrinin üzvləri, həmçinin Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə görə “Müharibə veteranı” adına layiq görülmüş şəxslər ödənişdən azad edilirlər.
 
Dəyişikliklər tətbiq edildikdə, müəllimlərin işə qəbulu müsabiqəsində iştirak üçün ödənişin məbləği nə qədər ola bilər?

Sözügedən məsələ ilə bağlı AzEdu.az-ın sorğusuna Elm və Təhsil Nazirliyindən bildirilib ki, ödənişin məbləği müəyyən edildikdə, bu barədə ictimaiyyətə məlumat veriləcək.

"Dövlətin təhsil siyasətinə dair qərarlarla bağlı yalnız rəsmi mənbələrə istinad edilməsi xahiş olunur",- deyə Nazirlikdən məlumat verilib.

Mövzu ilə bağlı açıqlama verən Milli Məclisin Elm və Təhsil Komitəsinin üzvü, deputat Ceyhun Məmmədov bildirib ki, belə bir qərarın qəbul edilməsinin bir neçə səbəbi var. Onlardan biri də müəllimlərin işə qəbulla bağlı məsuliyyətli yanaşmasını təmin etməkdir.

175638

"Əsas hədəf və məqsəd imtahanlara müəllimlərimizin daha məsuliyyətlə və diqqətlə yanaşmasıdır.

Hesab edirəm ki, burada bir neçə vacib məqam var. Məsələn, ilk dəfə iştirak edənlərin, əlilliyi olan şəxslərin, ünvanlı dövlət sosial yardımı alan ailələrin üzvlərinin, şəhid ailələrinin üzvlərinin və "Müharibə veteranı" adı almış şəxslərin bu ödənişdən azad olunması nəzərdə tutulur. Güzəşt kateqoriyası kifayət qədər geniş və ədalətlidir.

Məbləğ məsələsinə gəldikdə isə düşünürəm ki, bu məbləğ çox yüksək olmamalıdır. Nə çox aşağı, nə də çox yüksək olmamalıdır ki, ümumi prosesə mənfi təsir göstərməsin. Nəzərə alsaq ki, müəllimlərin maaşı təxminən 700 manat civarındadır, məbləğin çox olması prosesə mənfi təsir edə bilər. Ona görə məbləğin orta səviyyədə olması vacibdir. Mənim şəxsi fikrimcə, bu məbləğ təxminən 60 manat olmalıdır.

Lakin yenə də qeyd edirəm ki, bu qərarı Elm və Təhsil Nazirliyi və aidiyyəti qurumlar verəcək. Biz onların qərarını gözləməliyik və atılacaq addımlar həmin qərarlara uyğun olmalıdır".

Tramp tətiyə basdı - Xamenei üçün əcəl zəngi çalınır
SORĞU
Ən uğurlu regional təhsil idarəsi hansıdır?
Səs ver
Son xəbərlərDaha çox