Azedu.az

Müəllim olmaq çətinləşəcək? - MİQ üçün yeni TƏLƏBLƏR

MİQ

11 Dekabr 2025, 10:31
Müəllim olmaq çətinləşəcək? - MİQ üçün yeni TƏLƏBLƏR

Son dövrlərdə Müəllimlərin İşə Qəbulu (MİQ) imtahanı ilə bağlı ictimai müzakirələrdə bir sıra yeni yanaşmalar səsləndirilir. Bu müzakirələrin əsas istiqamətlərindən biri MİQ imtahanının strukturuna məntiq fənninin əlavə edilməsi ilə bağlıdır. Məntiq komponentinin daxil edilməsini müdafiə edənlər bildirirlər ki, müəllim peşəsi sadəcə fənn biliklərini mənimsəməklə məhdudlaşmır.

Müəllim həm də analitik düşünmə, situasiyanın mahiyyətini tez qavrama, problem həll etmə və qərarvermə bacarıqlarına malik olmalıdır. Onların fikrincə, məntiq tapşırıqları müəllim namizədlərinin yalnız bilik səviyyəsini deyil, həm də təfəkkür çevikliyini və pedaqoji prosesdə operativ düşünmə qabiliyyətini qiymətləndirməyə imkan verəcək.

Maraqlıdır, bu fənnin MİQ-ə əlavə edilməsi düzgün olarmı?

Mövzu ilə bağlı AzEdu.az-a açıqlama verən Təhsildə Təhlil və Kommunikasiyalar Mərkəzinin direktoru Kamran Əsədov bildirib ki, müəllimlik yalnız fənn biliklərinin ötürülməsi deyil, qərarvermə, situasiyanın mahiyyətini tez qavrama, qarşıya çıxan pedaqoji problemləri operativ və rasional şəkildə həll etmə bacarığı tələb edən bir peşədir:

"Bu baxımdan məntiq komponentinin imtahana daxil edilməsi ideyası müəyyən pedaqoji, psixoloji və idarəetmə əsaslarına söykənir. Lakin məsələnin həm müsbət, həm də risk daşıyan tərəfləri olduğu üçün onun geniş şəkildə əsaslandırılması vacibdir. Məntiqin tətbiqini dəstəkləyən yanaşmanın əsas arqumenti müəllim fəaliyyətinin idrak strukturu ilə bağlıdır. OECD-nin müəllim bacarıqları üzrə “TALIS 2018” hesabatında qeyd olunur ki, müəllimlərin yüksək səviyyəli düşünmə bacarıqları – analiz, sintez və qərarvermə – şagird nəticələrinə bilavasitə təsir edən amillərdən biridir.

Eyni zamanda, Dünya Bankının “Effective Teaching Framework” modelində “cognitive flexibility”, yəni idrak çevikliyi müəllim keyfiyyətinin əsas göstəricisi kimi təqdim olunur. Bu tədqiqatlar göstərir ki, müəllim yalnız mövzunu bilməli deyil, həm də onu şagirdin idrakına uyğunlaşdırmaq, dərs zamanı yaranan vəziyyətlərə çevik reaksiya vermək bacarığına sahib olmalıdır. Məntiq tapşırıqları namizədin bu tip idrak çevikliyini ölçmək üçün faydalı alət sayıla bilər.

Təhlilin digər istiqaməti beynəlxalq müqayisələrdir. Finlandiya, Estoniya və Sinqapur kimi yüksək nəticə göstərən ölkələrdə müəllimlərin seçimi çoxmərhələli sistemə əsaslanır və testlərdə məntiq komponentinə bərabər analitik düşünmə elementləri mövcuddur. Məsələn, Estoniyada müəllim olmaq istəyən namizədlər situativ məntiq ssenariləri ilə qarşılaşır və müəllimin qərarvermə prosesi sınaqdan keçirilir. Bu ölkələrin PISA nəticələrində dünyanın ilk sıralarında olması göstərir ki, müəllimin idrak strukturu tədrisin keyfiyyətinə sistemli təsir göstərir. Bu baxımdan məntiq MİQ imtahanının konsepsiyasına uyğun şəkildə daxil edilsə, pedaqoji keyfiyyətin gücləndirilməsi üçün müsbət addım ola bilər".

Həmsöhbətimizin sözlərinə görə, məntiqin imtahana əlavə edilməsi tamamilə problemsiz yanaşma deyil:

"MİQ imtahanı hazırda iki mərhələli və kifayət qədər çətin formatdadır. Namizədlərin psixoloji yükü, sosial təzyiqi və hazırlıq müddətinin uzunluğu nəzərə alınanda əlavə fənnin əlavə edilməsi müəyyən çətinlik yarada bilər. “Təhsil haqqında” Qanunun 54-cü maddəsində müəllimlərin seçimində şəffaflıq və obyektivlik əsas prinsip kimi qeyd olunur, lakin imtahanın həddindən artıq yüklənməsi bu obyektivliyə zidd təsir göstərə bilər. Çətinlik səviyyəsinin artırılması müəyyən namizədləri sistemdən uzaqlaşdıra bilər və bu, müəllim çatışmazlığı riskinin dərinləşməsi ilə nəticələnə bilər.

Digər risk ondan ibarətdir ki, məntiq tapşırıqları pedaqoji kompetensiyanın birbaşa göstəricisi deyil. Müəllim fənni yaxşı bilib şagirdlə effektiv ünsiyyət qura bilər, dərs prosesini uğurla idarə edə bilər, lakin formal məntiq testlərində zəif nəticə göstərə bilər. Bu isə keyfiyyətli namizədlərin sistemdən kənarda qalmasına səbəb ola bilər. ABŞ, Kanada və Avstraliyada müəllim seçimi zamanı məntiq testləri tətbiq edilsə də, onlar heç vaxt fənn biliklərini və pedaqoji bacarıqları əvəz edən yox, tamamlayan mexanizm kimi istifadə olunur. Buradan belə nəticə çıxır ki, məntiq komponenti yalnız tamamlayıcı funksiya daşıdığı halda effektiv ola bilər.

Məntiqin tədris proqramında müəyyən qədər yer alması da arqumentlərin bir hissəsidir. Ali təhsil müəssisələrində pedaqoji yönümlü ixtisaslarda məntiqi düşünmə bacarıqları müxtəlif fənlərin içində formalaşdırılır. Lakin sertifikasiya göstəriciləri və yeni müəllimlərin fəaliyyət təhlili göstərir ki, idrak çevikliyi və analitik düşünmə bacarıqları hələ də lazımi səviyyədə deyil. Bu isə məntiqin imtahan mərhələsində əlavə ölçülməsi ideyasına müəyyən əsas yaradır.

Müsbət tərəf ondan ibarətdir ki, Elm və Təhsil Nazirliyi məsələni tələskənliklə deyil, faktlara əsaslanmış və ictimai müzakirəyə açıq şəkildə dəyərləndirir. Nazirliyin son illərdə müəllim hazırlığı, sertifikasiya və peşəkar inkişaf istiqamətində apardığı islahatlar göstərir ki, məqsəd imtahanı ağırlaşdırmaq deyil, müəllim keyfiyyətinin daha obyektiv şəkildə qiymətləndirilməsini təmin etməkdir. Bu, idarəetmədə strateji yetkinlik nümunəsidir.

Hesab edirəm ki, məntiq komponenti MİQ imtahanına əlavə edilə bilər, lakin o, müəllim seçimində həlledici yox, tamamlayıcı vasitə olmalıdır. Əgər məntiq tapşırıqları pedaqoji situasiyalarla əlaqələndirilərsə, testin ümumi çətinlik səviyyəsini süni şəkildə artırmadan idrak çevikliyini qiymətləndirə bilsə, bu yenilik müəllim keyfiyyətinə real töhfə verər. Əks halda imtahanın məntiqsiz şəkildə ağırlaşdırılması fənn biliyi və pedaqoji kompetensiya kimi əsas məqsədləri kölgədə qoya bilər.

Bu səbəbdən dəyişiklik yalnız elmi əsaslandırma, pilot sınaqlar və nəticə analizindən sonra tətbiq edilməlidir. Elm və Təhsil Nazirliyinin bu istiqamətdə ehtiyatlı və rasional yanaşması isə müsbət və perspektivli addım kimi qiymətləndirilə bilər".

Sertifikasiyanın ikinci mərhələsində müəllimləri YENİLİK gözləyir…
SORĞU
İlin ən yaxşı ali məktəb sözçüsü - kimi seçirsiz?
Səs ver
Son xəbərlərDaha çox