Azedu.az

Repetitorluğun sonu gəlir? - Məktəblərdə hazırlıq keçiriləcək

Məktəblər

21 Noyabr 2025, 11:58
Repetitorluğun sonu gəlir? - Məktəblərdə hazırlıq keçiriləcək

Ötən Elm və Təhsil naziri Emin Əmrullayev İTV-də yayımlanan “Diqqət mərkəzi” proqramında çıxışı zamanı qeyd edib ki, bu ildən tam orta məktəb modelini tətbiq etmişik və növbəti ildən onun əhatəliliyi artırılacaq. Nazir bildirib ki, burada məqsəd məktəbin daxilində şagirdlərin dövlət hesabına ali təhsil müəssisələrinə hazırlaşdırılmasıdır.

Müəyyən bölgələrdə, qəsəbələrdə hazırlıqlı müəllimlərdən ibarət qruplar yaradacağıq. Onların əməkhaqlarını artırmaq şərti ilə şagirdlərə məktəbdə dövlət hesabına ali təhsil müəssisələrinə hazırlıq təşkil ediləcək.

Maraqlıdır, bu proses repetitorluq fəaliyyətinə son qoya bilərmi?

Məsələ ilə bağlı AzEdu.az-a açıqlama verən ixtisas seçimi və karyera üzrə mütəxəssis, təhsil eksperti Ramin Nurəliyev söyləyib ki, biz yuxarı sinif şagirdlərini universitetlərə hazırlıq istiqamətində proqramlaşdırmalıyıq:

172876

“Bu fikri zatən dəfələrlə qeyd etmişəm. Əgər bu cür proqramlaşdırsaq, həm orta ümumi təhsil məktəbinin şagirdləri məktəbdən yayınmazlar. Mütəmadi olaraq onlar məktəbə gələr. Bununla yanaşı, repetitorluq və yaxud hazırlıq kurslarına bəzi imkanı aşağı olan ailələrin gedə bilməməsinin qarşısı alınmış olar. Beləcə də onlar rahatlıqla orta məktəbdə dövlət hesabına universitetə hazırlaşa bilər.

Bu model olduqca mükəmməl bir modeldir. Sadəcə olaraq belə bir gerçək var: məsələnin müsbət və mənfi tərəfləri mövcuddur. Misal üçün, məktəbdə şagirdə dərs deyən riyaziyyat müəllimi var. Həmin riyaziyyat müəllimi şagirdi çağırır ki, mən sənə fərdi hazırlıq keçim, amma şagird riyaziyyat müəlliminin keçdiyi metodu bəyənmədiyinə görə daha yaxşı repetitora üz tutur.

Ona görə də məktəblərdə təcrübəli müəllimlər olmasa, bu model bir effekt verməyəcək. Çünki bu modelin effekt verməsi üçün həqiqətən də DİM-in qəbul imtahanında düşən suallara mütəmadi olaraq işləyən, repetitorluq fəaliyyətində və ya müəllimlik fəaliyyətində uğur qazanmış müəllimlər cəlb olunmalıdır. Əgər həmin müəllimlərə kifayət qədər əmək haqqı verilməzsə, müəllim işinə can yandırmayacaq.

Modeli mən də bəyənirəm, sadəcə olaraq tənzimlənməlidir. Hesab edirəm ki, repetitorluq fəaliyyətinin önünü qətiyyən ala bilməyəcək. Repetitorluq fəaliyyətinin qarşısının alınması üçün hazırda repetitor kimi fəaliyyət göstərən müəllimlərin orta ümumi təhsil məktəbinə konkret olaraq cəlb olunması lazımdır.

Əgər həmin təhsilverənlərə kifayət qədər maaş verilməsə, o müəllimlər repetitorluğu bir kənara qoyub orta ümumi təhsil məktəblərinə gəlib dərs deməzlər. Yəni bu reallıqdır".

Şok İddia - ABŞ Azərbaycan səfirliyini vurub
Son xəbərlərDaha çox