Elm və Təhsil Nazirliyi bildirib ki, müəllimlər daimi işlə təmin olunacaq və əmək haqları yüksələcək. Dərs yükü həftədə 18-24 saat təşkil edəcək.
Sistemin necə tətbiq olunacağı müəllimlər arasında geniş müzakirə mövzusuna çevrilib.
AzEdu.az xəbər verir ki, STM əməkdaşı, təhsil məsələləri üzrə tədqiqatçı Elmin Nuri müəllimlərin iş qrafiki ilə bağlı yenilik mexanizmini yüksək qiymətləndirir.
“Xarici təcrübəyə baxıldığında bu mexanizmin uğurlu olduğu vurğulanır. Şəxsən biz də bir mexanizm olaraq bunu təqdir edirik.
Amma tətbiqi necə olacaq? Hələ də açıqlanmasını gözləyən məqamlar var”.
Elmin Nuri deyir ki, 8 saatlıq iş qrafikinə əsasən maaş proqramının necə müəyyən olunacağı hələ aydın deyil:
“09:00-18:00 aralığında məktəbdə olan müəllimin maaşı yenə də dərs saatına görə hesablanacaqsa, mexanizm tam olaraq məqsədə xidmət etməyəcək.
İş qrafiki müddətində müəllimlərin əlavə iş mexanizmləri və proqramlarının necə təşkil olunacağı, əmək haqqı əlavələrinin necə dəyişəcəyi hələ müəyyən deyil.
Dərs saatından sonrakı məşğuliyyət üçün müəllimə hansı şərait yaradılacağı, fərqli dərs saatına malik müəllimlərin istirahət və nahar fasilələrinin necə tənzimlənəcəyi də müəmmalıdır.
Xarici təcrübədə müəllimlərin dərs sonrası əsas fəaliyyəti, şagirdlə fərdi hazırlıq prinsipləri müəyyən edilir, lakin bizim təcrübədə bunun mexanizmi hələ açıqlanmayıb və fərdi hazırlıq prinsiplərinin varsa, müəllim maaşına necə əlavə ediləcəyi də bilinmir.
Mexanizm əladır, amma müəllimi bu qədər müəmmaların içində də saxlamayaq”,- deyə E.Nuri bildirib.