Azedu.az

Müəllimlər nədən narahatdır? - Yeni model ətrafında aydın olmayan suallar...

Məktəblər

14 Noyabr 2025, 16:23
Müəllimlər nədən narahatdır? - Yeni model ətrafında aydın olmayan suallar...

Dünəndən bu yana aktual mövzuıardan biri yeni təhsil modelidir. Belə ki, bu təhsil modelində müəllimlərin həftədə 18-24 saat olacaq. Həmçinin, Elm və Təhsil naziri qeyd edib ki, bu model məcburi olmayacaq, tamamilə könüllü prosses olacaq.

Amma müəllimlər artıq sosial mediada hastag yaradıblar ki, "tamştat işə yox deyək" Bu halda sual yaranır ki, müəllimlərin kütləvi şəkildə belə reaksiyası doğrudurmu?

Yeni təhsil modeli müəllimlərin kütləvi şəkildə işdən çıxmasına səbəb olarmı?

AzEdu.az-a mövzu ilə bağlı təhsil eksperti Kamran Əsədov danışıb. 

O, qeyd edib ki, beynəlxalq təcrübə müqayisəsi göstərir ki, bu islahat məhz müasir təhsil sistemlərinin istifadə etdiyi ən doğru yanaşmadır:

"Son günlər müəllimlərin sosial şəbəkələrdə yeni təhsil modelinə qarşı emosional reaksiyası, xüsusən də “tam ştat işə yox deyək” kimi kampaniyalar, daha çox informasiya boşluğundan, illərlə mövcud olmuş “saat hesabı” sisteminə psixoloji alışqanlıqdan və dəyişiklik qorxusundan qaynaqlanır. Halbuki Elm və Təhsil Nazirliyinin təqdim etdiyi mexanizm struktur etibarilə məcburiyyət deyil, könüllülük və peşəkarlığa görə seçilən diferensial modeldir və hüquqi çərçivə, statisitka, beynəlxalq təcrübə müqayisəsi göstərir ki, bu islahat məhz müasir təhsil sistemlərinin istifadə etdiyi ən doğru yanaşmadır.

Mövcud vəziyyət statistik göstəricilərlə də təsdiqlənir. PISA 2022 nəticələrində Azərbaycan şagirdlərinin riyaziyyatda orta balı 397, oxuda 365, elmlərdə 380 bal olaraq qeydə alınıb və bu, OECD göstəricilərindən 70-100 bal aşağıdır. Riyaziyyatda baza səviyyəsinə belə çata bilməyən şagirdlərin payı təxminən 60 faizdir. Bu rəqəmlər təkcə “şagird zəifdir” siqnalı deyil, sistemin əvvəlki iş modelinin – müəllimin yalnız dərs saatına bağlanmasının – keyfiyyət istehsal etmədiyini sübut edən struktur göstəricisidir. Bu mənzərə “Təhsil haqqında” Qanunun 19.1-ci maddəsinə də ziddir; həmin maddə ümumi təhsilin vəzifəsini təhsilalanlara zəruri bilik və bacarıqların verilməsi, elmi biliklərin əsaslarının öyrədilməsi kimi müəyyən edir. Eyni zamanda “Ümumi təhsil haqqında” Qanun müəllimin sosial müdafiəsinin təmin olunmasını dövlət öhdəliyi kimi təsdiq edir. Yəni həm nəticə, həm də sosial təminat dövlətin hüquqi borcudur və Elm və Təhsil Nazirliyinin yeni modeli bu iki borcu paralel icra etməyə hesablanıb".

Uzun illər müəllim əməyi faktiki olaraq 45 dəqiqəlik dərs vahidi ilə ölçülüb:

"Hazırlıq, qiymətləndirmə, fərdi iş, metodik inkişaf və məktəbdaxili fəaliyyət sistem tərəfindən tanınmadığı üçün müəllim yalnız dərs saatında məktəbdə olub, dərsdən sonra məktəb pedaqoji cəmiyyətdən kənar qalıb. Bu model həm müəllimi tükəndirir, həm şagirdi nəticəsiz qoyur, həm də repetitorluq bazarını gücləndirir. Bunun nəticəsi kimi məktəb təhsili ikinci plana düşüb, ölkədə 9–11-ci sinif şagirdlərinin əksəriyyəti əlavə hazırlıqsız qəbul imtahanına hazırlaşa bilmir. Bu durumun özü göstərir ki, dəyişiklik zərurətdir və köhnə modelin davamı keyfiyyət böhranını daha da dərinləşdirəcək.

Yeni təhsil modelinin mahiyyəti isə tam fərqlidir. Nazirliyin açıqlamasına görə, model 18-24 saat dərs yükü ilə tam iş günü prinsipini birləşdirir və yalnız sertifikasiyada yüksək bal toplamış, peşəkarlığı sübut olunmuş müəllimləri əhatə edir. Bu sistem məcburi deyil və “kim istəmirsə, əvvəlki kimi davam edə bilər” prinsipi ilə işləyir. Bu, həm hüquqi cəhətdən düzgün yanaşmadır, həm də peşəkar differensiallaşmanı təmin edir: yüksək nəticə verən müəllim əlavə maaş, daha sabit ştat yeri və tam iş günü ilə təminat alır. Əslində bu model “Təhsilverənlərin sosial müdafiəsi haqqında” qanuni öhdəliyin ən real icra mexanizmidir, çünki əməkhaqqı artıq “saat yığma” ilə deyil, real iş vaxtı və nəticə ilə ölçülür.

Bu dəyişiklik beynəlxalq təcrübə ilə tam uyğunluqdadır. Finlandiyada müəllimlərin həftəlik dərs yükü 18–24 saatdır və iş vaxtının yarısı məktəbdaxili metodik fəaliyyətə ayrılır. Estoniyada müəllim məktəbdə tam iş günü keçirir və bu, rəqəmsal monitorinqi, şagirdin davamlı müşahidəsini və komanda işini mümkün edir. Sinqapurda müəllimlər həftəlik 47 saat işləyir, bunun yalnız 17–18 saatı dərsdir, qalanı isə peşəkar inkişaf, fərdi iş və tədqiqatdır. Bu ölkələrin ortaq cəhəti ondan ibarətdir ki, müəllim yalnız auditoriya dərsi deyən şəxs deyil, məktəbin elmi-metodik həyatının mərkəzində dayanan əsas fiqurdur. Azərbaycan modeli də eyni fəlsəfəyə əsaslanır: müəllimin nüfuzunu dərəcə, sənəd və statusla deyil, fəaliyyət məzmunu ilə yüksəltmək".

Əgər müəllimin peşəkar inkişafı, fərdi iş üçün vaxtı, metodik fəaliyyət mühiti yoxdursa, təhsilin nəticəsini yüksəltmək mümkün deyil:

"Mənfi arqumentlərin təhlili göstərir ki, onların çoxu dayanıqlı məntiqə söykənmir. “Maaş artırılmadan belə model olmaz” arqumenti nəzərə almır ki, bu modelin tətbiqi elə əməkhaqqının artırılması üçün hüquqi baza yaradır; çünki müəllimin tam iş günü müqabilində stabil və yüksək maaş alması mümkün olur. “Kütləvi şəkildə müəllimlər prosesə qoşulmayacaq” iddiası da reallığa əsaslanmır, çünki yeni model yalnız yüksək bal yığan, peşəkarlığı sübut olunmuş müəllimlərə təklif olunur və onlar üçün bu, karyera yüksəlişi, daha yüksək əməkhaqqı və peşəkar sabitlik deməkdir. “Kütləvi işdən çıxma olacaq” iddiası isə tam yanlış interpretasiyadır, çünki proses məcburi deyil; heç kim öz müqaviləsini itirmir və əvvəlki sistemdə işləməyə davam edə bilir.

Əgər müəllimin peşəkar inkişafı, fərdi iş üçün vaxtı, metodik fəaliyyət mühiti yoxdursa, təhsilin nəticəsini yüksəltmək mümkün deyil. Yeni model bu mexanizmi yaradır. Müəllimin məktəbdə tam iş günü olması şagird davranışının idarə edilməsinə, fərdi dəstək fəaliyyətlərinin güclənməsinə, dərnəklərin və layihələrin real məzmun qazanmasına şərait yaradır. Bu, həm repetitorluq zərurətini azaldır, həm sosial ədalətsizliyi yumşaldır, həm də məktəbin funksiyasını bərpa edir.

Bu islahatın ən mühüm müsbət tərəfi odur ki, nazirlik müəllimlə dövlət arasında yeni sosial müqavilə təklif edir: dövlət yüksək peşəkarlığı olan müəllimə ədalətli əməkhaqqı və stabil iş yeri verir, müəllim isə bunun müqabilində məktəbdə daha çox fəaliyyət göstərir. Bu, həm qanunvericiliyə, həm iqtisadi məntiqə, həm də beynəlxalq təcrübəyə uyğun gələn addımdır.

Hesab edirəm ki, yeni təhsil modelinə qarşı sosial şəbəkələrdə yaranan emosional reaksiya islahatın mahiyyətini əks etdirmir. Təhlil göstərir ki, bu islahat peşəkar müəllimlər üçün karyera imkanı, təhsil sistemi üçün keyfiyyət sıçrayışı, dövlət üçün isə təhsilin struktur boşluqlarını aradan qaldırmaq imkanı yaradır. Elm və Təhsil Nazirliyi doğru istiqamətdə addımlayır: müəllimin əməyini yenidən dəyərli edən, məktəbi real pedaqoji məkana çevirən, keyfiyyətə əsaslanan idarəetmə modelini formalaşdırır. Bu islahat təkcə vaxtında deyil, illərdir gecikmiş, lakin strateji olaraq ölkənin təhsil gələcəyini dəyişə biləcək dərəcədə zəruri addımdır".

TƏCİLİ! Şok hücum - Rusiya İSGƏNDƏRLƏ Azərbaycan səfirliyini vurdu
Son xəbərlərDaha çox