Azedu.az

Məktəblərdə psixoloq ştatları ARTIRILMALIDIR

Məktəblər

13 Noyabr 2025, 09:09
Məktəblərdə psixoloq ştatları ARTIRILMALIDIR

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva 2026-cı ilin dövlət büdcəsi layihəsinə rəyində vətəndaşların sosial rifahının artırılması məqsədilə bir sıra təkliflər təqdim edib. O, həmçinin orta təhsildə sosial bərabərliyin təmin olunması üçün şagirdlərə dərsliklərlə yanaşı, digər çalışma və köməkçi vəsaitlərin də dövlət hesabına verilməsini təklif edib. Ombudsman xatırladıb ki, ölkəmizdə orta təhsil icbaridir və tədris proqramlarında bu vəsaitlərdən komplekt şəkildə istifadə nəzərdə tutulur.

Bundan əlavə, Səbinə Əliyeva orta məktəblərdə psixoloq ştatlarının artırılmasının vacibliyinə diqqət çəkib. Onun fikrincə, mövcud ştat sayı şagird sayına nisbətdə kifayət qədər deyil və bu sahədə artıma ciddi ehtiyac var.

Orta məktəblərdə psixoloq ştatlarının artırılması hansı problemlərin həllinə kömək edə bilər?

Mövzu ilə bağlı AzEdu.az-a açıqlama verən Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın katibi Günay Əkbərova bildirib ki, burada iki mühüm istiqamət var:

172324

“Birincisi, sosial təminat, ikinci mühüm istiqamət isə məktəb mühitinin psixoloji sağlamlığıdır. Dövlət artıq sosial bərabərliyin təmin olunması üçün kifayət qədər geniş imkanlar yaradıb. Bütün dərsliklər şagirdlərə pulsuz təqdim olunur, məktəb kitabxanaları ödənişsiz fəaliyyət göstərir və Elm və Təhsil Nazirliyinin rəsmi səhifələrindən bütün dərsliklərin, metodiki vəsaitlərin, köməkçi materialların PDF versiyalarını da endirmək mümkündür. Bu, bir çox ölkələrdə olmayan çox ədalətli və müasir yanaşmadır.

Ona görə də əlavə çalışma vəsaitlərinin də dövlət tərəfindən alınması fikrini zəruri hesab etmirəm. Çünki beynəlxalq təcrübədə, məsələn, Avropa ölkələrinin əksəriyyətində valideynlər bu tip köməkçi resursları özləri təmin edir və bu, təhsilə həm ailə məsuliyyəti, həm də fərdi seçim azadlığı gətirir. Bizdə də müəllimlər sinifin səviyyəsinə və ehtiyacına görə, valideynlərin razılığı ilə əlavə tapşırıqlardan və ya materiallardan istifadə edə bilərlər. Əsas odur ki, bu, könüllü olsun, məcburi deyil. Beləcə həm dövlətin sosial dəstəyi qorunur, həm də ailənin təhsilə marağı və iştirakı saxlanılır”.

Vacib istiqamət məktəblərdə psixoloq ştatlarının artırılmasıdır:

“Bu gün uşaqların qarşılaşdığı sosial və emosional gərginliklər, imtahan stresi, ailə təzyiqləri, kiberzorakılıq, adaptasiya çətinlikləri əvvəlkindən qat-qat çoxdur. Psixoloq artıq yalnız ‘problemi olan’ uşağı dinləyən biri yox, bütövlükdə məktəbdə sağlam emosional atmosfer yaradan mütəxəssis olmalıdır.

Hazırda bizdə bir psixoloq çox zaman yüzlərlə şagirdə cavabdeh olur və bu, fərdi yanaşmaya imkan vermir. Halbuki beynəlxalq təcrübədə tam fərqli model tətbiq olunur. Məsələn, Finlandiyada hər 200–250 şagirdə bir psixoloq düşür və o, müəllimlərlə birgə uşağın sosial-emosional inkişaf planını hazırlayır. ABŞ-də isə bu norma maksimum 500 şagirddir və bəzi ştatlarda qanunla təsbit olunub. Cənubi Koreyada məktəb psixoloqları eyni zamanda rayon səviyyəsində fəaliyyət göstərən ‘məsləhət mərkəzləri’ ilə işləyirlər. Türkiyədə isə hər məktəbdə azı bir tam ştat psixoloq və bir sosial işçi var.

Bu təcrübələr göstərir ki, psixoloq məktəbin insani tərəfini qoruyan, sosial mühiti tənzimləyən ən vacib fiqurlardan biridir. Bizdə də bu istiqamətdə işlər aparılır, amma ştat sayının artırılması, iş yükünün azaldılması və psixoloqların peşəkar hazırlığının gücləndirilməsi artıq zəruridir. Məncə, bu mərhələdə dövlətin diqqətini əlavə kitabların maliyyələşdirilməsinə deyil, məktəb psixoloji xidmətinin gücləndirilməsinə yönəltməsi daha məqsədəuyğundur.

Çünki emosional baxımdan sağlam uşaq hər bir dərs vəsaitindən daha çox faydalanır. Bu da öz növbəsində həm pedaqoji, həm sosial, həm də milli baxımdan ən dəyərli sərmayədir".

Türkiyə təyyarəsinə kənar müdaxilə ehtimalı...- ŞOK DETALLAR
Son xəbərlərDaha çox