Dünya məktəbində təqdim olunan “Bayraq yolu” adlı ədəbi-bədii kompozisiya tamaşaçıya Azərbaycan tarixinin yüz illik yolunu bədii və emosional dildə çatdırdı.
AzEdu.az xəbər verir ki, tamaşa 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin yaranması ilə başlayır, azadlığın rəmzi olan üçrəngli bayrağımızın qaldırılmasından bu günə qədər uzanan keşməkeşli tarixi hadisələri canlandırırdı.
Tamaşa boyu Cümhuriyyətin süqutu, 20 Yanvar faciəsi, Birinci Qarabağ müharibəsinin ağrıları və nəhayət, 44 günlük Vətən müharibəsində qazanılan qələbə ardıcıl şəkildə canlandırılmışdı. Hadisələrin xronoloji ardıcıllığı yalnız informativ yox, həm də təsirli bədii həllərlə təqdim olunurdu — sanki bu yol təkcə bayrağın deyil, bütün bir xalqın taleyinin bədii xronikası idi.
Xüsusilə son Vətən müharibəsindəki qələbədən sonra üçrəngli bayrağın yenidən Qarabağ səmasında dalğalanması — tamaşanın ən təsirli anı idi. Bu səhnə sadəcə bir final yox, həm də illərlə çəkilən ağrıların, qürurun və qələbənin poetik bir yekunu kimi dərin təsir buraxırdı.
Ümumilikdə “Bayraq yolu” həm tarixi yaddaşın qorunması, həm də milli dəyərlərin nəsillərə ötürülməsi baxımından uğurlu səhnə işidir. Tamaşa bir daha göstərdi ki, bayraq sadəcə bir simvol deyil — xalqın keçmişi, mübarizəsi və gələcəyə inamının canlı nişanəsidir.
Tədbirdə iştirak edən Qarabağ müharibəsi veteranları çıxış edərək döyüş illərinə dair xatirələrini bölüşdülər. Onlar gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsinin əhəmiyyətini vurğulayıb, məktəblilərin müharibə illərində əsgərlərə ünvanladıqları məktubların ön cəbhədə döyüşən hərbçilər üçün mənəvi dəstək olduğunu qeyd ediblər.