Argentinanın Santa Fe əyalətinin San Kristobal şəhərində yerləşən Mariano Moreno liseyində 15 yaşlı şagirdin törətdiyi silahlı hücum faciə ilə nəticələnib.
AzEdu.az xarici KİV-ə istinadən xəbər verir ki, hücum zamanı 13 yaşlı İan Kabrera həyatını itirib, iki şagird isə yaralanıb.
Hadisə səhər saatlarında, şagirdlərin məktəbə daxil olduğu vaxt baş verib. Hücumçu silahı gitara qutusunda gizlədərək məktəbə gətirib, əvvəlcə tualetdə atəş açıb, daha sonra həyətə çıxaraq atəşi davam etdirib. Məktəbdə panika yaranıb, şagirdlər qaçmağa çalışıb.
Hücumçu məktəb əməkdaşlarından biri tərəfindən zərərsizləşdirilərək polisə təhvil verilib.
Məlumata görə, hücumu törədən yeniyetmə psixoloji problemlər yaşayır və məktəbdə zorakılığa məruz qalırdı. Onun yaşı az olduğuna görə cinayət məsuliyyətinə cəlb olunmayacağı, reabilitasiya proqramına yönləndiriləcəyi bildirilib.
Hadisədən sonra məktəb boşaldılıb, şəhərdə matəm elan olunub.