Dünyanın bir sıra ölkələrində təhsil sistemində şagird və tələbələr üçün söz ehtiyatı normativ şəkildə müəyyən olunur və bu göstəricilər təhsil pillələri üzrə mərhələli şəkildə artırılır. Bəzi ölkələrdə bu göstərici 25 min, digərlərində 42 min, hətta 71 min sözə qədər yüksəlir.
Bu yanaşma təhsil proqramlarının daha sistemli qurulmasına, dil bacarıqlarının ölçülə bilən formada inkişafına imkan yaradır. Eyni zamanda, belə bir model dilin zənginləşdirilməsi və ümumi kommunikasiya səviyyəsinin yüksəldilməsi baxımından mühüm rol oynayır.
Mövzu ilə bağlı AzEdu.az-a açıqlama verən Milli Məclisin Elm və Təhsil Komitəsinin üzvü, deputat Ceyhun Məmmədov qeyd edib ki, ümumiyyətlə, bu cür yanaşmaları biz mütləq təhsilimizdə tətbiq etməliyik:

"Bu gün təhsildə önəmli məsələlərdən biri beynəlxalq təcrübənin ölkəmizdə tətbiqidir. Amma bu, kor-koranə olmamalıdır. Ölkəmizdəki reallıq və mövcud vəziyyət mütləq şəkildə nəzərə alınmalıdır. Bu baxımdan söz ehtiyatının normativ şəkildə müəyyən olunması yaxşı təklifdir və bunu biz də tətbiq edə bilərik. Təbii ki, bu, proqramların daha sistemli qurulmasına, dil bacarıqlarının ölçülə bilməsinə öz töhfəsini verəcək. Eyni zamanda, bu yanaşma dilin zənginləşməsinə, ümumi kommunikasiya səviyyəsinin yüksəlməsinə də müsbət təsir göstərəcək.
Bunun üçün dərsliklərə yenidən baxılmalıdır. Neçə söz məsələsinə gəlincə, hesab edirəm ki, minimumdan başlamaq olar. Məsələn, təxminən 25 min söz səviyyəsi müəyyən edilə bilər, sonra isə bu məsələyə yenidən baxmaq mümkündür. Mərhələli şəkildə söz ehtiyatının artırılması baş verəcək. Bu da təhsil proqramlarının keyfiyyətinə, şagirdlərin dil bacarıqlarına birmənalı olaraq töhfə verəcək.
Ümumiyyətlə, bizdə belə bir problem var və bunu yaşayırıq. Bu problemin aradan qalxması üçün mütləq ciddi şəkildə çalışmalıyıq. Uşaqların söz ehtiyatında çətinliklər hiss olunur. Burada müəllim hazırlığı, dərslərin yenilənməsi mühüm məsələlərdəndir və bu, artıq Elm və Təhsil Nazirliyi tərəfindən həyata keçirilməli olan bir məsələdir.
Praktiki alətlərdən istifadə məsələsinə gəldikdə isə hesab edirəm ki, dünya təcrübəsi araşdırılmalı, öyrənilməlidir ki, proses hansı formada gedir və necə həyata keçirilməlidir. Ondan sonra biz həmin istiqamətdə addımlar ata bilərik",- deyə deputat fikrini tamamlayıb.