Ötən gün İran ərazisindən uçan PUA-lardan biri Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Şəkərabad kənd tam orta məktəbinin yaxınlığına düşərək partlayıb.
Bununla əlaqədar olaraq dünən sosial mediada Naxçıvanda məktəblərdə dərslərin dayandırıldığı, şagird və müəllimlərin təxliyə olunduğu ilə bağlı məlumatlar yayılıb.
Bəs görəsən, şagirdlərin dərslərə davamiyyəti nə yerdədir?
Mövzu ilə bağlı AzEdu.az-a açıqlama verən İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa qeyd edib ki, bu məlumatlar əsaslı deyil:
“Belə bir vəziyyət yaransa belə, Naxçıvanın hüquq-mühafizə orqanları bunu çox dəqiq şəkildə tənzimləyir. Əgər təhlükə riski qalmayıbsa, dərslər niyə dayandırılmalıdır? Bu cür məsələlərdə şayiələrə inanmaq düzgün deyil.
Dövlətimiz bu istiqamətdə bütün zəruri tədbirləri görüb. Məsələn, dünən vətəndaşların təhlükəsizliyi üçün Naxçıvanda gediş-gəliş yolları da bağlanmışdı. Bu istiqamətdə görülməli olan tədbirlər həyata keçirilib. Naxçıvan rəhbərliyi də üzərinə düşən vəzifəni yüksək səviyyədə yerinə yetirib.
Ona görə də belə məsələlərdə kiminsə əsassız irad bildirməsi və ya şayiə yayması düzgün deyil. Əgər dərslər keçirilirsə, deməli bu qərar uyğun hesab olunub. Əgər dərslərin keçirilməsi məsləhət bilinibsə, keçirilsin. Burada qeyri-adi heç nə yoxdur. Təhlükə riski azalıbsa, fəaliyyət də əbədi dayanmayacaq. Başqa ölkələrdə də bu cür hadisələr baş verir. Ona görə də düşünürəm ki, bu məsələni dramatikləşdirməyə ehtiyac yoxdur”.