Azedu.az

“Məktəb ictimai müzakirədə” layihəsi çərçivəsində görüş keçirilib

Məktəblər

Bakı şəhəri üzrə Təhsil İdarəsi

5 Mart 2026, 16:49
“Məktəb ictimai müzakirədə” layihəsi çərçivəsində görüş keçirilib

Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) və Azərbaycan Mətbuat Şurasının təşəbbüsü ilə həyata keçirilən “Məktəb ictimai müzakirədə” layihəsi çərçivəsində ilk görüş təşkil olunub.

Bu barədə AzEdu.az-a BŞTİ-dən məlumat verilib.

Paytaxtdakı Humanitar Fənlər Təmayüllü liseydə keçirilən görüşdə Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü, millət vəkili Vüqar Rəhimzadə, BŞTİ-nin müdir müavini Xəyalə Əhmədzadə, Mətbuat Şurasının İdarə Heyətinin üzvü Bəhruz Məmmədzadə, millət vəkilləri Ceyhun Məmmədov, Vüqar İsgəndərov, Xətai Rayon İcra Hakimiyyətinin (RİH) İctimai siyasi və humanitar məsələlər sektorunun müdiri Pənah İmanov, Yeni Azərbaycan Partiyası (YAP) Xətai Rayon Təşkilatının sədri Ramil Mirzəyev, Xətai Rayon Ağsaqqallar Şurasının sədri, şəhid atası Mürvət Əsgərov, məktəb direktorları, media nümayəndələri, liseyin pedaqoji kollektivi və valideynlər iştirak edib.

Qonaqlar əvvəlcə liseyin foyesində şagirdlərin əl işlərindən ibarət sərgiyə baxış keçirib, təhsil müəssisəsinin inklüziv təhsil, “Rəqəmsal bacarıqlar” və STEAM kabinetləri ilə tanış olublar.

Görüş Dövlət Himninin səsləndirilməsi və Vətən şəhidlərinin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Qonaqları salamlayan liseyin direktoru Nəzakət Əsgərova məktəblərin ictimai hesabatlılığının təmin olunması baxımından layihənin mühüm əhəmiyyətindən danışıb. Liseyin uğurları, ötən illərin statistik nəticələri və gələcək hədəflərinə dair təqdimatla çıxış edən N.Əsgərova təhsil müəssisəsinin fəaliyyəti, əldə olunan nailiyyətlər, şagirdlərin təhsil göstəriciləri barədə görüş iştirakçılarına ətraflı məlumat verib.

BŞTİ-nin müdir müavini Xəyalə Əhmədzadə ümumi təhsil müəssisələrində  ictimai müzakirələrin keçirilməsini təhsilin keyfiyyətinin daha da yüksəldilməsinə, məktəb-icma əməkdaşlığının gücləndirilməsinə, təhsil prosesində qarşılıqlı etimad mühitinin möhkəmlənməsinə xidmət etdiyini vurğulayıb.

Millət vəkili V.İsgəndərov, Xətai RİH İctimai siyasi və humanitar məsələlər sektorunun müdiri P.İmanov, YAP Xətai Rayon Təşkilatının sədri R.Mirzəyev, Xətai rayon Ağsaqqallar Şurasının sədri, şəhid atası M.Əsgərov, müəllimlər, valideynlər və digər çıxış edənlər bu cür təşəbbüslərin təhsil sahəsində sağlam ictimai mühitin formalaşmasına, məktəblərin fəaliyyətinin daha da təkmilləşdirilməsinə və cəmiyyətin təhsilə inamının gücləndirilməsinə töhfə verdiyini diqqətə çatdırıblar.

Daha sonra məktəblilərin ifasında kompozisiyalar nümayiş olunub, həmçinin lisey şagirdlərinin görüş əsnasında çəkdikləri rəsmlər təqdim edilib.  

Qeyd edək ki, layihənin əsas məqsədi ümumi təhsil müəssisələrinin fəaliyyətinə dair ictimai hesabatlılığın genişləndirilməsi, ictimaiyyətlə açıq dialoqun qurulması və təhsil mühitində şəffaflığın daha da artırılmasından ibarətdir.

Prezidentdən SƏRT ÇIXIŞ - Şərəfsizlər peşman olacaq!
Son xəbərlərDaha çox