Azedu.az

Uşaqlara internetdən qorumaq yox, düzgün istifadə öyrədilməlidir

Məktəblər

2 Mart 2026, 10:45
Uşaqlara internetdən qorumaq yox, düzgün istifadə öyrədilməlidir

"Uşaqların rəqəmsal mühitdə qorunması artıq formal bəyanat mövzusu deyil, real ehtiyacdır. Hamımız görürük ki, uşaqlar internetdə bizdən daha sürətlə hərəkət edirlər. İcra mexanizmi çox güman ki, həm normativ qaydalar, həm məktəb səviyyəsində tənzimləmə, həm də valideyn maarifləndirilməsi paralel şəkildə aparılmaqla formalaşacaq".

Bu fikirləri AzEdu.az-a açıqlamasında Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü Günay Əkbərova qeyd edib.


178574

Onun sözlərinə görə, sosial şəbəkələrdə yaş məhdudiyyətlərinin dəqiqləşdirilməsi, platformaların məsuliyyətinin artırılması və məktəblərdə cihaz istifadəsi ilə bağlı aydın qaydaların tətbiqi bu mexanizmin əsas hissəsi olacaq:

"Amma əsas məsələ nəzarət yox, təhlükəsiz mühit yaratmaqdır. Təhsil proqramlarına rəqəmsal savadlılıq və kibertəhlükəsizlik mövzularının daxil edilməsi isə məncə ən vacib addımdır. Çünki texnologiyanı uşağın əlindən almaq mümkün deyil, amma onu düzgün istifadə etməyi öyrətmək mümkündür.

Bu proses mərhələli olacaq. Əvvəlcə kurikulum yenilənəcək, sonra dərsliklər və metodik materiallar uyğunlaşdırılacaq, paralel olaraq müəllimlər üçün praktiki təlimlər keçiriləcək. Müəllim özü rəqəmsal riskləri başa düşməlidir ki, şagirdə düzgün istiqamət verə bilsin. Burada məqsəd ayrıca bir mövzu keçmək deyil, şagirddə düşünmə və seçim etmə bacarığını formalaşdırmaqdır.

Beynəlxalq təcrübəyə baxdıqda görürük ki, bir çox ölkələr artıq bu istiqamətdə konkret addımlar atıb. Avropada platformaların məsuliyyəti gücləndirilir, bəzi ölkələrdə yaş təsdiqi mexanizmləri tətbiq olunur, ABŞ-də uşaqların məlumatlarının qorunması ilə bağlı ciddi hüquqi çərçivə mövcuddur. Amma ən vacibi odur ki, inkişaf etmiş ölkələr belə bu mövzuda hələ də öyrənmə prosesindədir. Yəni bu, dinamik sahədir və hər ölkə öz sosial reallığını nəzərə alaraq model qurur".

Qanunvericilikdə əlavə dəyişikliklərin olması da təbiidir:

"Çünki rəqəmsal mühit çox sürətlə dəyişir və hüquqi baza da bu tempə uyğunlaşmalıdır. Xüsusilə yaş məhdudiyyətləri, şəxsi məlumatların qorunması və platforma məsuliyyəti ilə bağlı daha konkret tənzimləmələr gözlənilə bilər. Amma burada balans çox önəmlidir. Uşaqları qorumaq istəyərkən onların inkişaf imkanlarını məhdudlaşdırmamaq lazımdır.

Mən bu prosesi daha çox rəqəmsal mədəniyyətin formalaşdırılması kimi görürəm. Çünki məsələ təkcə texnologiya deyil, davranışdır. Uşağa internetdən qorxmağı yox, onu düzgün və təhlükəsiz istifadə etməyi öyrətməliyik. Əsl qoruma da məhz buradan başlayır".

İran viran olur! SAVAŞ BÖYÜYÜR - Bu ölkələr də müharibəyə qoşulur
Son xəbərlərDaha çox