Azedu.az

Məktəblərdə gücləndirilən nəzarət: şagirdlər qorunur, yoxsa izlənir?

Məktəblər

24 Fevral 2026, 15:10
Məktəblərdə gücləndirilən nəzarət: şagirdlər qorunur, yoxsa izlənir?

Məktəb yalnız akademik biliklərin verildiyi yer deyil, eyni zamanda şagirdlərin özlərini təhlükəsiz, qəbul olunmuş və dəyərli hiss etdikləri sosial-emosional mühitdir. Son dövrlərdə baş verən müxtəlif insidentlərdən sonra təhlükəsizlik tədbirlərinin gücləndirilməsi təhsil müəssisələrinin əsas prioritetlərindən birinə çevrilib. Bu çərçivədə bəzi məktəblərdə şagirdlərin çantalarının yoxlanılması praktikası tətbiq olunmağa başlanıb.

Lakin bu addım hər zaman eyni cür qarşılanmır. Bəzi şagirdlər belə yoxlamaların onlarda narahatlıq yaratdığını, özlərini səbəbsiz şəkildə şübhə altında və hətta günahkar kimi hiss etdiklərini bildirirlər.

Maraqlıdır, çanta yoxlamaları şagirdlərdə təhlükəsizlik hissi ilə nəzarət altında olmaq hissi arasında hansı psixoloji ziddiyyət yarada bilər?

AzEdu.az mövzu ilə bağlı psixoloq Nizami Orucovla danışıb.

O bildirib ki, əgər yoxlamalar qəfil, sərt və izahsız aparılarsa, yeniyetmələr bunu təhlükəsizlik yox, şübhə mesajı kimi qəbul edə bilərlər. Bu isə məktəb mühitinə emosional bağlılığı zəiflədə bilər:

"Məktəblərdə baş verən ağır insidentlərdən sonra təhlükəsizlik tədbirlərinin sərtləşdirilməsi təbii reaksiyadır. Lakin çanta yoxlamaları psixoloji baxımdan iki zidd hiss yarada bilər: bir tərəfdən “qorunuram” duyğusu, digər tərəfdən isə “mənə güvənilmir” və ya “nəzarət altındayam” hissi. Bu balans düzgün qurulmadıqda şagirdlərdə daxili narahatlıq və institusional güvən azalması baş verə bilər.

Əgər yoxlamalar qəfil, sərt və izahsız aparılarsa, yeniyetmələr bunu təhlükəsizlik yox, şübhə mesajı kimi qəbul edə bilərlər. Bu isə məktəb mühitinə emosional bağlılığı zəiflədə, müəllim–şagird münasibətlərində məsafə yarada bilər. Xüsusilə yeniyetməlik dövründə fərdin muxtariyyət ehtiyacı yüksək olduğu üçün həddindən artıq nəzarət hissi müqavimət, aqressiya və ya passiv etiraz davranışları doğura bilər. Uzunmüddətli perspektivdə “məktəb mənə güvənmir” düşüncəsi akademik motivasiyaya və aidiyyət hissinə mənfi təsir göstərə bilər".

Şagirdlərlə açıq söhbətlər təşkil olunmalıdır və onlara “bu tədbir sizə qarşı yox, sizin üçündür” mesajı real və empatik şəkildə çatdırılmalıdır:

"Digər tərəfdən, əgər təhlükəsizlik tədbirləri açıq kommunikasiya ilə, izah edilərək və hamıya eyni qaydada tətbiq olunarsa, şagirdlər bunu kollektiv qorunma mexanizmi kimi qəbul edə bilərlər. Burada əsas məsələ formadır. Təhlükəsizlik tədbiri qorxu üzərindən deyil, şəffaflıq və qayğı dili ilə aparılmalıdır.

Stress və travmatik təsirlərin qarşısını almaq üçün məktəblərdə psixoloji maarifləndirmə aparılmalı, şagirdlərlə açıq söhbətlər təşkil olunmalıdır. Məktəb psixoloqları aktiv rol almalı, narahatlıq yaşayan şagirdlərlə fərdi və qrup görüşləri keçirməlidirlər. Eyni zamanda şagirdlərin fikirlərinin dinlənilməsi və prosesə müəyyən dərəcədə cəlb olunması onların nəzarət yox, iştirak hissini gücləndirə bilər.

Nəticə olaraq, təhlükəsizlik və etibar bir-birinə zidd anlayışlar deyil, amma balans tələb edir. Məktəb həm qoruyan, həm də güvənən mühit olmalıdır. Təhlükəsizlik tədbiri psixoloji təhlükəsizliyi zədələməməlidir; əks halda fiziki qorunma olsa belə, emosional məsafə yaranar".

GƏRGİNLİK ARTDI! Soydaşlarımız təhlükədə -Quru sərhədlər nə vaxt açılır?
Son xəbərlərDaha çox