2004-cü ildən etibarən 10 fənn üzrə kurikulumlar təkmilləşdirilib.
AzEdu.az xəbər verir ki, Təhsil Tv-nin “Təhsil saatı” verilişində Təhsil İnstitutunun Tədris Resursları Mərkəzinin direktoru Zaur İsayev müəllimlərin dərsliklərin hazırlanmasında rəy verməsinin və psixoloqların rolunun əhəmiyyətindən danışıb.
Zaur İsayev bildirib ki, yeni kurikulum tətbiq olunan siniflərdə köhnə dərsliklərdən istifadə mümkün deyil. Eyni zamanda bəzi yuxarı siniflər var ki, onların dərslikləri Elm və Təhsil Nazirliyinin, eləcə də Nazirlər Kabinetinin müvafiq qərarına əsasən hər 4 ildən bir kütləvi şəkildə yenilənir. Bu zaman fənn üzrə kurikulum dəyişibsə, dərsliklərin məzmunu da müvafiq olaraq yenilənməlidir.
"Hələ yeni kurikulumlar təsviri incəsənət, musiqi, texnologiya və digər bəzi fənlərdə tətbiq edilməyib. Məsələn, tarix fənni hələlik müzakirə mərhələsindədir və bu il təsdiqlənəcəyi gözlənilir. Bu fənlərin dərslik məzmunu hələlik dəyişmir.
Eyni zamanda həyat bilgisi, riyaziyyat, Azərbaycan dili, fizika, kimya, biologiya və coğrafiya kimi fənlərin dərslikləri isə fundamental dəyişikliklərdən sonra yuxarı siniflərə təqdim olunur".
Zaur İsayev vurğulayıb ki, əgər 8-ci sinfə gedən şagird keçən il köhnə kurikulumla öyrənibsə, ona yeni kurikulum əsasında dərslik vermək mümkün deyil, çünki bu, böyük fərqlilik yaradacaq.