Ötən il keçirilmiş direktorların işə qəbulu üzrə müsabiqənin nəticələri elan edilib. Hazırda müsabiqədə uğur qazanmış namizədlərin direktor vəzifəsi vakant olan dövlət ümumi təhsil müəssisələrinə təyinatları yekunlaşmaq üzrədir. İlkin nəticələrə əsasən, prosesin yekununda yüzə yaxın namizəd vakant vəzifələrə təyin ediləcəkdir.
Bu barədə AzEdu.az-a MÜTDA-dan məlumat verilib.
Müsahibə mərhələsində namizədlərin liderlik və strateji idarəetmə, pedaqoji və metodiki bacarıqları, ünsiyyət və qərarvermə qabiliyyətləri, eləcə də rəqəmsal və sosial kompetensiyaları müvafiq komissiyalar tərəfindən qiymətləndirilib.
Bununla yanaşı, ötən ilin oktyabr-noyabr aylarında direktor vəzifəsi vakant olan 76 dövlət ümumi təhsil müəssisəsi üzrə müsabiqəyə start verilmişdir. Ərizə qəbulu və emal prosesi, habelə daha öncə qiymətləndirmə nəticələri olmayan namizədlərin ixtisas üzrə biliklərinin yoxlanılması üzrə təşkil edilmiş imtahanlar artıq yekunlaşmışdır. Müsahibə mərhələsinə növbəti həftə başlayacaqdır. Namizədlər qaydalara uyğun şəkildə ardıcıllıq əsasında müsahibə mərhələsinə dəvət ediləcəklər. Müsahibənin tarix və məkanı barədə məlumatlar namizədlərin şəxsi səhifələrinə göndəriləcək. Müsahibə nəticələrinin elanından sonra namizədlərin seçdikləri müvafiq vakant müəssisələrə təyinatı aparılacaq.
Qeyd edək ki, 150-dən çox məktəbə direktor təyin olunacaq.