“Ekspertiza başladığı andan dərsliklərin həm elektron versiyası, həm də çap nüsxələri Elm və Təhsil Nazirliyinin ekspertlərinə, Dövlət İmtahan Mərkəzinə və AMEA-nın institutlarına göndərilir. Eyni zamanda pedaqoji ixtisaslar üzrə tədris aparan universitetlər də bu prosesdə iştirak edir”.
AzEdu.az xəbər verir ki, Təhsil Tv-nin “Təhsil saatı” verilişində Təhsil İnstitutunun Tədris Resursları Mərkəzinin direktoru Zaur İsayev müəllimlərin dərsliklərin hazırlanmasında rəy verməsinin əhəmiyyətindən danışıb.
“Bizim üçün ən dərin və faydalı rəy verən ekspertlər Elm və Təhsil Nazirliyinin ekspertləridir. Onlar bu sahədə kifayət qədər təcrübəyə malikdirlər. Bununla yanaşı, Dövlət İmtahan Mərkəzi də rəy vermə prosesinə mühüm töhfələr verir. AMEA isə dərsliklərin elmi baxımdan təhlilinə cəlb olunur və olduqca maraqlı, dəyərli rəylər təqdim edir.
Sözün düzü, AMEA-nın bu prosesə daha yaxından cəlb olunmasına ehtiyac var. Çünki bir tərəfdən eyni nazirlik çərçivəsində işləyirik, digər tərəfdən isə orta məktəb gələcəkdə Elmlər Akademiyası üçün bir növ bazadır. Elm, yoxsa təhsil? Bu suala hələ də dəqiq cavab yoxdur. Amma hər iki sahə bir-birini tamamlayır. Bu günün məktəblisi sabahın alimidir. Ona görə də Elmlər Akademiyasının dərslik ekspertizası prosesində daha yaxından iştirakını gözləyirik”.