Azedu.az

Repetitorluğun qarşısını almaq üçün müəllimlərə yüksək maaş VERİLMƏLİDİR

Məktəblər

12 Fevral 2026, 09:10
Repetitorluğun qarşısını almaq üçün müəllimlərə yüksək maaş VERİLMƏLİDİR

Azərbaycan dərsliklərində istifadə olunan dilin həddindən artıq ağır və akademik olması şagirdlərin mövzunu sərbəst şəkildə mənimsəməsinə mane olur, onları müəllim və ya repetitor dəstəyindən asılı vəziyyətə salır.

Maraqlıdır, şagirdlərin mövzuları daha asan qavraması üçün yeni nəsil dərsliklərdə akademik ağırlıqdan daha çox nəyə üstünlük verilməlidir?

AzEdu.az-a mövzu ilə bağlı Füzuli rayonu Qarabağ kənd tam orta məktəbinin Azərbaycan dili və ədəbiyyat müəllimi, direktor, “İlin gənc müəllimi” Əlihüseyn Yaqubov fikirlərini bölüşüb.

Onun sözlərinə görə, dərs proqramı bəzən şagirdlər üçün ağır olur. Proqramlar daha çox akademik mövzuları əhatə etdikdə bu, uşaqların yüklənməsinə və dərslərə marağın azalmasına səbəb olur.

“Son bir-iki ildə çap olunan kitablar, xüsusilə Azərbaycan dili dərsliklərində mövzular şagirdlərin qavrayışı üçün daha əlçatan formaya salınıb. Lakin istənilən halda, yüklənmə problemi qalmaqdadır.

Bu problemi həll etmək üçün Azərbaycanda müzakirə olunan iş saatlarının uzadılması məsələsi olduqca vacibdir və düşünürəm ki, bu addım daha sürətlə həyata keçirilməlidir. Eyni zamanda, iş saatlarına uyğun yüksək əməkhaqqı təklif olunmalıdır ki, müəllimlər repetitorluğa meyl etməsinlər.

Repetitorluq fəaliyyəti əsasən həm şagirdlərin daha çox öyrənmək istəyi, həm də müəllimlərin daha çox qazanc əldə etmək arzusu ilə bağlıdır. Bu isə xüsusilə yuxarı siniflərdə məktəbin nüfuzuna müəyyən mənada təsir göstərə bilər. Çünki şagirdlər məktəbdənkənar məşğələlərə daha çox vaxt ayırırlar.

Problemin həllində vacib məqamlardan biri də dərs vəsaitlərinə, xüsusilə yuxarı sinif dərsliklərinə yenidən baxılmasıdır. Eyni zamanda, qəbul proqramına uyğun əlavə test vəsaitləri orta məktəblərdə təklif oluna bilər. Əgər əsas dərs vəsaitləri ödənişsiz təqdim edilirsə, əlavə vəsaitlər münasib qiymətlə ödənişli əsasda təqdim oluna bilər. Beləliklə, şagirdlər həmin materiallardan yararlanmaq imkanı əldə edərlər".

Repetitorluğu tamamilə aradan qaldırmaq real görünmür, lakin bu yükü məktəb daxilində tənzimləmək mümkündür.

“Şagirdlərin maraq dairəsinə baxdıqda, İKT dövründə yaşadığımızı və yorğun şagirdlərin diqqətini başqa istiqamətlərə yönəltməyə meyilli olduqlarını görürük. Buna görə də qeyd etdiyimiz məsələlər mütləq həllini tapmalıdır.

Repetitor fəaliyyətini tam dayandırmaq çətindir. Müəllim sərbəst vaxtında əlavə xidmət göstərir və bunun müqabilində ödəniş alır. Lakin bu prosesi daha effektiv şəkildə tənzimləmək mümkündür.

İnkişaf etmiş ölkələrin təcrübəsinə əsaslanaraq, dərsdən sonra şagirdlərin məktəbdə qalması, əlavə dərslərin məktəb daxilində təşkili, sabahkı mövzuların əvvəlcədən izah edilməsi, həmçinin əlavə təlimçilərin və müəllim köməkçilərinin məktəbə cəlb olunması yüklənməni azalda bilər".

HAZIRLIQ BİTDİ! İran belə VURULACAQ - Xəritə yayıldı
Son xəbərlərDaha çox