Elm və Təhsil Nazirliyinin və Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin əməkdaşlarının birgə iştirakı ilə görüş keçirilib.
AzEdu.az xəbər verir ki, Elm və Təhsil Nazirliyinin təşkilatçılığı ilə onlayn formatda keçirilən görüş Azərbaycan Prezidentinin 2025-ci il 30 yanvar tarixli, 456 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”nın icrası çərçivəsində təşkil olunub.
Görüş zamanı Dövlət Proqramının Tədbirlər Planında nəzərdə tutulmuş “Bakı şəhərində yerləşən təhsil müəssisələrinin fəaliyyətinin şəhərin nəqliyyat sıxlığına təsirinin qiymətləndirilməsi və müvafiq təkliflərin hazırlanması” ətraflı şəkildə müzakirə edilib.
Elm və Təhsil Nazirliyi tərəfindən sözügedən tədbir üzrə zəruri ilkin məlumatlar ötən ilin dekabr ayında toplanılıb, Bakı şəhərində yerləşən ümumi, peşə, orta ixtisas və ali təhsil müəssisələri üzrə dərs qrafikləri və digər aidiyyəti məlumatlar ümumiləşdirilərək Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə təqdim edilib. Təqdim olunmuş məlumatlar əsasında təhsil müəssisələrinin fəaliyyətinin şəhərin nəqliyyat hərəkətliliyinə mümkün təsirləri üzrə ilkin müzakirələr, mövcud vəziyyət və qarşıda duran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.