Azərbaycanda özəl məktəblər dövlət məktəblərindən fərqli olaraq ödənişli təhsil təqdim edən təhsil müəssisələridir. Bu məktəblərdə illik təhsil haqları bir sıra amillərdən asılı olaraq dəyişir və ölkə üzrə geniş diapazonla təyin olunur. Ödənişlər əsasən məktəbin proqramı, tədris dili, müəllim heyətinin səviyyəsi, əlavə xidmətlərin mövcudluğu və məktəbin prestiji ilə əlaqədardır.
AzEdu.az Azərbaycanda fəaliyyət göstərən özəl məktəb və liseylərin illik təhsil haqlarıyla bağlı araşdırma yazısı hazırlayıb.
Belə ki, özəl məktəblərdə illik təhsil haqları ən aşağı səviyyədə təxminən 2 500 manatdan başlayır və ən yüksək səviyyədə 50 000 manat və daha yuxarı rəqəmlərə qədər yüksələ bilir.
Bakı Atatürk Liseyində orta siniflər üzrə illik təhsil haqqı 2 500–4 500 manat arasındadır. Simurq Liseyində ibtidai siniflər üçün 2 625–5 250 manat, orta siniflər üçün isə 2 890–3 940 manat ödənilir. Western School-da illik təhsil haqqı 6 000 manat, Müasir İnnovasiyalar Liseyində ibtidai siniflər üzrə 6 000–7 000 manat, orta siniflər üçün 6 500–8 000 manat, tam orta təhsil üzrə isə 7 000–8 500 manat təşkil edir.
Landau School-da ibtidai siniflər üçün təhsil haqqı 6 300–8 700 manat, orta siniflər üçün isə 7 300–13 600 manat müəyyən olunub. Erudit Liseyində orta siniflər üzrə illik ödəniş 6 500 manat, Hədəf Liseyində ibtidai siniflər üçün 6 500–9 000 manat, orta siniflər üçün 5 000–9 000 manat tələb olunur. Yaşam Beynəlxalq Məktəbində ibtidai siniflər üzrə 6 560–7 250 manat, orta siniflər üçün 7 250–8 670 manat, tam orta təhsil üzrə isə 4 600 manat ödənilir.
Bakı Beynəlxalq Təhsil Kompleksində orta siniflər üçün illik təhsil haqqı 8 000–9 000 manat, Kaspi Liseyində isə ibtidai siniflər üzrə 8 350–9 000 manat, orta siniflər üçün 8 850–9 950 manat, tam orta təhsil üzrə isə 8 950–9 450 manat təşkil edir. Ada School-da ibtidai siniflər üçün 15 000 manat, tam orta təhsil üzrə isə 8 400–11 550 manat ödənilir. Bakı İstanbul Liseyində orta siniflər üçün illik təhsil haqqı 9 000–10 000 manat, Evrika Liseyində ibtidai siniflər üçün 9 000–10 500 manat, orta siniflər üçün isə 9 500–14 500 manat tələb olunur.
Beynəlxalq Maarif Məktəblərində ibtidai siniflər üçün 9 201–10 862 manat, orta siniflər üçün isə 10 357–12 307 manat, İdrak Liseyində ibtidai siniflər üçün 10 000–12 500 manat, orta siniflər üçün isə 10 500–16 500 manat ödənilir. Dünya Məktəbində ibtidai siniflər üçün 11 000–13 500 manat, orta siniflər üçün isə 11 500–17 500 manat təşkil edir. Avropa Azərbaycan Məktəbində ibtidai siniflər üçün 11 250 manat, orta siniflər üçün 13 250 manat, tam orta təhsil üzrə isə 16 150 manat tələb olunur.
XXI Əsr Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzində orta siniflər üçün illik ödəniş 12 000–14 500 manat, Britaniya Məktəbində isə 12 000–15 000 manat arasında dəyişir. Bakı Modern Təhsil Kompleksində qiymətlər 12 000–25 000 manat, Sabis Sun International School-da 14 400–15 900 manat, Sabah School-da 15 000 manat, Oxbridge Academy Baku-da 15 640–24 820 manat aralığında müəyyən edilib. Bakı Oxford Məktəbində təhsil haqları 17 000–20 500 manat, Müasir Təhsil Kompleksində 14 800–19 000 manat, Azərbaycan Britaniya Kollecində 20 000–22 000 manat səviyyəsindədir.
Siyahıdakı ən yüksək məbləğ isə Azərbaycan Beynəlxalq Məktəbinə (TISA) məxsusdur və 54 900 manat təşkil edir.
Azərbaycanda özəl məktəblərin təhsil haqları məktəbdən məktəbə və sinif səviyyəsinə görə geniş fərqlənir. Qiymət fərqləri əsasən məktəbin tədris proqramı, beynəlxalq səviyyədə akkreditasiya, müəllim heyətinin peşəkarlığı, əlavə xidmətlərin mövcudluğu və məktəbin prestiji ilə bağlıdır.Bu səbəbdən valideynlər məktəb seçərkən yalnız ödənişə deyil, həm də tədris keyfiyyətinə, proqramlara və əlavə imkanlara diqqət yetirməlidirlər. Özəl məktəblər valideynlər üçün daha geniş təhsil imkanları təqdim etsə də, onların xərcləri dövlət məktəblərinə nisbətən əhəmiyyətli dərəcədə yüksəkdir.