Bu gün “İdrak” liseyində 10-cu sinif şagirdinin müəllimini silahla vurması ilə nəticələnən faciəvi hadisə cəmiyyətimizdə dərin narahatlıq doğurmuşdur. Təhsil müəssisələrində təhlükəsizlik məsələlərinin yenidən nəzərdən keçirilməsi zərurəti gündəmə gəlib.
Təhsil müəssisələrində potensial risklərin vaxtında müəyyənləşdirilməsi üçün hansı nəzarət mexanizmləri tətbiq oluna bilər?
Mövzu ilə bağlı AzEdu.az-a açıqlama verən Milli Məclisin Elm və Təhsil Komitəsinin üzvü, deputat Ceyhun Məmmədov qeyd edib ki, baş verən bu hadisə bir daha göstərir ki, istər orta təhsil müəssisələri, istərsə də ali məktəblər təhlükəsizlik risklərindən tam şəkildə sığortalanmış hesab edilə bilməz:

"Doğrudur, son illər universitetlər və məktəblər təhlükəsizlik sistemlərinin gücləndirilməsi istiqamətində mühüm addımlar atır, nəzarət mexanizmlərini təkmilləşdirməyə çalışırlar. Lakin baş verən bu kimi hadisələr onu deməyə əsas verir ki, mövcud tədbirlər hələ də yetərli deyil və təhlükəsizlik məsələsinə daha sistemli, kompleks və proaktiv yanaşma tələb olunur.
Bugünkü hadisə, eləcə də bir neçə il əvvəl Azərbaycan Dövlət Neft və Sənaye Universitetində yaşanan faciəvi olay təhlükəsizlik məsələsinin təhsil mühitində nə qədər aktual və həyati əhəmiyyət daşıdığını bir daha nümayiş etdirir. Bu cür hadisələr yalnız ayrı-ayrı təhsil müəssisələrinin deyil, bütövlükdə cəmiyyətin diqqət mərkəzində olmalı, onların səbəbləri dərindən araşdırılmalı və təkrarlanmaması üçün institusional səviyyədə effektiv mexanizmlər formalaşdırılmalıdır".
Müasir dünya nizamında təhlükəsizlik artıq təkcə fiziki mühafizə ilə məhdudlaşmır:
"Bu anlayış psixoloji sabitlik, sosial rifah və sağlam ictimai münasibətləri də əhatə edir. Xüsusilə qloballaşma və rəqəmsallaşmanın sürətlə artdığı bir dövrdə gənclərin informasiya axınına nəzarətsiz şəkildə məruz qalması, sosial şəbəkələrin və müxtəlif rəqəmsal platformaların onların düşüncə tərzinə təsiri ciddi narahatlıq doğuran amillər sırasındadır.
Bəzi hallarda zorakılıq məzmunlu paylaşımlar, aqressiv davranış modelləri və destruktiv ideyalar yeniyetmələrin psixoloji durumuna mənfi təsir göstərərək riskli davranışların formalaşmasına zəmin yarada bilər. Eyni zamanda, ictimai münasibətlər sistemində müşahidə olunan gərginliklər, ailə və məktəb tərbiyəsi mexanizmlərində mövcud boşluqlar, psixoloji dəstək institutlarının yetərincə inkişaf etməməsi kimi faktorlar da bu problemi daha da aktuallaşdırır.
Gənclərin emosional vəziyyətinin vaxtında qiymətləndirilməsi, onların davranışlarında baş verən dəyişikliklərin erkən mərhələdə aşkarlanması və müvafiq profilaktik tədbirlərin görülməsi bu baxımdan xüsusi əhəmiyyət kəsb edir. Bu reallıqları nəzərə alaraq demək olar ki, təhlükəsizlik məsələsi yalnız inzibati nəzarət tədbirləri ilə həll edilə bilməz".
Deputat bildirib ki, məktəblərdə və universitetlərdə peşəkar psixoloji xidmətlər gücləndirilməlidir:
"Risk qruplarına daxil olan şagird və tələbələrlə fərdi işin təşkili, valideyn-məktəb əməkdaşlığının dərinləşdirilməsi, eləcə də təhlükəsizlik texnologiyalarının tətbiqi paralel şəkildə həyata keçirilməlidir. Bundan əlavə, təhsil müəssisələrində təhlükəsiz və sağlam sosial mühitin formalaşdırılması, qarşılıqlı hörmət və etimadın təşviqi də preventiv yanaşmanın əsas komponentlərindən biri olmalıdır.
Əks təqdirdə, bu istiqamətdə zəruri addımlar atılmadığı halda, gələcəkdə daha mürəkkəb və ağır nəticələr doğura biləcək problemlərlə qarşılaşmaq ehtimalı artır. Ona görə də təhlükəsizlik məsələsinə epizodik deyil, davamlı və strateji yanaşma sərgilənməli, mövcud çağırışlara uyğun olaraq yeni siyasətlər və praktik mexanizmlər hazırlanmalıdır. Bu isə yalnız təhsil mühitinin deyil, ümumilikdə cəmiyyətin sabitliyi və sağlam inkişafı üçün vacib şərtlərdən biridir".