Azedu.az

Bıçaqlanma, fiziki zorakılıq və mübahisələr: məktəblərdə baş verən İNSİDENTLƏR

Məktəblər

6 Fevral 2026, 13:12
Bıçaqlanma, fiziki zorakılıq və mübahisələr: məktəblərdə baş verən İNSİDENTLƏR

Azərbaycanda dərs zamanı baş verən şagird-müəllim insidentləri təəssüf ki, nadir deyil. Bu gün “İdrak” liseyində yaşanan silahlı hadisə də eyni tendensiyanı xatırladır.

Ötən illər ərzində müxtəlif orta məktəblərdə şagirdlərin müəllimlərə və həmyaşıdlarına qarşı törətdiyi ciddi insidentlər qeydə alınıb. Bəziləri bıçaq, bəziləri isə digər fiziki zorakılıq formasında olub.

Hazırda AzEdu.az həmin halları xatırladır və dərs zamanı təhlükəsizlik məsələlərinin nə qədər önəmli olduğunu bir daha göstərir.

Azərbaycan orta məktəblərində baş verən insident hadisələri müxtəlif illərdə qeydə alınıb.

2025-ci il mayın 2-də Bakının Səbail rayonunda yerləşən 239 nömrəli tam orta məktəbdə insident baş verib. Məktəbin 7-ci sinif şagirdi Y. Talıbov dərs zamanı sinif yoldaşı tərəfindən döyülüb. Nəticədə şagirdin qolu sınıb, sol biləyindən və sağ baldırından xəsarət alıb. Ona 15 saylı poliklinikada tibbi yardım göstərilib.

Məsələ ilə bağlı 239 nömrəli məktəbdən verilən məlumata görə, insident aprelin 30-da dərsdən əvvəl, saat 07:40 radələrində baş verib. Bildirilib ki, 7-ci sinfin iki şagirdi arasında münaqişə yaranıb, lakin şagirdlər bu barədə müəllimlərə və məktəb rəhbərliyinə məlumat verməyiblər.

2025-ci il iyunun 6-da Rəstəcə kənd tam orta məktəbin 9 -cı sinif şagirdi, 2009- cu il təvəllüdlü M. H. sinif yoldaşı Q.H. arasında mübahisə dava ilə nəticələnib. Belə ki, Q. H. M. H-ya bıçaqla xəsarətlər yetirib.

2024-cü il aprelin 1-də Bakı şəhəri 23 nömrəli tam orta məktəbdə tənəffüs zamanı şagirdlər arasında insident yaranıb.

2018-ci il iyunun 12-də Bakıda yerləşən 12 nömrəli Peşə Liseyində müəllimlə şagird arasında mübahisə baş verib. Hadisə liseyin 307 nömrəli qrupunda təhsil alan şagird Elvin Xəlilov ilə istehsalat-təlim ustası Oktay Allahverdiyev arasında yaşanıb.

Mübahisənin dərs zamanı şagirdlərin səs salması səbəbindən yarandığı bildirilir. Şagird Elvin Xəlilov iddia edib ki, mübahisə zamanı müəllim onu vurub. Oktay Allahverdiyev isə bildirib ki, dərs başlayan kimi şagirdlər nizam-intizamı pozub və o, yalnız şagirdə irad bildirib, fiziki təzyiq göstərməyib.Hadisə anlarını əks etdirən videogörüntü dərsdə olan digər şagirdlərdən biri tərəfindən çəkilərək yayılıb. Məlumata görə, video oktyabr ayının sonunda qeydə alınıb.

2015-ci il noyabrın 12-də Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən 106 saylı orta məktəbdə ciddi insident baş verib. Məktəbin 7 “c” sinfində əmək təlimi dərsi zamanı müəllim, Bakı sakini 1966-cı il təvəllüdlü Hidayət Qurbanova məxsus Türkiyə istehsalı olan “Kral Air Rifle” markalı pnevmatik tüfəngdən ehtiyatsızlıq nəticəsində atəş açılıb. Nəticədə 2003-cü il təvəllüdlü şagird Hacı Əliyev sinif yoldaşı Murad Nurzadəni sinəsindən yaralayıb. Yaralı şagird xəstəxanaya yerləşdirilib və həkimlərin səyi nəticəsində onun həyatını xilas etmək mümkün olub. Məktəb rəhbərliyi hadisənin bədbəxt hadisə olduğunu bildirib, araşdırma aparılıb və şagirdin yüngül xəsarət aldığı, həyatı üçün təhlükə olmadığı açıqlanıb.

2022-ci il aprelin 1-də Bakının Nardaran qəsəbəsində yerləşən 130 saylı orta məktəbdə insident qeydə alınıb. X sinif şagirdi, 2005-ci il təvəllüdlü M.K. xuliqanlıq zəminində müəllimi, 1985-ci il təvəllüdlü A.M.-ni döyərək ona xəsarət yetirib. Müəllim xəstəxanaya müraciət etməsə də, faktla bağlı araşdırma aparılıb. Bildirilib ki, insident şagirdin dərsə gecikməsi səbəbindən yaranan anlaşılmazlıq fonunda baş verib və sonradan valideyn məktəbə dəvət olunaraq müəllimdən üzr istənilib.

2022-ci il aprelin 19-da Gəncə şəhərində Bağmanlar küçəsində yerləşən Molla Pənah Vaqif adına 8 saylı orta məktəbdə 9-cu sinif şagirdi sinif yoldaşını bıçaqlayıb. 15 yaşlı Səbinə (şərti adlı) özü ilə gətirdiyi kəsici alətlə sinif yoldaşının boğaz nahiyəsinə xəsarət yetirərək hadisə yerindən qaçıb. Məktəb rəhbərliyi həmin şagirdin tez-tez münaqişə yaratmağa meyilli olduğunu bildirib. Hadisədən sonra zərərçəkən xəstəxanaya yerləşdirilib, polis və təhsil idarəsinin əməkdaşları məktəbə cəlb olunub.

2023-cü ilin mart ayında Bakı şəhərinin Yasamal rayonunda yerləşən 158 saylı tam orta məktəbdə insident baş verib. 9 və 11-ci sinif şagirdləri arasında yaranan mübahisə bıçaqlı qarşıdurma ilə nəticələnib. Hadisə zamanı məktəbin direktor müavini üz nahiyəsindən xəsarət alıb və tibbi yardıma ehtiyac yaranıb.

2023-cü il noyabrın 24-də 7-ci sinifdə təhsil alan 2 şagird arasında (müvafiq səbəblərə görə şagirdlərin adları qeyd olunmur) tənəffüs vaxtı mübahisə yaranıb.

Mübahisə zamanı şagirdlərdən biri əlindəki naməlum əşya ilə digər məktəblinin qarın nayihəsini cızıb.Məktəb rəhbərliyi tərəfindən dərhal məsələyə müdaxilə edilib. Xəsarət alan şagird məktəbin tibb işçisi tərəfindən yoxlanılıb və ciddi bir xəsarət aşkar olunmayıb.

2025-ci il aprelin 10-da Gəncə şəhərində M.Mehdizadə adına 4 nömrəli xarici dil təmayüllü məktəb-liseyində şagirdlərlə müəllim arasında insident yaşanıb. IX və X sinif şagirdlərinin tənəffüs zamanı uyğunsuz davranışlarına irad bildirən müəllimə fiziki təzyiq göstərilib. Nəticədə müəllim xəsarət alaraq tibbi yardıma müraciət edib. 

2025-ci ilin aprel ayında Ağstafa rayonunda yerləşən orta məktəblərdən birində VIII və IX sinif şagirdləri arasında yaranan mübahisə zamanı IX sinif şagirdi bıçaqla xəsarət alıb. Yaralıya tibbi yardım göstərilib, hadisə hüquq-mühafizə orqanları tərəfindən araşdırılıb.

2025-ci ilin may ayında Bakıda yerləşən 25 saylı tam orta məktəbdə şagirdlər arasında baş verən münaqişə insidentlə nəticələnib. Mübahisə zamanı şagirdlərdən biri digərinə yüngül xəsarət yetirib. Hadisəyə məktəb rəhbərliyi və aidiyyəti qurumlar müdaxilə edib.

2025-ci il iyunun 5-də Bakının Xətai rayonunda yerləşən 207 saylı tam orta məktəbdə “Son zəng” tədbiri üçün rəqs məşqinə gələn 11-ci sinif şagirdləri ilə məktəbin mühafizəçisi arasında mübahisə yaranıb. İddialara görə, şagirdlərdən biri mühafizəçinin üzərinə bıçaq çəkib.

Dünən b*ıçaqlanma, bugün g*üllələnmə - Ölkədə nə baş verir?!
Son xəbərlərDaha çox