Azedu.az

Azərbaycanda 12 illik təhsilə mərhələli şəkildə KEÇİLMƏLİDİR

Məktəblər

5 Fevral 2026, 11:34
Azərbaycanda 12 illik təhsilə mərhələli şəkildə KEÇİLMƏLİDİR

Tacikistan Respublikasının Təhsil və Elm Nazirliyi ölkədə 12 illik ümumi təhsil sisteminə mərhələli keçid üçün hazırlıq işlərinə başlayıb. Azərbaycanda isə son illərdə 12 illik təhsil modeli ilə bağlı bir sıra müzakirələr aparılır. Lakin hələlik bu istiqamətdə konkret qərar qəbul edilməyib.

Bəs,12 illik təhsil sistemi ölkəmizdə də tətbiq olunmalıdırmı? Bu modelin hansı üstünlükləri və mənfi cəhətləri ola bilər? Ümumiyyətlə, yaxın illərdə Azərbaycanda 12 illik təhsil sisteminə keçid mümkündürmü?

AzEdu.az-a mövzu ilə bağlı Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın katibi ingilis dili müəllimi Günay Əkbərova danışıb. 

177169

O, qeyd edib ki, 12 illik sistem düzgün tətbiq olunsa, proqram yüngülləşdirilə və şagirdlər daha rahat şəkildə inkişaf edə bilər:

"12 illik təhsil sistemi dünya təcrübəsində özünü doğrultmuş bir modeldir və Azərbaycanda da gec-tez bu məsələ daha ciddi şəkildə gündəmə gələcək. Çünki müasir dövrdə məktəb yalnız proqramı bitirən bir sistem deyil, şagirdi həyata hazırlayan, onda düşünmə, ünsiyyət, sosial və akademik bacarıqları formalaşdıran əsas platformadır. Bu baxımdan 12 illik sistemin tətbiqi prinsip etibarilə düzgün yanaşma ola bilər.

Dünya təcrübəsinə baxdıqda görürük ki, bir çox inkişaf etmiş ölkələrdə təhsil müddətinin daha uzun olması təsadüfi deyil. Bu, şagirdin mövzuları daha rahat mənimsəməsinə, proqramın mərhələli və daha balanslı şəkildə qurulmasına imkan yaradır. Azərbaycanda isə əsas problemlərdən biri proqramın həddindən artıq yüklü olmasıdır. Şagirdlər bəzən dərindən öyrənməkdən çox, mövzuları sadəcə çatdırmağa çalışırlar. Bu isə keyfiyyətə təsir edir. 12 illik sistem düzgün tətbiq olunsa, proqram yüngülləşdirilə və şagirdlər daha rahat şəkildə inkişaf edə bilər".

Bu model şagirdlərin peşə və ixtisas seçimi baxımından daha hazırlıqlı olmasına şərait yarada bilər:

"Çünki 9-cu sinifdən sonra bir çox şagird hələ öz gələcək istiqamətini dəqiq müəyyənləşdirə bilmir. 12 illik sistem çərçivəsində yuxarı siniflərdə profil təhsili, karyera yönümlü istiqamətlər və praktiki bacarıqların artırılması mümkün olar. Eyni zamanda beynəlxalq uyğunluq məsələsi də önəmlidir. Xaricdə təhsil almaq istəyən şagirdlər üçün 12 illik sistem sənəd tanınması və proqram uyğunluğu baxımından daha rahat imkanlar yaradır.
Burada bir vacib məqamı da xüsusi qeyd etmək lazımdır.

Onu da qeyd etməliyik ki, Azərbaycanda 5 yaşlı uşaqlar üçün məktəbəqədər hazırlıq mərhələsi tətbiq olunur. Bu mərhələ faktiki olaraq uşağın məktəbə adaptasiyasını təmin edən və ilkin bacarıqları formalaşdıran çox önəmli addımdır. Lakin hazırda bu hazırlıq mərhələsi ümumi təhsilin rəsmi illərinə daxil edilmədiyi üçün sistem hüquqi baxımdan yenə də 11 illik təhsil kimi qiymətləndirilir. Əgər gələcəkdə 12 illik təhsil sisteminə keçid müzakirə olunacaqsa, bu zaman məktəbəqədər hazırlığın statusu da yenidən nəzərdən keçirilməli, onun ümumi təhsilin bir hissəsi kimi rəsmiləşdirilməsi məsələsi daha dəqiq şəkildə müəyyənləşdirilməlidir.

Eyni zamanda səmimi şəkildə demək lazımdır ki, 12 illik təhsil modelinin tətbiqi yalnız üstünlüklərlə bitmir. Əgər bu sistem sadəcə formal olaraq tətbiq olunarsa və proqramın məzmunu, metodika, qiymətləndirmə mexanizmləri dəyişməz qalarsa, bu sadəcə bir il əlavə yük və əlavə stress demək olacaq. Çünki əsas məsələ təhsilin müddəti deyil, təhsilin keyfiyyətidir".

Yaxın 1-2 ildə Azərbaycanda tam şəkildə 12 illik sistemə keçid real görünmür:

"Bundan başqa, 12 illik sistemə keçid ciddi resurs tələb edir: müəllim hazırlığı, məktəblərin infrastrukturu, sinif otaqları, dərslik təminatı, maliyyə yükü və idarəetmə mexanizmləri. Bu sahələr paralel şəkildə gücləndirilməsə, keçid prosesində problemlər qaçılmaz olacaq. Eyni zamanda valideynlərin və cəmiyyətin yanaşması da nəzərə alınmalıdır. Çünki ictimaiyyət bunu “uşaqlar onsuz da yorulur, bir il də uzanacaq” kimi qəbul edə bilər. Ona görə də bu addım geniş izahla, mərhələli və əsaslandırılmış formada həyata keçirilməlidir.

Məncə, yaxın 1-2 ildə Azərbaycanda tam şəkildə 12 illik sistemə keçid real görünmür. Amma mərhələli keçid mümkündür. Bunun üçün əvvəlcə proqram yüngülləşdirilməli, məktəbəqədər hazırlıq daha keyfiyyətli təşkil olunmalı, yuxarı siniflərdə profil və bacarıq yönümlü təhsil gücləndirilməlidir. Yalnız bundan sonra 12 illik sistem cəmiyyət üçün həqiqətən faydalı nəticə verə bilər.

Ümumilikdə hesab edirəm ki, 12 illik təhsil sistemi Azərbaycanda tətbiq olunmalıdır, amma bu addım sadəcə təhsilin müddətini artırmaq üçün deyil, təhsilin mahiyyətini dəyişmək üçün atılmalıdır. Əgər düzgün planlaşdırılsa, bu model şagirdlərin inkişafına, təhsilin keyfiyyətinə və beynəlxalq uyğunluğa ciddi töhfə verə bilər. Əks halda isə sadəcə bir il əlavə olunacaq, amma gözlənilən nəticə dəyişməyəcək".

Səidə Bəkirqızıyla Akif Nağı üz-üzə - CANLIDA GƏRGİN ANLAR!
Son xəbərlərDaha çox