Gürcüstan Parlamenti "Ümumi təhsil haqqında" Qanuna edilən dəyişiklikləri üçüncü oxunuşda müzakirə edərək qəbul edib.
AzEdu.az Report-a istinadən xəbər verir ki, dəyişikliklər 85 lehinə, 10 əleyhinə səslə təsdiqlənib.
Qəbul edilən dəyişikliklərə əsasən, tam ümumi təhsilin müddəti 11 ildən az, 12 ildən çox olmamaqla müəyyən edilir.
Təhsil mərhələləri ibtidai (6 il), əsas (3 il) və orta (2 il + könüllü 1 il) pillələrə bölünür. İbtidai təhsilə başlamaq üçün yaş həddi 6 yaş olaraq müəyyən edilib.
Bundan əlavə, ümumi təhsil müəssisələri üçün dərsliklərin hazırlanması, çapı və məktəblərə pulsuz çatdırılması Təhsil, Elm və Gənclər Nazirliyi tərəfindən həyata keçiriləcək.
Dəyişikliklərə görə, ibtidai sinif şagirdləri üçün məktəbli forması məcburi olacaq, formanın nümunəsini nazirlik təsdiqləyəcək. Eyni zamanda, dövlət məktəblərində şagirdlərin mobil telefonlar da daxil olmaqla elektron rabitə vasitələrindən istifadəsi üçün ümumi qaydalar müəyyən ediləcək.